Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2303/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri Qanuni nümayəndə, o cümlədən İddiaçı MMCnin vəkili X1 və Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16989 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC X4 Dövlət Qeydiyyatı İdarəsində 02 mart 2015- ci il tarixdə qeydiyyatdan keçmişdir. Cəmiyyət Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və nizamnaməsi əsasında vətəndaşlara turizm xidmətləri və aviabiletlərin satışından ibarət xidmətlər həyata keçirir. İddiaçı MMC fəaliyyətə başladığı gündən etibarənöz işgüzar nüfuzunu qorumaq üçün cəmiyyətdə müsbət imic formalaşdıraraq, vətəndaşların və digər sahibkarlıq subyektlərinin etibarını qazanmışdır. İddiaçı MMC fəaliyyətə başladığı ildən X6 Birliyinin peşəkar standartlarına cavab verdiyi üşün İATA (X5 Association) tərəfindən sertifikat təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sertifikatdan da göründüyü kimi ******* nömrəli İATA kodu verilmiş və müqavilə bağlanmışdır. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Cavabdeh MMC ilə aralarında 05.09.2018-ci il tarixdə “Aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən agent- İddiaçı MMC mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə-"xxxx" MMC-yə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin, müqavilədə nəzərdə tutulmuş qaydada agentə ödənilməsini öhdəsinə götürmüşdür. Bir sözlə cavabdeh tərəfindən aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişləri yalnız İddiaçı MMC vasitəsi ilə sifariş edəcəklərini və bununlada qeyd olunan sifarişlər barədəki ödənişlərin vaxtında və tam İddiaçı MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişlər verilməyə başlandı. İlk öncə müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənişlər vaxtında icra olunsada sonralar problemlər yaranmağa başladı. Belə ki, cavabdeh müxtəlif vaxtlarda aviabiletlərin alınması barədə sifarişlərdən 5378 manat borcu, otellərin bron edilməsi xidmətləri üzrə isə 11611 manat, ümumilikdə 16989 manat məbləğində İddiaçı MMC-yə ödənilməmiş borcu qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri Qanuni nümayəndə, o cümlədən İddiaçı MMC-nin vəkili X3 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X7 iddianı qismən qəbul edərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 15300 manat borcunun olduğunu bildirərək bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05.09.2018-ci il tarixli aviadaşımaların satış hüququnun verilməsinə dair müqavilənin təsdiq edilmiş surətindən görünür ki, agent - İddiaçı MMC mümkün olan reyslərə sərnişin daşımaları (bundan sonra – aviadaşıma) satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə - Cavabdeh MMC-yə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür. İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş 29.04.2019-24.10.2020-ci il dövr ərzində satılmış aviadaşımalar üzrə cədvəldən görünür ki, həmin dövrə qədər ümumilikdə 29336,94 manat aviabiletlər satılmış, 23958,94 manat ödəniş edilmiş və qalıq borc 5378 manat təşkil edir. İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş 2019-cu ilin iyul-avqust ayları ərzində otellərin bron edilməsi xidmətləri üzrə cədvəldən görünür ki, ümumilikdə 9421,56 manat məbləğində otel nömrələri bron edilmiş (satılmış), 9087,84 manat məbləğində faktiki ödəniş edilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, tərəlfər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, Cavabdeh MMC müxtəlif vaxtlarda aviabiletlərin alınması barədə sifarişləri həyata keçirmiş və otellərin bron edilməsi üzrə xidmətlər göstərmişdir. Cavabdeh MMC (nümayəndə X7) sözügedən xidmətlər üzrə İddiaçı MMC-yə 15300 manat məbləğində borcu olduqlarını etiraf etmiş və məhkəmə tərəfindən həmin etiraf qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qismən 15300 manat həcmində qəbul etdiyindən iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05.09.2018-ci il tarixli aviadaşımaların satış hüququnun verilməsinə dair müqavilə üzrə yaranmış 15300 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 90,05%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 90,05%-i, yəni 27,01 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15300 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27,01 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2303/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2303/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver