Məhkəmə qərarları › İş №e-2-2(113)-229/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-229/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-229/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə, dispozitivlik prinsipi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8584 ABŞ dolları və 4992 ABŞ dolları olmaqla, cəmi 13576 ABŞ dolları pulun, vəkilə göstərdiyi yardıma görə ödənilən 1000 manat xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı üçün xarici ölkədən nəqliyyat vasitəsləri gətirmək zərurəti ilə əlaqədar xx.xx.2021-ci il tarixdə cavabdeh ilə nəqliyyat vasitəsi gətirməyi qərara almış, iddiaçının rəsmi nümayəndəsi müqavilə bağlamaq üçün cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski, 49 ünvanında yerləşən ofisinə yaxınlaşıb, müqavilə bağlamışdır. Bundan sonra iki gün ərzində avtomobillər cavabdeh tərəfindən “Copart” auksionundan alınmış və xx.xx.2021-ci il tarixində avtomobillərin dəyəri olan 8554 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə köçürülmüşdür. İddiaçı cavabdehin əməkdaşı Səbinə Mustafayeva və Tahir bəylə mütəmadi əlaqə saxlamış, tələb olunan bütün ödənişləri icra etmişdir. Avtomobillərin Gürcüstan Respublikası ərazisinə daxil olduğu və oradakı dayanacaqda saxlanıldığı bildirildikdən sonra 4992 ABŞ dolları iddiaçı tərəfindən ödənilmişdir. Nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisinə daxil olduqdan sonra cavabdeh iddiaçıya bildirmişdir ki, gömrük orqanlarına müraciət edərək nəqliyyat vasitələrini qəbul edə bilər. Lakin gömrük orqanları iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, nəqliyyat vasitələri iddiaçı adından sifariş edilmədiyi üçün rəsmiləşdirilmə aparılması mümkün deyil. Beləliklə, tərəflər arasında müqavilə bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı (nəqliyyat vasitəsi sifariş edən) cavabdehə (nəqliyyat vasitəsini alan və gətirən) xarici ölkədən nəqliyyat vasitəsinin alınması və Azərbaycan Respublikası ərazisinə gətirilməsi üçün fərqli tarixlərdə 8554 ABŞ dolları və 4992 ABŞ dolları pul köçürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi nəticəsində nəqliyyat vasitələri iddiaçının adına sifariş edilmədiyi üçün Azərbaycan Respublikası ərazisində gömrük orqanlarından həmin nəqliyyat vasitələrinin təhvil alınması mümkün olmamışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçı xaricdən nəqliyyat vasitəsi sifariş etməklə ölkəyə gətirilməsi üçün cavabadehin nümayəndələrinə müraciət etmiş və tərəflər arasında alqı-satqı müqavilələri bağlanmışdır. Tərəflər razılığa gəlmişlər ki, 3 nəqliyyat vasitəsi hərracdan alınaraq Gürcüstana, oradan da Bakıya gətiriləcəkdir. Bu razılaşma əsasında müvafiq pul məbləği ödənmiş, lakin nəqliyyat vasitələri iddiaçının yox, onun qanuni təmsilçisinin adına gətirilmişdir. Bu isə həmin nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir. Rəsmiləşdirilmə aparılması üçün həmin iki nəqliyyat vasitəsi Gürcüstana qaytarılmalı, sənədləşmə işləri yenidən aparılmalı və bu dəfə həmin avtomobillər hüquqi şəxsin adına göndərilməlidir. Bundan sonra cavabdehlə danışıqlar aparılmış, sonuncu təklif avtomobillərin geri qaytarılma xərclərinin bərabər bölüşdürülməsi olmuşdur. Lakin iddiaçı hesab edir ki, bu təklif qəbul edilə bilməz, çünki mövcud problem məhz cavabdehin təqsiri – yol verdiyi texniki səhv nəticəsində yaranmışdır. Belə olan halda, iddiaçı ödənilmiş pul geri tələb edir.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçı tərəf bildirmişdir ki, alqı-satqı müqaviləsi məhz Cavabdeh MMC-nin Nərimanov rayonundakı ünvanında bağlanmış, cavabdehin direktoru gürcü olmuş, buna görə də iddiaçının qanuni təmsilçisi Cavabdeh MMC-ni “X3” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi hesab etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı ilə müqavilə tamamilə başqa bir şirkət - “X3” şirkəti arasında bağlanmışdır. Hazırkı işdə isə cavabdeh qismində Cavabdeh MMC seçilmişdir. Sonuncu isə birincinin nümayəndəlik və ya filialı olmayıb, müstəqil hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Həmçinin iddiaçının cavabdehlə heç bir hüquq münasibəti yoxdur, müqavilələrin qiyməti də cavabdehin hesablarına köçürülməyib, məhz “X3” şirkətinin Gürcüstandakı bank hesabına köçürülmüşdür.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili vurğulamışdır ki, cavabdeh ilə “X3” şirkəti arasında marketinq müqaviləsi mövcuddur və həmin müqaviləyə əsasən cavabdeh qeyd edilən şirkətə marketinq xidməti göstərir, müştəri cəlb etməyə çalışır. Lakin cavabdeh “X3” MMC-nin sahibkarlıq fəaliyyəti üçün məsuliyyət daşımır. Həmçinin hazırkı iş üzrə iddiaçı hüquqi şəxsdir, hüquqi şəxs fiziki şəxsdən fərqli olaraq təşkilatlanmış - mütəşəkkil formada fəaliyyət göstərir. Bu isə onun əslində müqaviləni cavabdehlə bağladığı arqumentləri ilə uyğun gəlmir. Belə ki, iddiaçı ilə “X3” şirkəti arasında müqavilə azərbaycanca və ingiliscə bağlanmış və müqavilədə cavabdehin yox, məhz “X3” şirkətinin adı yazılmış, möhürü vurulmuş, pul da məhz “X3” şirkətinin Gürcüstandakı bank hesabına köçürülmüşdür.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqavilələri üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alqı-satqı müqaviləsindən yaranan hazırkı mübahisə üzrə sübutetmə predmetinə ilk növbədə iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətinin yaranıb-yaranmadığının müəyyən edilməsi daxildir.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə “X3” Şirkəti arasında bağlanmış və hər iki hüquqi şəxsin möhürü və direktorlarının imzası ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2010 nömrəli eyni məzmunlu üç alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, satıcı (“X3” Şirkəti) müvafiq olaraq 1-i 2010-cu il, digər ikisi isə 2011-ci il buraxılışı olmaqla 3 ədəd “Toyota Prius” markalı nəqliyyat vasitəsini satır, alıcı (iddiaçı) isə alır.

13. Həmin müqavilələrinin 2.1-ci bəndindən görünür ki, müqavilələrinin ümumi dəyəri CFR Poti (Gürcüstan) şərtləri ilə müvafiq olaraq 2998 USD, 3198 USD və 2388 USD təşkil edir.

14. Məhkəməyə təqdim edilən 679266/00369 nömrəli ödəniş tapşırığından görünür ki, 8584 ABŞ dolları məbləğində pulun “X3” Şirkətinin müvafiq hesabına köçürülməsi barədə banka tapşırıq verilmişdir.

15. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə “X3” Şirkəti arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibəti yaranmış, “X3” Şirkəti üç nəqliyyat vasitəsini satmağı, iddiaçı isə həmin nəqliyyat vasitələrinin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq iddiaçı razılaşdırılmış müqavilənin dəyərini “X3” Şirkətinin bank hesabına köçürmüşdür.

16. Məhkəmə bildirir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

17. Qeyd edilməlidir ki, iddiaçının adıçəkilən alqı-satqı müqavilələrindən irəli gələn subyektiv hüququ məhz “X3” Şirkətinə münasibətdə mövcuddur və iddiaçının “X3” Şirkəti ilə bağladığı alqı-satqı müqaviləsindən irəli gələn tələblərinə cavab verməli olan şəxs Cavabdeh MMC deyildir və ona münasibətdə iddiaçı istinad etdiyi alqı-satqı müqaviləsi üzrə subyektiv hüquqa malik deyildir. Belə ki, Mülki Məcəllənin 387.3-cü maddəsində göstərilmişdir ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Deməli, əşya hüquqlarının mütləqliyi, öhdəlik hüququ üçün xarakterik deyildir. Öhdəlikdən irəli gələn hüquqlar nisbi olmaqla hər kəsə qarşı deyil, yalnız onun iştirakçılarına qarşı irəli sürülə bilər.

18. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

19. İddiaçı ilə “X3” Şirkəti arasında alqı-satqı müqavilələri bağlandığı, həmin müqaviləyə uyğun olaraq razılaşdırılmış məbləğin məhz sonuncunun bank hesabına köçürüldüyü və həmin müqavilə qüvvədə olduğu halda, eyni zamanda Cavabdeh MMCnin ayrıca hüquqi şəxs olması onun dövlət qeydiyyatına alınması, ona vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi verilməsi və kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi ilə təsdiq olunduğu halda adıçəkilən alqı-satqı müqavilələrinin Cavabdeh MMC ilə bağlanması barədə iddiaçının arqumentlərini məhkəmə əsassız hesab edir.

20. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaya cavab verməli olan şəxsi müəyyən etmək iddiaçının müstəsna hüququdur və bu hüquq mülki prosesdə dispozitivlik prinsipi ilə şərtlənir. Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının razılığı olmadan əsl olmayan cavabdehi əvəz etmək yolverilməzdir və məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

21. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi rədd edilməlidir.

b) Hüquqi yardım haqqının və dövlət rüsumunun əvəzinin ödənilməsi tələbinə dair

22. İddia ərizəsində iddiaçı hüquqlarının bərpası üçün vəkil xərci olaraq ödənilmiş 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından ********* nömrəli qəbzlə 63 manat iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

24. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/4- 01844 nömrəli arayışdan görünür ki, mediasiya xərcinin məbləği 100 manat olmaqla iddiaçının qanuni təmsilçisi tərəfindən ödənilmişdir.

25. İddiaçı vəkil xərci olaraq 1000 manat məbləğində pul vəsaitinin ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

26. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

28. Məhkəmə qeyd edir ki, bütün növ kommersiya mübahisələri üçün ilkin mediaisya sessiyasında iştirak zəruri olduğundan, ödənilmiş ilkin mediasiya haqqı da işə baxılması ilə əlaqədar olan məsrəf kimi məhkəmə xərci hesab olunmalıdır.

29. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Beləliklə, iddia tələbi rədd edildiyindən və hüquqi yardım haqqına münasibətdə həmçinin qeyd olunan məbləğ müvafiq sübutlarla təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir və vəkil xərci olaraq ödənilmiş 1000 manat və dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pulun cavabdehdən tutulması tələbi təmin edilə bilməz.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar