Məhkəmə qərarları › İş №e-2-2(113)-2296/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2296/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2296/2025 10.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməmiş 259,600.00 manat (220,000.00 manat əsas və 39,600.00 manat ƏDV məbləği) məbləğində qalıq borc, əsas borca görə əlavə 5% hesablanmaqla 11,000.00 manat məbləğində pul vəsaiti, iddia ərizəsinə görə ödənilmiş 549.60 manat dövlət rüsumu, ümumilikdə cəmi 271,149.60 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) ilə Cavabdeh (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 009/2022 saylı Alqı satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “Satıcı” qismində İddiaçı MMC, “Alıcı” qismində Cavabdeh MMC çıxış etmişdir. Müqaviləyə əsasən “Satıcı” adı, qiyməti, miqdarı, çeşidi və digər göstəriciləri dəqiq olaraq hesab-fakturalarda, qaimə-fakturalarda “Alıcı”ın tələbatına uyğun müxtəlif növ malları hazırki müqavilədəki şərtlərlə “Alıcı”ya satmağı “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Lakin Cavabdeh borclu olduğu 220,000.00 AZN (Əlavə olaraq 39,600.00 AZN ƏDV) məbləği hələ də ödənilməmiş olaraq qalmaqdadır. Borcun yaranmasının əsas səbəbi Cavabdeh MMC-yə qarşı olan etibardan sui-istifadə etməkləri olmuşdur. Borcun ödənilməsi ilə bağlı şirkətin rəhbərliyinə xəbərdarlıq edilsə də, hər dəfə müxtəlif vədlər verərək vaxt qazanılmış, ödənişi həyata keçirəcəyini bildirilmiş, müxtəlif vədlər verərək ödənişlərdən yayınılmış və nəticə etibarı ilə ödənişlər icra edilməmişdir. xx.xx.2024-cü il tarixində qarşı tərəfə №3352169 qeydiyyat nömrəli Onlayn kargüzarlıq vasitəsi ilə pretenziya məktubu göndərilmiş lakin qarşı tərəf qeyd olunan məktuba heç bir cavab verməmişdir. Daha sonra telefon danışıqları ilə borcun cari ayın sonunadək ödəyəckləri bildirmişlər, lakin yenə də vədlərə əməl etməmişdirlər. 2024-cü ilin aprel ayının 5-də 27 ədəd malı geri qaytararaq malların bəzilərinin yararsız və bəzilərinin yaralı olduğunu bildirmişlər. Qarşı tərəfə qalan malların ödənişlərini etdikdən sonra, bu malları qəbul edəcəyimizi bildirdik və qarşı tərəf bununla razılaşdı. Lakin yenə də cavabdeh tərəf verdiyi vədə əməl etməmişdir. Ümumilikdə 220,000.00 AZN (Əlavə olaraq 39,600.00 AZN ƏDV) məbləğində borc hələ də ödənilməmiş olaraq qalmaqdadır. Son olaraq “Alıcı” tərəf bütün məbləğin 2024-cü ilin sonunadək tam ödənilməsi vədi verilmiş lakin bu vədə də əməl etməmişdilər. İddiaçı MMC dəfələrlə Cavabdeh məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq cavabdeh tərəfindən laqeyd rəftar edilərək, iddiaçının əsaslı tələbləri təmin edilməmişdir. Hesab edirik ki, Cavabdeh ödənilməmiş ümumi borc olan259,600.00 manat (220,000.00 manat əsas və 39,600.00 manat ƏDV məbləği) məbləğində qalıq borc manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 11,000.00 manat məbləğində pul vəsaiti məbləğində vəsaiti şəxsən ödəməlidir. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və bizə pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Tərəflər arasında bağlanmış Müqavilə, X1 və təhvil təslim aktları, həmçinin şifahi və yazılı razılaşmaların şərtləri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli, pul öhdəliyin icrası üçün hər hansı əməli addımlar atılmamışdır.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib cavabdehdən iddiaçıya ödənilməmiş 50386 manat (42700 manat əsas və 7686 manat ƏDV məbləği) məbləğində qalıq borc, əsas borca görə əlavə 5% hesablanmaqla 2135 manat məbləğində pul vəsaiti, iddia ərizəsinə görə ödənilmiş 549.60 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Allahverdiyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 150000 manat əsas, 27000 manat ƏDV vəsaiti ödənilmiş, ümumi dəyəri 32214 manat (ƏDV daxil olmaqla) olan mallar qarşılıqlı razılıq əsasında onlara cavabdeh tərəfindən geri qaytarılmış, hazırda həmin mallar iddiaçıdadır. Lakin qalıq 42700 manat əsas, 7686 manat ƏDV borcu iddiaçıya ödənilməmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 009/2022 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə “satıcı” “alıcıya” müqaviləyə əlavədə göstərilən (qiymətlərin razılaşma protokolu) müxtəlif çeşiddə malları satır, “alıcı” isə həmin malı qəbul edi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

9. Müqavilənin 5.1-ci bəndinə əsasən “alıcı” sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və “satıcı”nın təqdim etdiy hesab-fakturanı aldıqdan sonra 15 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.

10. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBCN 857576 nömrəli 336300 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCO 336426 nömrəli 1380,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 692435 nömrəli 22656 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 697199 nömrəli 153,40 manat məbləğindəxx.xx.2023-cü il tarixli EBDB 803549 nömrəli 5664 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 915121 nömrəli 1451,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDİ 915757 nömrəli 460,20 manat, xx.xx.2023-cü il tarixli EBDK 650960 nömrəli 4248 manat, xx.xx.2023-cü il tarixli EBDL 304076 nömrəli 8496 manat, xx.xx.2023-cü il tarixli EBDL 522758 nömrəli 19045,20 manat, xx.xx.2023-cü il tarixli EBDL 586115 nömrəli 4708,20 manat, xx.xx.2023-cü il tarixli, EBDM, 230941 nömrəli 39199,60 manat, xx.xx.2023-cü il tarixli, EBDN, 171582 nömrəli 11682 manat, xx.xx.2023-cü il tarixli, EBDO 379743 nömrəli 7080 manat, xx.xx.2023-cü il tarixli, EBDO 862545 nömrəli 66584 manat, xx.xx.2023-cü il tarixli, EBDO 859903 nömrəli 2230 manat, xx.xx.2023-cü il tarixli, EBDP 649363 nömrəli 743,40 manat, xx.xx.2023-cü il tarixli, EBDQ 289467 nömrəli 21771 manat, xx.xx.2023-cü il tarixli, EBDQ 470658 nömrəli 15930 manat, xx.xx.2023-cü il tarixli, EBDR 234763 nömrəli 15930 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

11. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh tərəfindən qaytarılan malların dəyəri 27300 manat əsas, 4914 manat ƏDV olmaqla, cəmi 32214 manat təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixə iddiaçıya 42700 manat əsas, 7686 manat ƏDV olmaqla, cəmi 50386 manat borcu vardır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarına əsasən məhkəmə icraatı dövründə cavabdeh tərəfindən iddiaçıya 150000 manat əsas, 27000 manat ƏDV olmaqla, cəmi 177000 manat ödəniş edilmişdir.

13. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan qalıq borcu 348713,60 manat təşkil edir.

14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 25520 manat, xx.xx.2024cü ildə 50000 manat vəsait ödənilmişdir.

15. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

16. Belə ki, iddia 2 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. illik 5 faizlə hesablanmış zərərin ödənilməsi;

17. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 009/2022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

19. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

31. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 295520 manat əsas, 53193,60 manat ƏDV olmaqla, ümumilikdə 348713,60 manat dəyərində mal təhvil verilmiş, cavabdeh tərəfindən həmin malların müqabilində ümumilikdə 225520 manat əsas borc, 40593,60 manat ƏDV ödənilmişdir. İddiaçı bu barədə hər hansı yazılı sübut olmasa da, məhkəməyə verdiyi maliyyə arayışında cavabdeh tərəfindən ona ümumi dəyəri 32214 manat (ƏDV daxil olmaqla) malın geri qaytarıldığını qəbul etmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qalıq 50386 manat borcun ödənilməsini tələb etməklə haqlıdır, iddia həmin hissədə təmin edilməlidir.

33. Məhkəmə iddianı ikinci hissədə də əsaslı hesab edir.

34. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (42700 manat) üzrə ona vurulmuş zərər qismində bir illik dövr üzrə 2135 manat (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

38. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

39. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

40. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

41. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

45. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

46. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.

47. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 50386 manat əsas borc (42700 manat əsas, 7686 manat ƏDV olmaqla), 2135 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 549,60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 42700 manat əsas borc, 7686 manat ƏDV borcu, 2135 manat faiz borcu, 549,60 manat dövlət rüsumu, ümumilikdə 53070,60 (əlli üç min yetmiş manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar