Məhkəmə qərarları › İş №e-2-2(113)-2295/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2295/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2295/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 499- GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 7060 manat gecikdirilmiş borcun və hesablanmış 9536,72 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat cəmi: 17096,72 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilə üzrə 7060 manat gecikdirilmiş borcu və hesablanmış 9536,72 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 465.2, 747.1-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iş məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilə üzrə hər hansı məhkəmə aktı mövcud deyildir. Belə ki, cavabdeh şifahi qaydada məhkəməyə yalnış məlumat verərək bu müqavilə üzrə yekun qərarın olduğunu bildirmişdir, lakin bu qərar üzrə mübahisələndirilən münasibətlər başqa bir müqavilə üzrədir. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qobustan Rayon Məhkəməsinin qətnaməsində xx.xx.2023-cü il tarixli müqaviləyə istinad olunub hansı ki, həmin müqavilə də ləğv edilmişdir. Qətnamə ilə ləğv edilib məbləğ tutulub və müqavilə ləğv edilmişdir. Avadanlıq geri qaytarılmalı idi, lakin qaytarılmamışdır. Bundan 1 il sonra da onlar xx.xx.2019-cu ildə bu müqaviləni bağlamışlar, güzəşt tətbiq edilmişdir. Hətta güzəştdən sonrakı qalıq məbləğ də cədvəl şəklində göstərilmiş kifayət qədər başa düşülən, açıq şəkildə ifadə edilmişdir. Bu müqavilə hazırda qüvvədədir və ödəniş tapşırığından da göründüyü kimi müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən 3000 manat ödəniş edilmişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh arasında imzalanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 10060 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tədbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq alan Texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki kənd təsərrüfatı texnikasına güzəşt tədbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2018-ci il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli lizinq müqaviləsinin (Əlavə № 1) ödəniş qrafikindən məlum olur ki, xx.xx.2019-cu il tarixdən başlamaqla aylıq ödəniş 526 manat olaraq (ilk ödəniş 592 manat) xx.xx.2022-ci il tarixi sonuncu ödəniş günü kimi razılaşdırılmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 25 dekabr 2013-cü il tarixli aktdan məlum olur ki, Belarus-892 markalı, şassi nömrəsi: 004065 olan Traktor, AG- 14-4 markalı, şassi nömrəsi:130548 olan Kotan Cavabdeh təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli 2021/Ü saylı əmrdə qeyd edilmişdir ki, Qobustan rayonu, Poladlı kənd sakini Cavabdeh ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 1210-L/13 nömrəli lizinq müqaviləsinə xitam verilsin, xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqaviləyə əsasən Lizinq obyekti olan 1 ədəd Belarus-892 markalı traktor və 1 ədəd AG-14-4 markalı kotan texnikasına güzəşt tədbiq edildikdən sonra qalıq dəyəri ilə (10060 manat) lizinqə verilməsi rəsmiləşdirilsin. xx.xx.2024-cü il tarixli sonuncu maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilə üzrə Cavabdeh 7060 manat gecikdirilmiş borcu, 9536,72 manat hesablanmış cəriməsi mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh göndərilmiş 13 dekabr 2024-cü il tarixli 3-22-2/2-H-16- 1664/2024 saylı pretenziya məktubunda, xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilə üzrə 7060 manat gecikdirilmiş borc, 9536,72 manat hesablanmış cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli lizinq müqaviləsi imzalanmış və həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya 7060 manat məbləğində gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktı) öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 7060 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Buna görə də iddia həmin hissədə tam təmin edilməlidir. Eyni zamanda iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən 9536,72 manat məbləğində cərimə tələb edir. Göstərilən tələbə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 353 manat müəyyən olunmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə, iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini, iddia qiymətinin, yəni tələb edilən cəmi məbləğin 17096,72 manat olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilməli olan 141,29 manatın 99,13 manatının əvəzi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 500 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 500 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh xx.xx.2019-cu il tarixli 499-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 7060 manat gecikdirilmiş borc, 353 manat cərimə borcu, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 500 manatın əvəzi, ümumilikdə 7913 (yeddi min doqquz yüz on üç) manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 99 (doxsan doqquz) manat 13 (on üç) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar