Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2301/2022 15.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən İİİ Şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 308.460 manat məbləğində maddi zərərin və 400 (dörd yüz) manat mediasiya prosesi ilə bağlı xərcin tutularaq Siyəzən Broyler ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Siyəzən Broyler ASC ilə 23 noyabr 2020-ci il tarixli və dəyişikliklərlə olan 09 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh arasında Biləsuvar rayonu, Səmədabad kəndi, Biləsuvar Quşçuluq ASC-nin mülkiyyətində olan icarə müqaviləsində qeyd olunan aşağıdakı əmlaklar: 25198,2 kvadrat metr olan, 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transfarmator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi və 1 ədəd keçid buraxılış məntəqəsi broyler toyuqlarının saxlanılması, böyüdülməsi, bir sözlə quşçuluq məqsədləri üçün 10 sentyabr 2021-ci il tarixdən 10 sentyabr 2023-cü il tarixədək Siyəzən Broyler ASC-yə icarəyə vermişdir. Tərəflər arasında müqavilə bağlandıqdan sonra 2021-ci ilin sentyabr ayında 325.850 baş (ədəd) 1 günlük cücələri Biləsuvar Quşçuluq ASC-nin mülkiyyətində olan istehsal sahələrinə müqavilə əsasında yerləşdirmişdir. İlkin fəaliyyət dövründə İcarəyə verən tərəfindən hər hansı maneə və ya məhdudlaşdırma halları ilə üzləşilməmişdir. Müqavilənin vaxtından əvvəl xitamı ilə bağlı tərəflərdən biri digərinə yazılı xəbardarlıq etməmişdir. İstehsal ardıcıllığının təmin edilməsi üçün icarə müqaviləsinə əsasən Biləsuvar Quşçuluq ASC-nin mülkiyyətində olan broyler sexlərinə bir günlük cücələrin yerləşdirilməsi məqsədi ilə 15, 16, 17 oktyabr 2021-ci il tarixlərdə Siyəzən Broyler ASC Azərquşçuluq MMC-dən və Xəmsə-M MMC-dən 80 (səksən) qəpiyə aldığı damazlıq broyler yumurtalarını özünə məxsus inkubatoriyada yerləşdirmişdir. İnkubatoriyadan çıxım dövrü 2021-ci ilin 5, 6 və 7 noyabr tarixlərini əhatə etmişdir, diri cücələrin çıxım sayı isə 385.575 baş (ədəd) olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəlində Azər-Türk Bank ASC Biləsuvar Quşçuluq ASC-nin bank yüklülük sənədlərinə əsasən onlara məxsus olduğunu bidirdilər. Hüquq mühafizə və icra (ədliyyə) orqanlarının tələbi ilə Biləsuvar Quşçuluq ASC-nin inzibati ərazisini 3 (üç) ay vaxt verilmədən dərhal tərk etməyi tələb etdilər və həmin inzibati ərazidə fəaliyətə icazə vermədilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən 385.575 baş (ədəd) diri broyler cücələrini quş damlarına yerləşdirə bilmədiyi və başqa sahələrdə saxlama imkanları olmamasından həmçinin biogüvənlik və yolxucu xəstəliklərdən qorunmaq məqsədi ilə xüsusi şəraitdə müvafiq qaydalara uyğun yandırılaraq məhv edilmişdir. Bununla bağlı akt və sənədləri iddia ərizəsinə əlavə edirik. Təkrar olaraq bildiririk ki, quşçuluq sahəsində istehsalat planlanması əvvəlcədən razılaşdırılmaya uyğun olaraq ən azı 90 (doxsan) günlük müddəti-vaxtı əhatə edir. Cavabdeh Siyəzən Broyler ASC-yə vurduğu zərərin məbləği 385.575 (üç yüz səksən beş min beş yüz yetmiş beş) baş (ədəd) X 80 (səksən) qəpik = 308460 (üç yüzsəkkiz min dörd yüzaltmış) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən İİİ Şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən icarə müqaviləsi üzrə "xxxx" ASC-yə məxsus Biləsuvar rayonu, Səmədabad kəndi, Biləsuvar Quşçuluq ASC-nin mülkiyyətində olan sahəsi 25.198,2 kvadrat metr olan, 2 ədəd böyütmə sexi və avadanlıqları, 10 ədəd sənaye sexi və avadanlıqları, 4 ədəd transfarmator binası, 1 ədəd yumurta anbarı, 1 ədəd su stansiya binası, 1 ədəd sanitar buraxılış məntəqəsi və 1 ədəd keçid buraxılış məntəqəsi 2.11.2030-cu il tarixədək, aylıq 1000 (min) manat olmaqla Cavabdeh icarəyə verilmişdir. Sonradan qeyd edilən icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişiklik edilmiş və icarəyə verilən əmlakın icarəçi tərəfindən icarəyə verə bilməsi imkanı nəzərdə tutulmuşdur. Bundan sonra "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd edilmiş əmlakın icarəsinə dair müqavilə bağlanmış və aylıq icarə haqqı 6.000 manat, müqavilənin müddəti isə xx.xx.2023-cü il tarixdək müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəf qeyd edilən icarə sahəsinə 5, 6 və 7 noyabr tarixlərində ümumi sayısı 385.575 ədəd 1 günlük cücələri yerləşdirə bilmədiyi üçün 308.460 manat ziyana düşdüyünü qeyd edir və ümumi dəyəri 235.062 manat təşkil edən elektron qaiməyə, gömrük dəyəri 117.504 manat təşkil edən xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə və 05 noyabr, 06 noyabr, 07 noyabr 2021-ci il tarixlərin "xxxx" ASC tərəfindən tərtib edilmiş və əməkdaşları tərəfindən imzalanmış 385.575 ədəd cücənin boğularaq yandırılması üçün yandırılma sexinə verilmə barədə akta və qaimələrə istinad edir. Cavabdeh isə etiraz edərək, icarə müqaviləsi üzrə nəzərdə tutulmuş sahəni "xxxx" ASC-yə təhvil verdiyini, icarəçini qeyd olunan sahədən çıxarmadığını və dəymiş ziyanla bağlı onun hər hansı bir məsuliyyətinin olmadığını qeyd edir. Həmçinin "xxxx" ASC-nin nümayəndəsi "xxxx" ASC-nin Banka olan borcuna görə, tələbin "xxxx" ASC-nin təsis paylarına yönəldiyini və hərracdan Bank tərəfindən alındığını və xx.xx.2021-ci il tarixdə onlara keçən qeyd olunan əmlakın mühafizəsinin təmin edilməsi məqsədi ilə ora gedildiyini, gedilən zaman sexlərin boş olduğunu və yeni gələcək quşların ora yerləşdirilməsinə etiraz etmədiklərini və yalnız "xxxx" ASC-nin ora “mübahisəli” olduğundan quş yerləşdirməkdən imtina etdiklərini qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı bir mübahisənin həlli zamanı ilk növbədə işin faktiki əsası müəyyən edilməli bundan sonra isə qeyd edilən əsasa uyğun hüquqi əsaslar nəzərdən keçirilməlidir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar (əqdlər, müqavilələr və s.) təşkil edir. Hazırkı halda isə iddianın faktiki əsasını "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsi təşkil edir. Belə olan halda iddianın qanuni əsası kimi Mülki Məcəllənin kirayə və icarə müqaviləsi ilə bağlı olan normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir. Həmin Məcəllənin 677.1.2-ci maddəsinə əsasən əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Göründüyü kimi tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmuşdur. Tərəflərin məhkəmə iclası zamanı vermiş olduğu izahatlardan aydın olur ki, mübahisəli hal baş verməzdən öncə "xxxx" ASC qeyd edilən icarə sahəsindən istifadə etmiş və bir neçə dəfə cücələr böyüdülmüş və kəsimə göndərilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-nin əməkdaşları tərəfindən ora gəlinərək, onların obyektdən istifadəsinə maneə yaratması və hüquq mühafizə və icra (ədliyyə) orqanlarının tələbi ilə oradan çıxmalarını tələb etmələri ilə bağlı dəlili əsassızdır. Belə ki, "xxxx" ASC-nin qeyd edilən sahədən məcburi çıxarılması ilə bağlı hər hansı bir sənəd və ya çıxarılma zamanı tərtib edilmiş bir akt iş materiallarına əlavə edilməmişdir. Bundan başqa da, icarə müqaviləsinin qüvvədə olduğunu da nəzərə alaraq, "xxxx" ASC tərəfindən məcburi çıxarılma hərəkətləri ilə bağlı hər hansı bir şikayət və yaxud da, ən azından müvafiq Məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı müraciət belə edilməmişdir. Qeyd edilməlidir ki, hazırkı halda müqavilənin tərəfi olan Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmiş, icarə obyektini "xxxx" ASC-yə təhvil vermiş və onun orada fəaliyyət göstərməsinə hər hansı bir maneə yaratmamışdır. Həmçinin də, yuxarıda sadalanmış hüquq normalarının məzmunundan da göründüyü kimi, kirayə obyektinin mülkiyyətçisinin dəyişməsi kirayə hüquq münasibətlərinin xitam verilməsinə səbəb olmur. Bundan başqa da qeyd edilməlidir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, məhv edilmiş cücələr heç Biləsuvar rayonuna gətirilməmiş, Siyəzən rayonunda inqubatoriya sexindən çıxdıqdan sonra məhv edilmişdir. Yəni "xxxx" ASC ən azından həmin cücələri həmin icarə obyektinə gətirməklə, qeyd edilən sahədə sənədləşmə apararaq və ya video çəkiliş etməklə onların həmin sexə buraxılmadığını və sexin çatışmaması səbəbindən cücələrin məhv edilməli olması zərurətini əsaslandıra bilərdi. Hazıkı halda isə iddiaçı ümumiyyətlə sübut edə bilməmişdir ki, məhv edilmiş 385.575 ədəd cücə məhz Biləsuvar rayonuna gətirilməsi üçün nəzərdə tutulmuş cücələr olmuşdur və bu cücələr həqiqətən də sağ vəziyyətdə yumurtadan çıxmışlar. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh icarə müqaviləsi üzrə hər hansı bir öhdəliyi pozması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 210 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2301/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2301/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver