Məhkəmə qərarları › İş №e-2-2(113)-2306/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2306/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2306/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 11026,96 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixində 02/24 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin 1.1-ci maddəsin əəsasən, iddiaçı müqavilənin ilk ayından etibarən müqavilə müddəti bitənədək cavabdehin tapşırığına görə cavabdehə bekoloder vasitəsi ilə yüklərin qaldırılması və boşaldılması xidmətlərini həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək 11200 manat borc məbləği mövcuddur. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, yaranmış qalıq borcun müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməsi tələb edilmişdir. Əks halda, mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən pretenziya məktubuna heç bir cavab reaksiyası göstərməmişdir. Həmçinin bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, cavabdeh isə açıq və aşkar şəkildə borcun ödənilməsindən boyun qaçırmaqdadır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 442.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və göstərdi ki, xx.xx.2024-cü il tarixli elektron qaimələrin bir hissəsinin dəyəri ödənilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli elektron qaimələr cavabadeh tərəfindən düzəlişə qaytarılmışdır. Halbuki dəyəri ödənilməyən, həmçinin düzəlişə qaytarılan elektron qaimələrdə dəyəri əks olunan xidmətlər göstərilmişdir. Cavabdeh tərəf əvvəlki aktları təsdiqləsə də, sonradan bundan imtina etmişdir. Ona görə də xidmətlərin göstərilməsi dayandırılmışdır.

7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X2 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/24 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilə görə İcraçı Sifarişçinin sifarişi ilə bekoloder vasitəsi ilə yüklərin qaldırılması və boşaldılması xidmətlərini həyata keçirir (1.1). Sifarişçi göstərilmiş xidmətə görə bu müqavilə ilə müəyyən olunmuş xidmət haqqını İcraçıya ödəyir (1.2). İcraçı sürücüyə aid olan xərcləri öz vəsaiti hesabına həyata keçirir (1.3). Hesablaşma hər iki tərəfin razılığı ilə nağd və ya köçürmə yolu ilə ödənilir (2.1). İşlərin qəbulu mərhələlərlə (Müqaviləyə Əlavə, uyğun təhvil sənədləri, akt tərtib edilib imzalanmaqla) həyata keçirilir (2.2). Göstəriləcək xidmətlərin məbləği bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələr (X1) və AKT-da göstərilmişdir (4.1). Hazırkı Müqavilə üzrə hesablaşmalar Azərbaycan manatı ilə nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Xarici valyuta ilə ödənişlər Azərbaycan Respublikasının valyuta tənzimi haqqında qanunvericiliyinin tələblərinə müvafiq olaraq həyata keçirilir (4.2).

12. Məhkəməyə təqdim edilən elektron qaimıə-fakturalardan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli EBDZ 223256 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6984,42 manat, xx.xx.2024-cü il tarixli EBEA 657231 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5900 manat, xx.xx.2024-cü il tarixli MT2404 00665743 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 9532,04 manat, xx.xx.2024-cü il tarixli MT2406 10227188 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6431 manat, xx.xx.2024-cü il tarixli MT2406 11008889 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5900 manat, xx.xx.2024-cü il tarixli MT2410 11228089 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4765,3828 manat, xx.xx.2024-cü il tarixli MT2410 11228323 seriya və nömrəli elektron qaimə ƏDV daxil 1815,3828 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 41328,22 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı cavabdehə göndərilmişdir.

13. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBDZ 223256 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 5919 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli EBEA 657231 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 5000 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT2404 00665743 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 8078 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli MT2406 10227188 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 5000 manat olmaqla 23997 manat ödəniş edilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixli EBEA 657231 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən, xx.xx.2024-cü il tarixli EBDZ 223256, xx.xx.2024-cü il tarixli MT2404 00665743, xx.xx.2024-cü il tarixli MT2406 10227188, xx.xx.2024-cü il tarixli MT2410 11228089 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli MT2410 11228089, xx.xx.2024-cü il tarixli MT2410 11228323 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən düzəlişə qaytarılmışdır.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 02/24 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi ilə bekoloder vasitəsi ilə yüklərin qaldırılması və boşaldılması xidmətlərini həyata keçirməyi, cavabdeh isə göstərilmiş xidmətə görə müqavilə ilə müəyyən olunmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən göstərilmiş ümumilikdə ƏDV daxil olmaqla 41328,22 manat dəyərində xidmətlərlə bağlı cavabdehə elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh tərəfindən elektron qaimələrə istinad edilməklə 23997 manat (ƏDV-siz) ödəniş edilmişdir.

16. İddiaçı xx.xx.2024-cü il tarixli 02/24 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyəri olan 11026,96 manat məbləğində pulun tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02/24 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

27. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

28. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

29. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının nağd və ya köçürmə yolu ilə ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

36. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 11026,96 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 125 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, yuxarıda göstərilənləri və iddianın qiymətinə uyğun dövlət rüsumunun 125 manat olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 11026,96 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar