Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2306/2021 19.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "Su-Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti ("Su-Travel” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 mart 2018-ci il tarixli, 0034 nömrəli “Turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” müqavilə əsasında iddiaçı "Su-Travel” MMC tərəfindən həyata keçirilmiş turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlərinə görə - 18299 (on səkkiz min iki yüz doxsan doqquz) manat məbləğində əsas borc və 14127 (on dörd min yüz iyirmi yeddi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32426 (otuz iki min dörd yüz iyirmi altı) manat məbləğində borcun Cavabdeh MMC-dən iddiaçı "Su-Travel” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında 09 mart 2018-ci il tarixdə “Turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” 0034 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən icraçı sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfırliyinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir, yəni Sifarişçiyə daxili və beynəlxalq daşımalara dair təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və tərəflər arasında yazılı şəkildə razılaşdırılmalı olan digər xidmətləri göstərmək üzrə öhdəliyini qəbul etmiş, sifarişçi isə qəbul etdiyi sifarişləri öz vaxtında rəsmiləşdirməyi və İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən İcraçı Sifarişçiyə xidmətlərin göstərilməsindən sonra göstərilən xidmətlərə dair hesab-faktura üzrə ödənişi 15 bank günü ərzində həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.8-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda icraçı yaranmış borc məbləği üzrə hər gecikmə gününə görə 0,01% həcmində cərimə sanksiyası tətbiq edəcəkdir. Cavabdehə 528 saylı, 25 aprel 2018-ci il tarixli, 13 047 manat məbləğində; 535 saylı, 05 iyun 2018-ci il tarixli, 13 917 manat məbləğində və 550 saylı, 13 avqust 2018-ci il tarixli, 9335 manat məbləğində hesab-fakturalar təqdim olunmuş və cəmi borc 36299 manat təşkil etmişdir. Cavabdeh şirkət həmin borcdan yalnız 18000 manat vəsait ödəmişdir. İddiaçı ilə cavabdeh arasında aparılmış elektron yazışmaya və cavabdehin borcu ödəmək barədə razılığı olmağına baxmayaraq, bu günə kimi qalan 18299 manat borc cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 4.8-ci bəndinin tələbini nəzərə alaraq, cavabdehdən əsas borcla yanaşı, hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0.1% məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır: 09 mart 2019-cu il tarixdən hazırkı tarixədək günlərin sayı olan 772 gün üçün 14127 (18 299/100 * 0,1% * 772= 14127) manat pul ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə 14 aprel 2021-ci il tarixdə pretenziya məktubu göndərilərək, cavabdehdən pretenziya məktubunu aldığı gündən 3 (üç) gün ərzində 18299 (on səkkiz min iki yüz doxsan doqquz) manat məbləğində əsas borc, 13998 (on üç min doqquz yüz doxsan səkkiz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32297 (otuz iki min iki yüz doxsan yeddi) manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən pretenziya məktubuna münasibət bildirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 2018-ci il tarixli, 0034 nömrəli “Turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” müqavilə əsasında iddiaçı "Su-Travel” MMC tərəfindən həyata keçirilmiş turizm sahəsində korporativ xidmətə və kompleks xidmətlərinə görə - 19299 (on doqquz min iki yüz doxsan doqquz) manat məbləğində əsas borc və 23544,78 (iyirmi üç min beş yüz qırx dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 42843,78 (qırx iki min səkkiz yüz qırx üç manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun Cavabdeh MMCdən iddiaçı "Su-Travel” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 18299 (on səkkiz min iki yüz doxsan doqquz) manat məbləğində əsas borc, 14127 (on dörd min yüz iyirmi yeddi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32426 (otuz iki min dörd yüz iyirmi altı) manat məbləğində borcun Cavabdeh MMC-dən iddiaçı "Su-Travel” MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdi. Hazırda iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, iş materiallarında olan 23.05.2018-ci il tarixli və 10.07.2018-ci il tarixli bank çıxarışlarından da görünür ki, cavabdeh tərəfindən 23.05.2018-ci il tarixdə 5000 manat, 10.07.2018-ci il tarixdə isə 12000 manat, ümumilikdə 17000 manat pul məbləği iddiaçının bank hesabına ödənilmişdir, bu səbəbdən hazırkı iş üzrə əsas borc məbləğinin qalığı aşağıdakı qaydada hesablanmalıdır: 36299 (əsas borc məbləği) – 17000 (ödənilmiş borc məbləği) = 19299 manat (əsas borc məbləğinin qalığı). Nəzərə alsaq ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına sonuncu ödəniş 10.07.2018-ci il tarixdə edilmişdir, bu səbəbdən cərimə borcunun məbləği artırılaraq aşağıdakı qaydada hesablanmalıdır: 10 iyul 2018-ci il tarixdən 11 noyabr 2021-ci il tarixədək günlərin sayı = 1220 gün; 19299/100*0.1%*1220 = 23544,78 (iyirmi üç min beş yüz qırx dörd manat yetmiş səkkiz qəpik) manat. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında mövcud olan müqaviləyə və özünün təqdim etdiyi hesab fakturalara istinad edir və sübut kimi təqdim edir. Lakin həmin hesab fakturaların nəyin əsasında təqdim edilməsini, ordakı sifarişlərin həqiqətən də "xxxx" MMC tərəfindən verilməsini və iddiaçı tərəfindən tələb olunan ödənişlərə görə xidmətlərin həqiqətən də təqdim edilməsini sübut edən dəlillər təqdim edilməmişdir. Müqavilənin 6.1.1 və 6.2.1 bəndlərinə əsasən tərəflər müqavilə üzrə əlaqələndirici şəxslər təyin etməlidir və bütün sifarişlər həmin şəxslər vasitəsi ilə yerləşdirilməlidir. İddiaçının təqdim etdiyi sənədlərdə əlaqələndirici şəxslərin kimlər olması və sifarişlərin əlaqələndirici şəxslər tərəfindən verilməsinə dair sübutlar təqdim edilməmişdir. Həmin hesab fakturalarla tanışlıq zamanı tərəflərindən müəyyən olunmuşdur ki, əksər şəxslərin "Softlayn İnterneyşnl' MMC ilə ümumiyyətlə əlaqəsi yoxdur və heç zaman bu adlarda əməkdaşları olmamışıdır. İddiaçının nümayəndələri məhkəmə iclasında iştirak edən zaman iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 verdiyi ifadəsində bildirdi ki, 2016-cı ildən 2018-ci ilin oktyabr ayının ikisinə qədər Cavabdeh MMC-nin direktoru olmuşdur. Həmçinin hazırda da həmin hüquqi şəxsin təsisçilərindəndir. Aviabilet alınmış şəxslər Cavabdeh MMC-nin işçiləri və qonaqlar olmuşlar. Biletlər email vasitəsilə sifariş edilirdi. Səbinə Baxşəliyeva və Diana Bağırova Cavabdeh MMC-nin rəsmi işçiləri olmuşlar. Bilet sifarişlərini email vasitəsilə Səbinə Baxşəliyeva və Diana Bağırova verirdi. Əgər şirkətin işçiləri özləri üçün aviabilet sifariş verirdilərsə, həmin biletin məbləği onların əmək haqqından tutulurdu. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində "Su-Travel” MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 09.03.2018-ci il tarixli 0034 saylı “Turzim sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən İcraçı Sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfirliyinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir; yəni Sifarişçiyə daxili və beynəlxalq daşımalara dair təyyarə və dəmiryoi biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortalarin rəsmiləşdirilməsi, Tərəflər arasında yazılı şəkildə razılaşdırılmalı olan digər xidmətləri göstərmək üzrə öhdəliyini qəbul edir. Sifarişçi qəbul etdiyi sifarişləri öz vaxtında rəsmiləşdirməyi və İcraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən İcraçı sifarişçi tərəfindən hər bir konkret halda təqdim olunmuş sifarişə müvafiq olaraq öz üzərinə aşağıdakı öhdəlikləri götürür: - bronlaşdırmanın avtomatlaşdırılmış sistemlərində yerlərin olmasından çıxış edərək, daşınmalara dair mümkün qədər güzəştli tariflər tətbiq etməklə Sifarişçinin tələbnaməsi əsasında təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması və rəsmiləşdirilməsini həyata keçirmək; - Sifarişçinin əlavə tələbi əsasında mehmanxanaların bronlaşdırılması, transferin təşkili, avtomobillərin icarəsi kimi səfərlə əlaqəli olan xidmətlərin sifarişini və satışını həyata keçirmək; rəsmiləşdirilmiş sənədlərin Sifarişçiyə çatdırılmasını həyata keçirmək və Sifarişçiyə İcraçının xidmətlərinin ödənişinə dair hesab-fakturanı təqdim etmək. 2.2-ci bəndinə əsasən Sifarişçi öz üzərinə aşağıdakıları öhdəlikləri götürür: İcraçı tərəfindən hesab-faktura təqdim olunduğu andan etibarən 15 bank günü ərzində sifariş edilmiş xidmətlərin haqını nağdsiz qaydada ödəmək; daşıma və ya digər sənədlərin rəsmiləşdirilməsi üçün kifayət edən müddətlərdə tələbnamələri İcraçıya yazılı, ya da elektron, yaxud faks şəklində təqdim etmək; həmin müddətlər daşıyıcılar tərəfindən müəyyən olunmuş qaydalardan asılıdır; İcraçıya adlarına biletlərin bronlaşdirıldığı, yaxud yazıldığı və ya xidmətlər göstərilən şəxslər barədə məlumatı vaxtında təqdim etmək; Sifarişçi təqdim etdiyi tələbnamədə göstərdiyi müştərilərin soyadları, adları və ya ata adlarının düzgünlüyünə görə tam məsuliyyət daşıyır; müvafiq xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq İcraşıya hər hansı dəyişikliklər barədə yazılı şəkildə vaxtında məlumat vermək; təyyarə və dəmiryol biletlərinin qaytarılması, mehmanxanaların bronlaşdırılmasından, yaxud bu müqavilə üzrə digər xidmətlərdən imtina zamanı Sifarişçi bununla əlaqədar olan tutulmuş məbləğləri və bu xidmətlərin göstərilməsi ilə əlaqədar olan digər xərcləri İcraçıya ödəməyi öhtəsinə götürür. 3.1-ci bəndinə əsasən İcraçı biletləri tərəflərin razılaşdığı qaydada və sifarişdə göstərilən gündə Sifarişçinin ofisinə pulsuz (Bakı şəhəri daxilində) çatdırır. 4.4-ci bəndinə əsasən İcraçı Sifarişçiyə xidmətlərin göstərilməsindən sonra göstərilən xidmətlərə dair hesab-faktura üzrə ödənişi 15 bank günü ərzində həyata keçirir. 4.5-ci bəndinə əsasən İcraçi faktiki həyata keçirilmiş və istifadə olunmuş xidmətlərlə əlaqədər olaraq, Sifarişçi ilə hesablaşmalar apara bilər və bu hallarda İcraçi hər ayin 15-i və 30-u tarixlərində Sifarişçi ilə hesablaşmaların tutuşdurulması aktını tərtib edir, göstərilən xidmətlərin ödənişinə dair hesab-faktura verir və həmin sənədləri Sifarişçiyə təqdim edir. Sifarişçi isə (bir) iş günü ərzində Aktı imzalayır və hesab-faktura üzrə məbləği ödəyir. Hesablaşmaların tutuşdurulması Aktı qəbul edildiyi andan etibarən 1 (bir) gün ərzində təkzib edilmədiyi təqdirdə Sifarişçi tərəfindən imzalanmış olunur. - İş materiallarında olan e-mail yazışmalarından görünür ki, tərəflər arasında biletlərin qiymətləri, bronlaşdırılması, sifarişi və s. kimi danışıqlar e-mail vasitəsilə həyata keçirilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "xxxx" MMC-yə ünvanlanmış 25.04.2018-ci il tarixli, 528 nömrəli İnvoice (hesab faktura) adlı sənəddən görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu ümumilikdə məbləğ 13047 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "xxxx" MMC-yə ünvanlanmış 05.06.2018-ci il tarixli, 535 nömrəli İnvoice (hesab faktura) adlı sənəddən görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu ümumilikdə məbləğ 13917 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilərək "xxxx" MMC-yə ünvanlanmış 13.08.2018-ci il tarixli, 550 nömrəli İnvoice (hesab faktura) adlı sənəddən görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu ümumilikdə məbləğ 9335 manat təşkil edir. - 09.07.2018-ci il tarixli, EAAK seriyalı, 441593 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12000 manat təşkil edir. - 10.07.2018-ci il tarixli, 113İPXO181911775 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin AZ17RBTA******************** nömrəli hesabına 12000 (on iki min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 09.07.2018-ci il tarixli EAAK 441593 nömrəli elektron qaimə üzrə ödəniş qeyd olunmuşdur. - 23.05.2018-ci il tarixli, 113İPXO181430234 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin AZ17RBTA******************** nömrəli hesabına 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 25.04.2018-ci il tarixli, 528 nömrəli İnvoice üzrə hissəvi ödəniş qeyd olunmuşdur. - "Su-Travel” MMC tərəfindən 14.04.2021-ci il tarixdə pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək 3 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, tərəflər arasında 09.03.2018-ci il tarixli “Turzim sahəsində korporativ xidmətə və kompleks xidmətlər göstərilməsinə dair” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri möbcud olmuşdur. İddiaçı yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır. Ona gödə də iddiaçının cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin bir hissəsini 19299 (on doqquz min iki yüz doxsan doqquz) manat məbləğində əsas borcun cavabdehdən tutulması təşkil edir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, müəyyən olunur ki, iddiaçı sübut qismində məhkəməyə birtərəfli qaydada tərtib olunmuş 3 hesab faktura (invoys) təqdim etmiş, həmin invoyslar üzrə ümumi məbləğ 36299 manat təşkil edir. Həmin məbləğdən ödənilmiş 17000 manat çıxılaraq cavabdehdən 19299 manat məbləğin tutulması tələbi irəli sürülmüşdür. 25.04.2018-ci il tarixli, 528 nömrəli hesab faktura (invoice) üzrə 5000 manat ödəniş edilmişdir. Bu hal məhkəməyə təqdim olunan 23.05.2018-ci il tarixli, 113İPXO181430234 nömrəli ödəniş tapşırığı ilə təsdiq olunur. Belə ki, həmin sənəddən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin AZ17RBTA******************** nömrəli hesabına 5000 (beş min) manat məbləğində ödəniş edilmiş, ödənişin təyinatı hissəsində isə 25.04.2018-ci il tarixli, 528 nömrəli İnvoice üzrə hissəvi ödəniş qeyd olunmuşdur. 25.04.2018-ci il tarixli, 528 nömrəli, tərəflərin təsdiq etdiyi başqa bir faktura məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə həmin hesab fakturanı (invoyce) sübut qismində qəbul edir və hesab edir ki, həmin faktura üzrə ödənilməmiş qalan 8047 manat (13047-5000=8047) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər iki fakturaya gəldikdə isə həmin fakturaları məhkəmə sübut qismində qəbul etmir. Belə ki, həmin fakturalar birtərəfli qaydada tərtib olunmuş və həmin fakturalar üzrə qeyd olunan məbləğlərdə sifarişlərin verilməsi, fakturaların cavabdehə təqdim olunması, həmçinin tərəflər arasında bağlanmış müqaviənin 4.5-ci bəndində göstərilən qaydada hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. İddiaçının təqdim etdiyi 05.06.2018-ci il tarixli, 535 nömrəli hesab faktura (invoice) adlı sənəddən görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu ümumi məbləğ 13917 manat qeyd edilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə 09.07.2018-ci il tarixli, EAAK seriyalı, 441593 nömrəli elektron qaimə göndərilmiş, həmin qaimə üzrə ödənilməli olan ümumi məbləğ 12000 manat təşkil etmiş və həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Sifarişlərlə bağlı iddiaçı məhkəməyə e-mail yazışmaları təqdim etmişdir. Lakin həmin yazışmalardan hazırkı məbləğdə sifarişlərin verilməsi öz təsdiqini tapmır. Məhkəməyə iddiaçı tərəfindən biletlərlə bağlı çıxarışlar təqdim olunmuşdur. Lakin həmin sifarişlərin məhz cavabdeh tərəfindən sifariş verilməsi öz təsdiqini tapmır. Belə ki, onlar şəxsi qisimdə də sifariş edilə bilərdi. Qeyd olunmalıdır ki, müqavilənin 2.1-ci bəndinə əsasən İcraçı sifarişçi tərəfindən hər bir konkret halda təqdim olunmuş sifarişə müvafiq olaraq öz üzərinə öhdəliklər götürmüşdür (sifarişçinin tələbnaməsi əsasında təyyarə və dəmiryol biletlərinin bronlaşdırılması və rəsmiləşdirilməsini həyata keçirmək; Sifarişçinin əlavə tələbi əsasında mehmanxanaların bronlaşdırılması, transferin təşkili, avtomobillərin icarəsi kimi səfərlə əlaqəli olan xidmətlərin sifarişini və satışını həyata keçirmək; - rəsmiləşdirilmiş sənədlərin Sifarişçiyə çatdırılmasını həyata keçirmək və Sifarişçiyə İcraçının xidmətlərinin ödənişinə dair hesab-fakturanı təqdim etmək). İddiaçı məhz cavabdehin verdiyi sifarişlər, hazırkı iddia tələbinin (əsas borcla bağlı) qalan hissədə əsaslılığı, həmin hissədə haqqı ödənilməyən xidmətlərin göstərilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 23544,78 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdehndən 8047 (səkkiz min qırx yeddi) manat əsas borc, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 8547 (səkkiz min beş yüz qırx yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8047 (səkkiz min qırx yeddi) manat əsas borc, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 8547 (səkkiz min beş yüz qırx yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2306/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2306/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver