Məhkəmə qərarları › İş №e-2-2(113)-2294/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2294/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2294/2022 16.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə “Holcim (Azərbaycan)” ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində bağlanmış O000857617 saylı alqı-satqı müqaviləsi üzrə 19516.3 (on doqquz min beş yüz on altımanat otuz qəpik) manat məbləğində əsas borcun, 4928.6 (dörd min doqquz yüz iyirmi səkkiz manat altmış qəpik) manat cərimə məbləğinin və ilkin mediasiya prosesi üçün ödənilmiş 200 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı “Holcim (Azərbaycan)” ASC arasında O000857617 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullar cavabdehə göndərilmiş, lakin cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 19.516,3 (on doqquz min beş yüz on altı manat otuz qəpik) manat indiyədək ödənilməmiş qalmışdır. Cavabdehlə xx.xx.2020-ci il tarixində bağlanılmış O000857617 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 4928.6 (dörd min doqquz yüz iyirmi səkkiz manat altmış qəpik) manat təşkil edir. xx.xx.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin xx.xx.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görəcəyini bildirilmişdir. İddia tələbi iddia ərizəsinə əlavə edilən alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar, yük-nəqliyyat qaimələri, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Cavabehə göndərilmiş elektron qaimə-fakturalar təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələrini imzalayıb möhürləmişdir. xx.xx.2021-ci il tarixli üzləşmə aktında cavabdeh iddiaçıya 19516.3 manat borcunun olduğunu təsdiq etmişdir İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı” “Holcim (Azərbaycan)” ASC, "xxxx" MMC “alıcı” olmaqla imzalanmış O000857617 saylı xx.xx.2020-ci il tarixli, alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 3-cü maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü “alıcı”ya satmağı, “alıcı” isə malı alır və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 8.2-ci bəndə əsasən ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək “alıcının” öhdəliyi kimi müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əlavədən müəyyən olunur ki, 10 dekabr 2020-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinə kimi məhsullara qiymətlər tərəflər arasında razılaşdırılmışdır. 31 oktyabr 2021-ci il tarixində tərtib edilmiş üzləşmə aktında "xxxx" MMC-nin “Holcim (Azərbaycan)” ASC-yə xx.xx.2021-ci il tarixinə olan ümumi borc məbləği 19.516,37 manat qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən “Holcim (Azərbaycan)” ASC tərəfindən Bakı 4 X1 bank hesabına 200 manat köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC ilə cavabdeh "xxxx" MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, “Holcim (Azərbaycan)” ASC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, "xxxx" MMC isə müqavilə üzrə öhdəliyini pozaraq, göndərilən məhsulların dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borc məbləği hissəsində təmin olunmalı, xx.xx.2020-ci il tarixli O000857617 saylı müqavilə üzrə 19.516,3 manat "xxxx" MMC-dən “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin 7.2-ci bəndi üzrə də, 4.928,6 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddia qeyd olunan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə 1952 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixində bağlanmış O000857617 saylı alqı-satqı müqaviləsi üzrə 19516.3 (on doqquz min beş yüz on altı manat otuz qəpik) manat əsas borc, 1952 (bir min doqquz əlli iki) manat cərimə məbləği və ilkin mediasiya prosesi üçün ödənilmiş 200 manat “Holcim (Azərbaycan)” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar