Məhkəmə qərarları › İş №e-2-2(113)-2303/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2303/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2303/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV xaric 38419 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma ilə beton və pompa məhsullarının alqı-satqısı həyata keçirilmişdir. xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il tarixinədək müxtəlif vaxtlarda edilən satış nəticəsində 48491 manat dəyərində cəmi 605 m3 miqdarında beton və 5450 manat dəyərində pompa satılmışdır. Məhsullar qarşı tərəfə tam təhvil veriləndən sonra ödəniş edilməsi barədə razılığa gəlsələr də cavabdeh beton və pompaların heç birinin dəyərini ödəməmişdir. Cavabdehə dəfələrlə şifahi olaraq və məktubla müraciət edərək malın dəyərinin ödənilməsini və ya eyni keyfiyyətli malı iddiaçıya qaytarılmasını tələb etmişlər. Ancaq cavabdeh tərəfindən müraciətə hər hansı bir cavab verməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə tərəflər arasında hər hansı bir yazılı müqavilə olmadığından tələbin qanuni əsası kimi əsassız varlanma göstərilmişdir. Belə ki, cavabdehə təhvil verilmiş beton və pompanın qaytarılması təklif edilmiş, lakin bu tələb icra edilməmiş, bu səbəbdən onların dəyəri hazırda cavabdehdən tələb edilir. Təhvil verilmiş malların dəyərindən cəmi 18315,96 manat hissəsi ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ç.Nağıyev yazılı ərizə verərək bildirdi ki, tərəflər arasında beton alqı-satqısına dair müqavilə olmuş, lakin hər hansı yazılı müqavilə imzalanmamış, iddiaçı tərəfindən onlara 42108,30 manat dəyərində mal təhvil verilmiş, 18315,96 manat ödəniş edilmiş, qalan hissəsi, yəni 23792,34 manat ödənilməmişdir. Bu səbəbdən hazırda iddiaçıya olan borcun məbləği 23792,34 manat təşkil edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən cavabdehə göndərilmiş 16 mart 2022-ci il tarixli 58 nömrəli məktubdan görünür ki, iddiaçı cavabdeh tərəfindən ödənilməmiş 53941 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini tələb etmişdir. EAAJ 475818 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaiməyə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borcun məbləği 12415,96 manat təşkil edir. Hüquqi dəyərləndirmə: İddiaçı tərəflər arasında hər hansı müqavilənin olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Belə ki, bu hal tərəflərin nümayəndələrinin izahatları, EAAJ 475818 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimə, alınan malların dəyərinin bir qisminin ödənilməsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçı cavabdehdən hazırda 38419 manat ödənilməsini tələb etsə də, bunu təsdiq edən mötəbər və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimə və hesab fakturalar məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alına bilməz, belə ki, həmin qaimələrdə malın kim tərəfindən və kimə təhvil verilməsi, malı miqdarı, çəkisi və qiyməti barədə məlumatlar dəqiq olaraq (bəzilərində isə ümumiyyətlə) göstərilməmiş, bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən də təkzib edilmişdir. Halbuki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin iddianı etiraf etdiyi hissədə təmin edilməli, cavabdehdən 23792,34 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 23792,34 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 28 fevral 2022-ci il tarixli MŞB/5-00403 nömrəli arayışa əsasən, tərəflər mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumunun 300 manatı cavabdehə, 100 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23792,34 (iyirmi üç min yeddi yüz doxsan iki manat otuz dörd qəpik) manat məbləğində pul və ödənilmiş 300 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar