Məhkəmə qərarları › İş №e-2-2(113)-2300/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2300/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2300/2021 17.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı “Bakı Şərab-1” ATSC-nin Cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bakı Şərab-1” ATSC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 “Bakı Şərab-1” ATSC-nin xeyrinə 31.269,53 (otuz bir min iki yüz altmış doqquz manat əlli üç qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar X4 ilə “Bakı Şərab-1” ATSC arasında bağlanmış 27 avqust 2020-cu il tarixli, “alqı-satqı müqaviləsi”nə əsasən satıcı qismində çıxış edən “Bakı Şərab-1” ATSC, alıcı kimi çıxış edən C.C.Mustafayevə müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı ilə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin “Ödəmə şərtləri”ni tənzimləyən 4.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən malın dəyərinin ödənilməsi, satıcının verdiyi hesab-fakturaya və ya elektron qaiməyə əsasən mal qəbul edildikdən 10 (on) iş günü ərzində satıcının yuxarıda sözügedən müqavilədə göstərilən bankdakı hesablaşma hesabına köçürülmə yolu ilə həyata keçirilməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 (bir) il müddətində qüvvədə olmuşdur. Cavabdeh C.C.Mustafayev hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmiş, beləliklə də cavabdeh C.C.Mustafayevin “Bakı Şərab-1” ATSC-nə 31.269,53 (otuz bir min iki yüz altmış doqquz manat əlli üç qəpik) manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddianı qismən qəbul edərək, ona 25.708,26 manat məbləğində malın verildiyini, qeyd olunan məbləğdən 3700 manat ödədiyini, qalan malların isə pulunu ala bilmədiyindən ödəyə bilmədiyini bildirmişdir. iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı “Bakı Şərab-1” ATSC məhkəməyə ərizə göndərərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X4 ilə “Bakı Şərab-1” ATSC arasında bağlanmış 27 avqust 2020-cu il tarixli, Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı müqavilədə göstərilmiş malı alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib müvafiq ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 28.08.2020-ci il tarixdə 5057,12 manat pulun tələb edilməsi barədə 270625 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 01.09.2020-ci il tarixdə 2244,60 manat pulun tələb edilməsi barədə 406648 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 07.09.2020-ci il tarixdə 3186 manat pulun tələb edilməsi barədə 650088 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 17.09.2020-ci il tarixdə 1880,80 manat pulun tələb edilməsi barədə 095690 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 21.09.2020-ci il tarixdə 1313,98 manat pulun tələb edilməsi barədə 220054 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 28.09.2020-ci il tarixdə 3481,08 manat pulun tələb edilməsi barədə 521209 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 05.10.2020-ci il tarixdə 11730,68 manat pulun tələb edilməsi barədə 831469 saylı elektron qaimə göndərilmişdir. İş materiallarından görünür ki, “Bakı Şərab-1” ATSC tərəfindən X3 12.10.2020-ci il tarixdə 4372,60 manat pulun tələb edilməsi barədə 137731 saylı elektron qaimə göndərilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinəə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun alqı-satqı müqaviləsi üzrə alınmış mallarara görə pulun verilməsi vəzifəsi, iddiaçının isə təhvil verilmiş mallara görə pulun tələb edilməsi hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan “Bakı Şərab-1” ATSC daşıyır. “Bakı Şərab-1” ATSC iddia tələbini təsdiq edən sübut kimi iş materiallarına yuxarıda sadalanmış elektron qaimələri əlavə etmiş və bundan başqa malların təhvil verilməsinə dair hər hansı bir sənəd (təhvil-təslim aktı) iş materiallarında mövcud deyildir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək 07.09.2020-ci il tarixli 3186 manat pulun tələb edilməsi barədə 650088 saylı və 12.10.2020-ci il tarixli 4372,60 manat pulun tələb edilməsi barədə 137731 saylı elektron qaimədə göstərilmiş malların ona təhvil verilmədiyi, digər elektron qaimələrdə göstərilmiş malların isə təhvil verildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 33.266,86 manat dəyərində olan malın verildiyini bildirsə də, qeyd olunan halı tam sübuta yetirə bilməmişdir. İş materiallarında olan Azərtürk Bank tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, X4 “Bakı Şərab-1” ATSC-yə 12.10.2020-ci il tarixdə 270625 saylı elektron qaimə üzrə 1692,65 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, X4 tərəfindən 270625 saylı elektron qaimə üzrə “Bakı Şərab-1” ATSC-yə 304,65 manat ƏDV məbləğindən ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya cəmi 1997,3 manat (1692,65+304,65) ödəniş edilmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçıya 3700 manat ödədiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sənəd təqdim etmədiyindən qeyd olunan halı sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarından və cavabdehin izahatından aydın olur ki, ona 25708,26 manat məbləğində mal verilmişdir və o qeyd olunan puldan iddiçıya cəmi 1997,3 manat ödəniş etdiyindən onun ödənilməmiş 23.710,96 manat borcu qalmışdır. Ona görə də, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.710,96 (iyirmi üç min yeddi yüz on manat, doxsan altı qəpik) manat məbləğində pul X1 tutularaq “Bakı Şərab-1” ATSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar