Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2282/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, “respondeat superior”, dəbbə pulunun azaldılması, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 532,55 manat əsas borc, 287 manat cərimə borcu və 300 manat (120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı) hüquqi yardım xərcinin, 40 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında ******* saylı xx.xx.2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri arasında 616,64 manat məbləğində spirtsiz içkilər cavabdehə təhvil verilmişdir, lakin hazırkı vəziyyətdə cavabdehin 532,55 manat ödənilməmiş borcu qalmışdır. 2.2. Adıçəkilən müqavilənin 6.2-ci bəndinə görə, ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə birtərəfli ləğv edilir, malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. Bundan başqa, müqavilədə nəzərdə tutulmuşdur ki, cavabdeh tərəfindən məhsulların faktura və tara dəyərinin nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödənilməlidir. 2.3. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin bu günə qədər qeyd olunan borc məbləği ödənilməmiş, buna görə iddiaçı pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 427, 442-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin elektron poçtu vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, mübahisə cavabdehin işçisi İlkin adlı şəxslə iddiaçının təmsilçisi Tural adlı şəxs arasında baş vermişdir. Belə ki, həmin iki şəxs arasında pul vermədən alqı-satqı gerçəkləşmiş, sonradan cavabdehin işçinin qaçması nəticəsində borc cavabdehdən tələb edilmişdir. Halbuki bütün alqı-satqı münasibətləri cavabdehin xəbəri və iştirakı olmadan baş vermişdir. Cavabdeh hal-hazırda səhhəti ilə bağlı xaricdə olsa da, borc məbləğinə etiraz edir, heç bir gəliri olmadığından borcu ödəyə bilməyəcəyini bildirir.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin birinci hazırlıq iclasında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və təmin olunmasını xahiş etdi.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, mediasiya işlərinin aparılmasına görə xidmət haqqının ödənilməsini təsdiq edən sənədləri yoxdur.
8. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış 05 iyun 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə görə satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür (1.1). Bu müqaviləyə əsasən satılan məhsulların adı satıcının istehsal etdiyi məhsulların adı ilə eynilik təşkil edir (2.1). Satıcı bu müqaviləyə əsasən faktura üzrə məhsulların verildiyi məqamda alıcının ona verdiyi sifariş nəzərə alınmaqla alıcıya məhsulları müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər (2.2). Bu müqaviləyə əsasən satılan məhsulların hər birinin miqdarı faktura ilə müəyyən edilir (2.3). Məhsulların keyfiyyəti qüvvədə olan standartlara və digər normativlərə uyğun olmalıdır (2.4). Bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiyməti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən olunur (3.1). Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya aranadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir (3.2). Satıcı öz mülahizələri əsasında və alıcının dövriyyə məbləğini nəzərə alaraq kredit limiti müəyyən edə bilər. Limitin azaldılması və ya artırılması satıcının müstəsna səlahiyyətidir (3.3). Məhsulların alqı-satqısı satış günü qüvvədə olan qiymət üzrə aparılır. Məhsulun qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur (3.4). Bu müqavilə üzrə alqı-satqı predmeti olan məhsulların dəyərinin ödənilməsi üçün alıcının verdiyi pul vəsaitləri onun satıcıya olan əvvəlki borclarının ödənilməsi hesabına qəbul ediləcəkdir (3.5). Alıcı tərəfindən məhsulların faktura ilə müəyyən olunmuş dəyəri köçürmə yolu ilə satıcıya ödənilərsə, alıcı bu barədə satıcını dərhal xəbərdar etməlidir (3.6). Alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd formada yalnız satıcının nümayəndəsindən mədaxil qəbzi (“təhsilat”) almaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır (3.7).
13. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən faktura ilə nəzərdə tutulmuş məhsullar aşağıdakı hallarda alıcı tərəfindən qəbul edilmiş (təhvil alınmış) sayılır: alıcının özü; alıcının etibarnamə (və ya etibarnamə xarakterli digər sənəd) əsasında səlahiyyət verdiyi digər şəxs; alıcının fəaliyyət göstərdiyi ərazidə (ünvanda) məhsulları qəbul etmiş digər şəxs; daha əvvəl məhsulları qəbul etmiş və alıcı tərəfindən əvvəl qəbul edilmiş bu təhvil-təslimə görə ödəniş edilmiş şəxs (bu halda sözügedən şəxsə səlahiyyət verilməsi alıcı tərəfindən tanınmış qəbuı edilir).
14. Məhkəməyə təqdim edilən təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2022-ci il tarixli HBN/7 87664900 seriya və nömrəli malların təhvil-qəbul aktı ilə (həmin aktların “digər alış sənədləri” qrafasında son ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmişdir) cəmi ƏDV daxil 87,34 manat, xx.xx.2022-ci il tarixli HBN/7 875112 seriya və nömrəli malların təhvil-qəbul aktı ilə (həmin aktların “digər alış sənədləri” qrafasında son ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmişdir) cəmi ƏDV daxil 157,6 manat, xx.xx.2022-ci il tarixli HBN/7 872499 seriya və nömrəli malların təhvil-qəbul aktı ilə (həmin aktların “digər alış sənədləri” qrafasında son ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmişdir) cəmi ƏDV daxil 118,96 manat, xx.xx.2022-ci il tarixli HBN/7 875587 seriya və nömrəli malların təhvil-qəbul aktı ilə (həmin aktların “digər alış sənədləri” qrafasında son ödəmə tarixi olaraq xx.xx.2022-ci il göstərilmişdir) cəmi ƏDV daxil 252,74 manat olmaqla ümumilikdə 616,64 manat dəyərində mal ünvan 2 ünvanında Məhərrəmov İlkin adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir.
15. İş materiallarına əlavə edilən elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCB 889292 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 87,34 manat, xx.xx.2022-ci il tarixli EBCC 297159 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 157,6 manat, xx.xx.2022-ci il tarixli EBCD 098998 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 118,96 manat, xx.xx.2022-ci il tarixli EBCD 647537 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 252,74 manat olmaqla ümumilikdə 616,64 manat məbləğində malın cavabdehə təqdim edilməsi üçün rəsmiləşdirilmişdir.
16. Məhkəməyə təqdim edilən 15 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, ********** nömrəli müştəri koduna malik Cavabdeh ilə mal dövriyyəsinin ümumi məbləği 8371,78 manat olmuş, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli fakturalar əsasında borc yaranmış, həmin borc üzrə xx.xx.2022-ci il tarixdə 84,09 manat ödəniş edilmiş, qalıq borc məbləği 532,55 manat təşkil edir.
17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 05 iyun 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri və çayları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində faktura və ya mədaxil qəbzi ilə müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli malların təhvilqəbul aktları əsasında cavabdehə ümumilikdə 616,64 manat məbləğində müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkilər və çaylar təhvil vermiş, bununla bağlı elektron qaimələr cavabdehə təqdim edilmişdir.
18. İddiaçı alqı-satqı müqaviləsi üzrə 4 faktura əsasında verilmiş malların dəyərindən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 84,09 manat ödəniş edildiyini bildirir və malların qalıq dəyəri olan 532,55 manat pulun cavabdehdən tutulmasını tələb edir.
19. Cavabdeh iddiaya etiraz edərək, İlkin adlı işçisi tərəfindən malların qəbul edildiyini, daha sonra həmin işçinin qaçdığını və alqı-satqıdan xəbərdar olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
20. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
25. Cavabdeh işçisi tərəfindən onun xəbəri olmadan malların qəbul edildiyini bildirsə də, nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu mənada sahibkarlıq fəaliyyət subyektləri olan fərdi sahibkarlar mülki hüquq münasibətlərində digər fiziki şəxslərdən fərqli olaraq peşəkar qaydada iştirak edirlər. Bu zaman onlar üçün hüquq və vəzifələr həmçinin işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).
26. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
27. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
28. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.
29. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. Başqa sözlə, cavabdeh iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.
30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaya etirazı əsassız olmuşdur.
31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi ilə alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışının mümkünlüyünün şərtləndirildiyi və malların təhvil-qəbul aktlarında son ödəmə tarixlərin daha gec müəyyənləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
32. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 05 iyun 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 532,55 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
40. İddia ərizəsində iddiaçı həmçinin 287 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
41. 06 iyun 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən, alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0,1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2% miqdarında dəbbə pulu ödəməlidir.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 05 iyun 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə malların son ödəmə tarixi müvafiq olaraq xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində başa çatdığı və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 30 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 30 manat məbləğində cərimə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
48. İddiaçı həmçinin 120 vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı olmaqla 300 manat hüquqi yardım xərcinin, 40 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
49. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/18-2023-00898 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh sessiyada iştirak etməmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
50. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
51. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
52. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin iyun ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də həmin hissədə xərc iddiaçıya aid edilməlidir.
53. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 242 nömrəli müqavilə üzrə 120 manat məbləğində pul vəkil bürosuna ödənilmişdir (0385018 nömrəli orderdə əks olunmuş müqavilə).
54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
56. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
58. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
59. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin qismən təmin edildiyini və hüquqi yardım xərcinin ağlabatan olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 120 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı) ilə Cavabdeh arasında 05 iyun 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 532 (beş yüz otuz iki) manat 55 (əlli beş) qəpik əsas borc və 30 (otuz) manat cərimə olmaqla ümumilikdə 562 (beş yüz altmış iki) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova