Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2283/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı firmasının cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı firmasının cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının xeyrinə 31/f nömrəli, xx xxx 2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 7260 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 619 manat pulun, 38478 manat məbləğində hesablanmış cərimənin, dövlət rüsumu kimi ödənilmiş 30 manat və hüquqi xidmətə görə ödənilmiş 210 manat pulun İddiaçı firmasının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması (VÖEN**********) xx xxxx 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 33042 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İddiaçı firması (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 31/f nömrəli, xx xxx 2018- ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə taxta və fanera (bundan sonra malı) Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 1 %-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim (qaimə faktura) tərtib edilir və orada malın adı, nominal, diametr, cəmi miqdarının qiyməti göstərilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 ay ərzində həyata keçməlidir. Müqavilə Satıcı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında imzalanmış 415597 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimə əsasında Alıcıya təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə Alıcı tərəfindən təsdiq edilmişdir. Alıcı tərəfindən təhvil verilmiş malların dəyərindən yalnız 6000 manat pul və onun ƏDV-si ödənilmişdir. Qalan məbləğ, yəni 7260 manat və müqaviləyə əsasən əlavə geciktirilən günlərə görə əlavə 1% nəzərə alınaraq 38478 (otuz səkkiz min dprd yüz yetmiş səkkiz) hal-hazıradək Cavabdeh MMC tərəfindən İddiaçı firmasına ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixli pretenziya məktubu göndərilərək 45738 manat borcun ödənilməsi tələb edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, 7260 x 1% x 741 gün = 38478 manat da dəbbə pulu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh MMCbu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Əlavə olaraq qeyd edilir ki, məhkəməyə müraciət etmək üçün hüquqi xidmətə ehtiyac yaranmış və hüquqi xidmətlərin göstərilməsi üçün 210 manat ödəniş etmişdir. AR MPM-nin 121.1-ci maddəsi rəhbər tutularaq hüquqi xidmət üçün ödənilmiş 210 manat pul məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: xx xxx 2018-ci il tarixdə İddiaçı firması (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 31/f nömrəli, alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə taxta və fanera (bundan sonra malı) Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 1 %-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim (qaimə-faktura) tərtib edilir və orada malın adı, nominal, diametr, cəmi miqdarının qiyməti göstərilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 ay ərzində həyata keçməlidir. xx.xx.2018-ci il tarixli Hesab fakturaya əsasən İddiaçı firması tərəfindən cavabdeh “xxxx” MMC-yə ümumilikdə 15647,74 AZN məbləğində 1 adda (taxta 500mm x100 mm x6000 mm) mal satılmış və İddiaçı firmasının direktoru H.M.Mahmudov tərəfidən imzalanmaqla və müəssisənin möhürü vurulmaqla təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh “xxxx” MMC-yə ümumilikdə 15647,74 AZN məbləğində 1 adda (taxta 500mm x 100 mm x 6000 mm) mal satılmış və İddiaçı firmasının direktoru H.M.Mahmudov tərəfidən imzalanmaqla və müəssisənin möhürü vurulmaqla təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli hesabdan çıxarışa əsasən alıcı tərəfindən təhvil verilmiş malların dəyərindən 6000 manat pul və onun ƏDV-si ödənilmişdir. İddiaçı firması xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla “xxxx” MMC-yə müraciət edərək, müqavilənin şərtlərinə əsasən geciktirilən hər gün üçün 1% miqdarında dəbbə pulu ödənilməli olduğunu, həmçinin bu dövrdən bir il alti ay keçməsinə baxmayaraq verilmiş malların dəyəri ödənilmədiyi üçün vurulmuş ziyan 45738 (qırx beç min yeddi yüz otuz səkkiz) manat təşkil etdiyi bildirilmiş və 10 gün müddətində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 7260 AZN məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 7260 AZN əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun gecikdirilməsinə görə 38478 AZN cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC-nin öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin xüsusatlarını nəzərə alaraq hesab edir ki, hüquqi xidmətin göstərilməsinə görə 210 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “xxxx” MMC-dən xx xxx 2018-ci il tarixli 31/f nömrəli alqı-satqı müqaviləsi üzrə 7260 manat əsas borc və 384 manat cərimə məbləği, 210 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumu tutularaq İddiaçı firmasının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-dən 7260 (yeddi min iki yüz altmış) manat əsas borc üzrə , 384 (uç yüz səksən dörd ) manat cərimə məbləği , hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı firmasının hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2283/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2283/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver