Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2300/2022 04.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5412 ABŞ dolları məbləğində əsas borcun, 1200 ABŞ dolları məbləğində dəbəbə pulunun ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ödənilməsi, mediatora ödənilmiş 200 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal və materiallar almışdır. Həmin məhsulların dəyərinin bir qismi cavabdeh tərəfindən ödənilsə də, 5412 ABŞ dolları hissəsi ödənilməmiş qalmışdır. xx.xx.2020-ci il tarixində tərəflər arasında yaranan münasibətlərin rəsmiləşdirilməsi və borcun qalıq hissəsinin dəqiqləşdirilməsinə dair akt imzalanmışdır. Həmin akta əsasən Cavabdeh MMC-nin əməkdaşları Cavabdeh MMC-nin TSŞ-nin müdiri Zeynəddin Səlimov, anbar müdiri Vüqar Kərimov, Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri Misir Muradov, D/generatorların istismarı sektorunun müdiri Yunus Məmmədli, BATS-nin Maliyyə şöbəsinin mühasibi Nizami Xəlilov və İddiaçı MMC-nin satış meneceri Pərviz Aslanlı malmaterialların İddiaçı MMC-dən alnaraq BATS və Lerik TKQ-nin enerji təchizatı işlərinə sərf olunmasını təsdiq etməklə borc qalığı dəqiqləşdirilmişdir. Akta əsasən göstərilən malmaterialların satınalma proseduru keçirilərək müvafiq qaydada sənədləşdirildikdən sonra ödənişin həyata keçiriləcəyi öhdəliyə götürülsə də, bu günə kimi heç bir ödəniş edilməmişdir. Borcun ödənilməsinə dair Cavabdeh MMC-yə tərəflərindən xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. Xəbərdarlıqla yanaşı cavabdeh tərəfindən borc ödənilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq mediatora müraciət edilmişdir. Mediasiya Şurasının mediatoru Gültəkin Məmmədova tərəfindən təyin edilən ilkin mediasiya sesiyasına da cavabdeh gəlməmişdir. Buna dair arayış iş materiallarına əlavə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 5412 ABŞ dolları təşkil edir. Cavabdehin qalıq əsas borcuna görə gecikdirmə günləri nəzərə alınmaqla 1200 ABŞ dolları məbləğində dəbbə pulu hesablanmışdır. Mediasiya ilə bağlı keçirilmiş mediasiya prosesinə görə də tərəfimizdən 200 manat pul ödənilmişdir (ödəniş sənədinin surəti əlavə edilir). Məhkəmə iclasında iddiaçının X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının qanuni təmsilçisi əlavə olaraq tərəflər arasında barışığın əldə edilmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etməmiş və tərəflərin barışması üçün məhkəmə tərəfindən müddət verilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh MMC-nin TSŞ-nin müdiri Zeynəddin Səlimov, anbar müdiri Vüqar Kərimov, Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri Misir Muradov, D/generatorların istismarı sektorunun müdiri Yunus Məmmədli, BATS-nin Maliyyə şöbəsinin mühasibi Nizami Xəlilov və İddiaçı MMC-nin satış meneceri Pərviz Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aktda adıçəkilən cəmi 5412 ABŞ dolları dəyərində mal-materiallar Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən alınaraq BATS və Lerik TKQ-nin enerji təchizatı işlərinə sərf edilmişdir. Göstərilən malmateriallar satınalma proseduru keçirilərək müvafiq qaydada sənədləşdikdən sonra ödənişi həyata keçiriləcəkdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli akt üzrə əsas borcu 5412 ABŞ dolları, dəbbə pulu borcu 1200 ABŞ dolları təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcun və dəbbə pulunun 7 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcu 5412 ABŞ dolları təşkil edir. Göstərilən hallar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 5412 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh MMC-dən 5412 ABŞ dolları məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ödənişin gecikdirilməsinə görə 1200 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı dəbbə pulu tutulması tələbini irəli sürsə də, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5412 (beş min dörd yüz on iki) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və mediasiya xərclərinin əvəzi olaraq 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2300/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2300/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver