Məhkəmə qərarları › İş №e-2-2(113)-2298/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2298/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2298/2020 08.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı müqavilə öhdəliklərinin icrası tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı müqavilə öhdəliklərinin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən aralarında bağlanmış xx xxxx 2018-ci tarixli 329-LD/18 nömrəli müqaviləyə əsasən lizinqə verilmiş və sonradan tələf olmuş damazlıq heyvanların dəyərinin müqavilə məbləğindən çıxarılması və həmin müqavilə üzrə məbləğin azaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0 və 259.0.7 maddələrinə uyğun olaraq, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddiası baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “müqavilə öhdəliklərinin icrası” tələbinə dair iddiası baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar