Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2298/2021 03.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.09.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərindən birtərəfli olaraq imtina etdiyini nəzərə alaraq müqavilə üzrə müəyyən edilmiş 20.000 manat məbləğində əsas borcun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 20.031 manat məbləğində pulun cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında 05.09.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən MMC (Mərkəz) psixoloji xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirir və cavabdeh (mütəxəssis) X5 MMC-də tərəflərin müqavilə ilə razılaşdırdıqları haqq müqabilində psixopedaqoq fəaliyyətini həyata keçirir. Müqavilənin 2.2.13-cü bəndinə əsasən müqavilə üzrə şərtlərin pozulması zamanı, habelə müqavilə üzrə mütəxəssis öhdəliklərindən birtərəfli imtina etdiyi halda, mütəxəssis mərkəzə 20.000 manat təzminat ödəyir. Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 05.09.2022-ci il tarixə qədər qüvvədədir. Tərəflər razılaşırlar ki, qarşılıqlı razılıq olmadan, habelə bu müqavilədə nəzərdə tutulmuş əsaslar olmadan Tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərindən birtərəfli imtina edə bilməz. Qeyd olunan müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş, hər ay müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqı cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, xidmət müqaviləsinin müddəti bitməmiş müqavilə şərtlərindən birtərəfli imtina etmişdir ki, bununla da İddiaçı MMC-yə maddi ziyan vurmuşdur. Səlimova Türkan 24.12.2020-ci il tarixində iddiaçıya ərizə ilə müraciət edərək xidmət müqaviləsinin ləğv edilməsini xahiş etmiş və müqavilə üzrə öhdəliklərini icra etməyi dayandırmışdır. Cavabdehə 08.04.2021-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 20.000 manat məbləğində borcun ödənilməsini xahiş etmişlər. Lakin cavabdeh müraciətlərinə cavab verməmişdir, ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh X3 mülkiyyətində olan Şəki rayonu, Baş Layısqı kəndində yerləşən 1,57 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdeh X4 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 17.05.2021-ci il tarixli, e-2-2(113)2298/2021 saylı qərardadının ləğv edilməsi, iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.05.2021-ci il tarixli qərardadı ilə iddaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21.06.2021-ci il tarixli, 2- 2(103)-721/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)2298/2021 saylı iş üzrə 17.05.2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı MMC-nin şikayəti təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - X5 (mütəxəssis) ilə İddiaçı MMC (mərkəz) arasında 05 sentyabr 2017-ci il tarixdə Birgə Əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən mərkəz psixoloji xidmətlərin göstərilməsi fəaliyyətini həyata keçirir və mütəxəssis mərkəzdə tərəflərin bu müqavilə ilə razılaşdırdıqları haqq müqabilində psixopedaqoq fəaliyyətini həyata keçirir. 1.2-ci bəndinə əsasən mütəxəssisin öz fəaliyyətini həyata keçirdiyi yer: Nərimanov rayonu, X9 111 ünvanındadır. 2.1.3-cü bəndinə əsasən mütəxəssis tərəfindən yerinə yetirilmiş işlərin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsi mərkəzin öhdəliklərinə aiddir. 2.2.1-ci bəndinə əsasən bu müqavilədə sadalanan funksiyaları lazımi qaydada və lazımi səy göstərməklə, vaxtı-vaxtında, mərkəzin daili intizam qaydalarına riayət etməklə yerinə yetirilməsi mütəxəssisin öhdəliklərinə aiddir. 2.2.6-cı bəndinə əsasən mərkəzə, həmçinin onun əlaqəli şirkətlərinə, müştərilərinə, yaxud müraciət edənlərinin işinə (bütpvlükdə istehlakçıların siyahısı və tələbləri daxil olmaqla) əməkdaşlarına, planlaşdırma metodlarına, xidmət göstərilməsinə, Mərkəzin maliyyə vəziyyətinə aid olan məlumatları, smetaları, hesablaşmaları, iş kağızlarını bütün plan cizgiləri, planları, hesabatları, kompyuter proqramlarını, elektron məlumatları, sənədləri, alətləri, biznes planlarıMərkəz tərəfindən mütəxəssisə verilən bütün məlumatları, mütəxəssis tərəfindən Mərkəz üçün bu müqavilə üzrə müəyyən olunmuş işləri yerinə yetirdiyi zaman yaradılmış, hazırlanmış, yaxud açılmış və ya Mərkəzin məxfi və xüsusi saydığı biznes üçün əhəmiyyətli olan məlumatları məxfi saxlamaq mütəxəssisin öhdəliklərinə aiddir. 2.2.7-ci bəndinə əsasən işgüzar münasibətlərinin mövcud olduğu müddət ərzində və onlara xitam verilməsindən sonra, mütəxəssis mərkəzin inkişaf proqramı tədrisində tətbiq etdiyi üsul (o cümlədən kitablar, tədrislə bağlı istifadə olunan vəsaitlər, internet səhifələri və şifrələri) müəssisənin qayəsi olaraq onun fəaliyyətinin və iqtisadi təhlükəsizliyinin əsas göstəricisi olduğuna görə həmin sirri sifarişçini məlumatlandırmadan və ya müəssisədən kənar şəxsi məqsədlər üçün istifadə edə bilməz. 2.2.8-ci bəndinə əsasən qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla mərkəzin əvvəlcədən verilmiş yazılı razılığı olmadan mərkəzə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirdiyi hallar istisna olmaqla, mərkəzə işlədiyi vaxt ərzində və bu vaxt qurtardıqdan sonra heç bir vaxt öz səlahiyyətlərindən və məxfi məlumatdan sui istifadə etməmək və onu açıqlamamaq mütəxəssisin öhdəliklərinə aiddir. 2.2.9-cu bəndinə əsasən mütəxəssis bu müqavilənin qüvvədə olduğu müddətdə mərkəzlə rəqabət aparan digər şirkətlərdə, mərkəzlərdə çalişmamalı, onlarla əməkdaşlıq etməməli, belə hal baş verdiyi təqdirdə və ya bu müqavilə bağlamamışdan əvvəl belə şirkət və mərkəzərdə şləməsi və ya onlarla əməkdaşlıq etməsi barədə mərkəzə yazılı məlumatın verilməsi mütəxəssisin öhdəliklərinə aiddir. 2.2.10-cu bəndinə əsasən mütəxəssis mərkəzə müraciət etmiş pasienti heç bir halda mərkəzdən kənarda qəbul edə bilməz (evdə, ofisdə, digər psixoloji mərkəzdə qəbul edə və hazırlaya bilməz). Mərkəz tərəfindən mütəxəssisə öyrədilən metod, metodalogiya və testlər mərkəzdən kənarda və ya mərkəzlə bütün bağlılığını bitirəndən sonra kənarda tətbiq edə bilməz. Mərkəz tərəfindən xüsusi ilə hazırlanmış test vəsaitləri, inkişaf etdirici vəsaitlər, kitablar mərkəzdən kənar dərc edilə bilməz. Rəhbərliyin məlumatı olmadan televiziya və radio verilişlərində iştirak edə bilməz. 2.2.13-cü bəndinə əsasən bu müqavilənin 2.2.6-2.2.10-cu bəndlərindəki şərtlərin pozulması zamanı, habelə müqavilə üzrə öhdəliklərindən birtərəfli imtina etdiyi halda, mütəxəssis mərkəzə 20.000 manat təzminat ödəməlidir. 5.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzalandığı gündən qüvvəyə minir və 05.09.2022-ci il tarixədək qüvvədədir. Müqavilə mərkəz tərəfindən möhür və imza, mütəxəssis tərəfindən imza ilə təsdiq edilmişdir. - 24.12.2020-ci il tarixdə X5 İddiaçı MMC-nin direktoru X1 ərizə ünvanlayaraq ailə vəziyyəti ilə bağlı 25.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış xidməti müqavilənin ləğv edilməsini xahiş etmişdir. -İddiaçı MMC X4 pretenziya məktubu ünvanlayaraq sonuncudan müqavilədən birtərəfli imtina etməsi ilə əlaqədar 20.000 manat məbləğində pulun 5 gün ərzində ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirmişdir. -İddiaçı MMC tərəfindən X4 03.10.2019-cu il tarixli, 32 saylı ödəniş tapşırığına əsasən 200 manat, 04.12.2019-cu il tarixli 60 saylı ödəniş tapşırığına əsasən 300 manat, 03.03.2020-ci il tarixli 98 saylı ödəniş tapşırığına əsasən 300 manat, 03.07.2020-ci il tarixli 127 saylı ödəniş tapşırığına əsasən 300 manat, 04.09.2020-ci il tarixli 170 saylı ödəniş tapşırığına əsasən 300 manat, 04.12.2020-ci il tarixli 224 saylı ödəniş tapşırığına əsasən 300 manat məbləğində pul köçürülmüşdür. -İddiaçı tərəfindən ƏDV daxil 300 manat dəyərində xidmətlərin göstərilməsinə dair 10.12.2020-ci il tarixli, EBAT seriyalı, 714667 saylı; ƏDV daxil 300 manat dəyərində malların təqdim edilməsinə dair 11.09.2020-ci il tarixli, EBAP seriyalı, 856740 saylı; ƏDV daxil 300 manat dəyərində malların təqdim edilməsinə dair 09.07.2020-ci il tarixli, EBAm seriyalı, 181000 saylı; ƏDV daxil 300 manat dəyərində malların təqdim edilməsinə dair 27.03.2020-ci il tarixli, EBAH seriyalı, 538514 saylı; ƏDV daxil 300 manat dəyərində malların təqdim edilməsinə dair 10.12.2019-cu il tarixli, EBAD seriyalı, 593424 saylı; ƏDV daxil 200 manat dəyərində malların təqdim edilməsinə dair 14.11.2019-cu il tarixli, EBAB seriyalı, 703820 saylı; ƏDV daxil 200 manat dəyərində malların təqdim edilməsinə dair 11.07.2019-cu il tarixli, EAAX seriyalı, 045047 saylı; ƏDV daxil 200 manat dəyərində malların təqdim edilməsinə dair 05.04.2019-cu il tarixli, EAAS seriyalı, 633905 saylı; ƏDV daxil 200 manat dəyərində malların təqdim edilməsinə dair 05.03.2019-cu il tarixli, EAAX seriyalı, 210086 saylı; ƏDV daxil 200 manat dəyərində malların təqdim edilməsinə dair 09.02.2019-cu il tarixli, EAAQ seriyalı, 197566 saylı; ƏDV daxil 150 manat dəyərində malların təqdim edilməsinə dair 29.12.2018-ci il tarixli, EAAO seriyalı, 794975 saylı; ƏDV daxil 300 manat dəyərində malların təqdim edilməsinə dair 19.07.2018-ci il tarixli, EAAK seriyalı, 717027 saylı; ƏDV daxil 150 manat dəyərində malların təqdim edilməsinə dair 19.12.2018-ci il tarixli, EAAO seriyalı, 527704 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə X4 göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı MMC ilə cavabdeh X5 arasında 05 sentyabr 2017-ci il tarixli Birgə Əməkdaşlıq haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh T.Səlimova tərəflərin bu müqavilə ilə razılaşdırdıqları haqq müqabilində İddiaçı MMC-də psixopedaqoq fəaliyyətini həyata keçirməyi öhdəsinə götürmüşdür. 24.12.2020-ci il tarixdə X5 İddiaçı MMC-nin direktoruna ərizə ilə müraciət edərək ailə vəziyyəti ilə bağlı 25.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış xidmət müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Hazırda İddiaçı MMC cavabdeh Türkan Səlimovanın aralarında bağlanmış 05 sentyabr 2017-ci il tarixli Birgə Əməkdaşlıq haqqında müqavilədən birtərəfli qaydada imtina etdiyini, müqavilə şərtlərində isə müqavilədən birtərəfli qaydada imtinaya görə təzminatın ödənilməsinin nəzərdə tutulduğunu əsas göstərərək 20.000 manat məbləğində təzminatın cavabdehdən tutulmasına dair iddia tələbi irəli sürmüşdür. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanılmış mübahisəli müqavilənin məzmunundan aydın olur ki, həmin müqavilə xidmət müqaviləsidir. Bununla bağlı məhkəmə hesab edir ki, MM-də xidmət müqaviləsinə dair xüsusi normalar nəzərə tutulmadığından mübahisəli müqavilədən irəli gələn münasibətlərə analogiya üzrə oxşar hüquqi münasibətləri tənzim edən podrat müqaviləsi barədə qanunvericilik tətbiq edilməlidir. Podrat müqaviləsinin ləğv edilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin 759 və 760-cı maddələrinin tələblərinə görə isə: 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Göstərilən normaların məzmunundan da göründüyü kimi Mülki Məcəllə podrat müqaviləsi tərəflərinin istənilən vaxt həmin müqavilədən birtərəfli qaydada imtina etməsi hüququna malik olmasını təsbit etmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin müqavilədən birtərəfli imtina etməsinə görə təzminat ödənilməsi nəzərdə tutulmaqla həmin müqavilə növü üçün Mülki Məcəllənin normalarında nəzərdə tutulmuş tərəfin müqavilədən imtina etmək hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 390-cı maddəsinə görə isə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Bundan əlavə Mülki Məcəllənin 425.1-cü maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Belə olan halda məhkəmə mübahisəli müqavilə əsasında 2018-2020-ci illərdə - 2 ildən artıq müddət ərzində iddiaçı tərəfindən cavabdeh T.Səlimovaya cəmi 3.000 manata yaxın məbləğdə xidmət haqqı ödənildiyi halda cavabdeh tərəfindən müqavilədən imtina edilməsinə görə 20.000 manat məbləğində təzminatının ödənilməli olması barədə şərtin müqaviləyə daxil edilməsi; bundan əlavə müqaviləyə əsasən müqavilədən birtərəfli imtinaya görə cavabdehin üzərində ağır maliyyə sanksiyası qoyulduğu halda iddiaçının müqavilədən imtina etməsi ilə bağlı hər hansı formada məsuliyyət daşımasını müəyyən edən şərtin müqavilədə yer almaması kimi halları nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisəli müqavilənin cavabdehin müqavilədən birtərəfli imtinaya görə təzminat ödəməsini nəzərdə tutan şərti hüququn ümumi prinsipi olan bon fides - vicdanlılıq prinsipinin tələblərinə də cavab vermir. Göründüyü kimi müqavilənin sözügedən şərti Mülki Məcəllənin imperativ normalarına, eləcə də hüququn ümumi prinsiplərinə uyğun olmadığından əhəmiyyətsiz olmaqla tərəflər üçün hər hansı hüquqi nəticə yaratmır. Odur ki, həmin şərtə əsaslanan hazırkı iddia tələbi rədd edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin sözügedən şərti etibarlı şərt kimi qəbul edilsə belə, hazırkı iddia əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla iş materiallarından görünür ki, İddiaçı MMC cavabdeh T.Səlimovadan təzminatın tutulmasını tələb etmək hüququnun yaranmasının faktiki əsası kimi cavabdehin aralarında bağlanmış müqavilədən birtərəfli qaydada imtina etməsinə istinad etmiş və həmin faktı təsdiq etmək üçün cavabdeh tərəfindən yazılmış, müqavilənin ləğv edilməsi barədə xahişi əks etdirən ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, müqavilədən birtərəfli imtina dedikdə müqavilə tərəfinin digər tərəfin razılığını almadan müqaviləni birtərəfli qaydada ləğv etməsi başa düşülür. Məhkəməyə təqdim edilmiş 24.12.2020-ci il tarixli ərizənin məzmunundan isə görünür ki, həmin ərizə cavabdehin müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıdan razılıq almaq məqsədilə iddiaçıya ünvanladığı müraciətdir. Odur ki, göstərilən ərizə müqavilənin T.Səlimova tərəfindən birtərəfli qaydada ləğv edilməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində hazırkı iddianın qanuni əsası qismində Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələrini göstərmişdir. Mülki Məcəllənin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən MM-in yuxarıda göstərilən maddələrinə əsaslanaraq müqavilə öhdəliyinin pozulmasına görə maddi zərər tutulması tələblərinə baxılarkən cavabdehin müqavilə üzrə öhdəliklərinin pozulmasına yol verməsi, həmin pozuntunun təqsirli olaraq törədilməsi ilə yanaşı iddiaçıya maddi zərərin dəyməsi faktı və həmin maddi zərərin məbləği də müəyyən edilməlidir. İddiaçı isə cavabdeh tərəfindən müqavilə öhdəliklərindən imtina edilməsi nəticəsində ona maddi zərərin dəyməsini, eləcə də həmin maddi zərərin məbləğinin məhz iddia ərizəsində göstərilən məbləğdə olmasını sübuta yetirə bilməmişdir. Belə olan halda hazırkı iddiaya müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş maddi zərərin tutulması tələbi kimi yanaşıldığı təqdirdə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bununla yanaşı hazırkı iddia tələbi müqavilə öhdəliklərinin pozulmasına görə müqavilədə nəzərdə tutulmuş cərimənin tutulması tələbi kimi də nəzərdən keçirə bilər. Göstərilən halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edəcəkdir. Həmin maddəyə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi dəbbə pulunun növlərindən biri olan cərimə müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda tutulmalı olan maliyyə sanksiyasıdır. Hazırkı halda iddia ərizəsi ilə ödənilməsi tələb edilən 20.000 manat məbləği cavabdeh tərəfindən müqavilə üzrə əsas öhdəliyin – xidmət göstərilməsi öhdəliyinin pozulması ilə əlaqədar deyil, cavabdeh tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsinə görə hesablanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdehin həmin müqavilə üzrə öhdəliklərini pozması isə iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçının ödənilməsini tələb etdiyi məbləğin cavabdehə müqavilə öhdəliyinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə hesablanmış cərimə olaraq tutulması üçün də əsasların mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2298/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2298/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver