Məhkəmə qərarları › İş №e-2-2(113)-2295/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2295/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2295/2020 28.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 22575,04 manat məbləğində borcun, 2000 manat məbləğində cərimənin, ümumilikdə 24575,04 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 22575,04 manat məbləğində borcun, 2000 manat məbləğində cərimənin, ümumilikdə 24575,04 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, M904-00341 saylı “Məhsulların alqı-satqı müqaviləsi”nə əsasən iddiaçıdan xx xxxx 2017-ci il tarixindən xx xxxx 2018-ci il tarixinədək nisyə götürdüyü “amerlander qouda”, “amerlander edam” pendirləri və kərə yağları üzrə cavabdehin 22575,04 manat məbləğində borcu yaranmışdır. Ərzaq məhsullarının alınmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borc cavabdeh tərəfindən indiyədək ödənilməmişdir. Cavabdeh xx xxxxx 2018-ci il tarixli 22, 23 saylı Üzləşmə Aktları və xx xxxxx 2018-ci il tarixli 30 saylı Üzləşmə Aktında həqiqətən iddiaçıya 22575,04 manat məbləğində borcunun olduğunu öz imzasi ilə təsdiq etmişdir. Borc cavabdeh tərəfindən təsdiq edildikdən sonra dəfələrlə müraciət etdilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdehin iddiaçıya olan 22575,04 manat məbləğində borcunu hələ də ödəməmişdir. İddiaçının satmış olduğu “amerlander qouda”, “amerlander edam” pendirləri və kərə yağı məhsullarının müqabilində ödəniş edilməmiş, iddiaçıya vəsait daxil olmamışdır. Bunun nəticəsində iddiaçı dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Buna uyğun olaraq cavabdehin iddiaçıya 22575,04 manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 2000 manat məbləğində dəbbə pulunun tutulması məqsədəuyğundur. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət olunaraq cavabdehə son olaraq xx.xx.2020-ci il tarixində Xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq məktubu xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən imzalanaraq qəbul edilsə də, cavabdeh tərəfindən indiyədək heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi uçota alınaraq, ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. xx.xx.2017-ci il tarixli, M904-00341 saylı “Məhsulların alqı-satqı müqaviləsi”ndən görünür ki, iddiaçı özünün istehsal etdiyi və ya satmaq üçün aldığı müxtəlif çeşidli məhsulları cavabdehə satmağı, cavabdeh isə məhsulları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2018-ci il tarixli 22, 23 saylı və xx xxxxx 2018-ci il tarixli 30 saylı Üzləşmə Aktlarından görünür ki, cavabdehin iddiaçıya 13214,92 manat, 4492 manat və 6868,12 manat olmaqla, ümumilikdə 24575,04 manat məbləğində borcu vardır, cavabdeh bu borcdan xx.xx.2018-ci il tarixdə 1000 manat və xx.xx.2018-ci il tarixində 1000 manat olmaqla cəmi 2000 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, M904-00341 saylı “Məhsulların alqı-satqı müqaviləsi” bağlanmış və müqaviləyə əsasən iddiaçı özünün istehsal etdiyi və ya satmaq üçün aldığı müxtəlif çeşidli məhsulları cavabdehə satmağı, cavabdeh isə məhsulları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 13214,92 manat, 4492 manat və 6868,12 manat olmaqla, ümumilikdə 24575,04 manat məbləğində borcu olmuş, cavabdeh həmin borcdan xx.xx.2018-ci il tarixdə 1000 manat və xx.xx.2018-ci il tarixində 1000 manat olmaqla cəmi 2000 manat ödəniş etmiş və hazırda cavabdehin iddiaçıya olan borcu 22575,04 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 22575,04 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 5.5-ci bəndinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 2000 manat dəbbə pulu məbləği yaranmış 22575,04 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 22575,04 manat məbləğində borc, 1000 manat məbləğində cərimə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (23575,04 manat) iddia tələbinin (24575,04 manat) 95,93 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,78 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,22 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 22575,04 manat məbləğində borc, 1000 manat məbləğində cərimə tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,78 manat məbləği Cavabdeh tutularaq İddiaçınə ödənilsin, qalan 1,22 manat məbləği isə İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar