Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2308/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 Publik hüquqi şəxsinin nümayəndəsi X5, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMCdən“Bəhrəmtəpə-2”, “Qudyalçay” və “Aşağı Seyfəli” yataqlarında faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində ümumilikdə 2.446.775 (iki milyon dörd yüz qırx altı min yeddi yüz yetmiş beş) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X2 (iddiaçı) tərəfindən çay hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-2” yatağında "xxxx" MMC tərəfindən “Dağmədən Ayırması” aktı və müvafiq lisenziya olmadan faydalı qazıntı (qum-çınqıl) çıxarılması aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin “Bəhrəmtəpə-2” yatağında istismar etdiyi sahə 09 avqust 2018-ci il tarixli 01050 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə mərhum X4 istifadəsinə verilmişdir. Fiziki şəxs İlqar İbrahimov həmin sahədən istifadə etməyib və həmin ərazi İmişli Rayon İcra Hakimiyyəti Başçısının 6 noyabr 2018-ci il tarixli 201 nömrəli Sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin həmin torpaq sahəsinin altında yerləşən yer təki sahəsi faydalı qazıntıların çıxarılması məqsədi ilə müvafiq qaydada cavabdehə ayrılmamışdır. 20 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq 29.12.2020-ci il tarixli, 36/244 nömrəli məktubla həmin sahədə hasilat işlərinin aparılması qadağan edilməsinə baxmayaraq, cavabdeh sahədə faydalı qazıntıların çıxarılmasını davam etdirmişdir. 23 mart 2021-ci il tarixdə “Bəhrəmtəpə-2” yatağında keçirilmiş baxış zamanı cavabdeh tərəfindən istismar işlərinin aparılması aşkar edilmişdir. Sahədə müşahidə edilmiş xüsusi texnikanın fotoşəkilləri çəkilmişdir. Cavabdeh 15 yanvar 2021-ci il tarixli 14 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, həmin torpaq sahəsi İmişli Rayon İcra Hakimiyyəti Başçısının 6 noyabr 2018-ci il tarixli 201 nömrəli Sərəncamı onun ayrılmış və Yerin təki haqqında qanunun 17-ci maddəsinə əsasən torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək məqsədi ilə partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılması hüququ verilmişdir. İddiaçı bildirmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi dövlətə məxsusdur və həmin maddə yalnız torpaq mülkiyyətçilərinə satış məqsədi olmadan faydalı qazıntıları çıxarmaq hüququ verir. Araz çayının hövzəsində yerləşən“Bəhrəmtəpə-2” yatağında İddiaçının əməkdaşları tərəfindən 20.10.2020-ci il tarixdə keçirilən baxış zamanı yatağın ərazisində "xxxx" MMC tərəfindən 2497 m sahədə orta istismar dərinliyi 2.5 metr təşkil edən sahədə ümumi 6242 kub.m həcmdə qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Eyni zamanda Quba rayonu ərazisində yerləşən “Qudyalçay” yatağında İddiaçının əməkdaşları tərəfindən 07 oktyabr 2020-ci il tarixdə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə ayrılmış yer təki sahəsindən istifadəyə icazə verən 00907 nömrəli “Dağ-mədən ayırması” aktının müddəti 25 may 2020ci ildə bitməsinə baxmayaraq ərazidə qum-çınqıl hasilatı aparıldığı müəyyən edilmişdir. Sahədə ümumilikdə 169.150 kub.m faydalı qazıntı hasil edilmiş, müddət bitdikdən sonra isə təxmini 35 000 m qum-çınqıl qarışığı çıxarılmışdır. 28 yanvar 2021-ci il tarixdə “Aşağı Seyfəli” qum-çınqıl yatağında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazi cavabdehin istifadəsinə 31.12.2020-c il tarixə qədər verilmişdir. Cavabdeh “Dağ-mədən ayırması” aktı ilə ona ayrılmış sahənin daxilində 26956 kv.m sahədə orta istismar dərinliyi 6.9 metr olmaqla 186.003 kub.m , xaricində isə 64.943 kv.m sahədə orta istismar dərinliyi 6.9 metr olmaqla 448.113 kub.m həcmində hasilat aparmışdır. Baxış zamanı iddiaçının əməkdaşları tərəfindən ərazinin rekultivasiya olunduğu müşahidə olunmuşdur. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: · “Bəhrəmtəpə-2” yatağında 6242 m * 5 manat = 31 210 manat; · “Qudyalçay” yatağında 35000 m * 5 manat = 175 000 manat ; · “AşağıSeyfəli” yatağında 448113 m * 5 manat = 2 240 565 manat. Ümumilikdə isə 2 446 775 (iki milyon dörd yüz qırx altımin yeddi yüz yetmiş beş) manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 Publik hüquqi şəxsinin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tərəf Bəhramtəpə-2 yatağına 20.10.20-ci il tarixdə baxış keçirmiş, yoxlama nəticəsində cavabdeh tərəfindən 6242 kub.m qum çınqıl hasil etməsinə dair eyni tarixli akt tərtib edərək 31.120 manat ziyan hesablamışdır. Həmçinin iddiaçı tərəf 28.01.2021-ci il tarixdə Aşağı Seyfəli yatağına baxış keçirmişdir. Baxış zamanı cavabdehə ayrılmış daş-mədən ayırması aktının 31.12.2020-ci il tarixdə bitdiyi müəyyən edilmiş və cavabdehə dağ-mədən aktı ilə ayrılmış torpaq sahəsindən kənarda 448.113 kub.m. qum çınqıl-hasil edilməsinə dair eyni tarixli akt tərtib edərək, 2.240.565 manat məbləğində ziyan hesablanmışdır. Bundan başqa iddiaçı tərəfindən Qudyalçay yatağına 07.10.2020-ci il tarixdə baxış keçirərkən cavabdehə ayrılmış dağ-məfən ayırması aktının 25.05.2020-ci il tarixdə bitdiyi müəyyən edilmiş və dağ mədən aktının müddəti bitdikdən sonra təxmini 35.000 kub.m qum çınqıl hasil edilməsinə dair eyni tarixli akt tərtib edilərək 175.000 manat ziyan hesablanmışdır. Məhkəmə hazırki işin həlli baxımından ilk növbədə qeyd edir ki, işdə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkətinin törətməsi və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, hazırki işdən də göründüyü kimi, iddiaçı tərəfindən Aşağı Seyfəli yatağına baxış zamanı hesablanmış ziyan ancaq dağ-mədən aktı ilə ayrılmış torpaq sahəsindən kənarda aparılmış hasilat işləri ilə bağlıdır. Belə olan halda, kənarda aparılmış hasilat işlərin məhz cavabdeh tərəfindən aparılmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd edilən yataqda ayrılmış torpaq sahəsindən kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparılmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda qeyd edilən yataqda kənarda aparılmış hasilat işlərinə görə cavabdehdən 2.240.565 manat ziyanın tələb edilməsi əsassızdır. Həmçinin işdən görünür ki, Qudyalçay yatağına 07.10.20-ci il tarixdə baxış keçirilərkən dağ-mədən aktının 25.05.20-ci il tarixdə bitdiyi müəyyən edilmiş və qeyd edilən müddət bitdikdən sonra təxmini 35.000 kub.m hasilat işlərinin aparıldığına istinad edərək iddiaçı 175.000 manat ziyan tələb edir. Qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hasilat işlərinin məhz dağ-mədən ayırması aktının müddəti keçdikdən sonra aparılmasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında dağ-mədən aktının müddətinin keçməsindən sonra hər-hansı bir hasilat işlərinin aparılmadığını, buna dair hər hansı bir sübut (foto şəkil və.s) olmadığını bildirmişdir. İddiaçı tərəf isə qeyd edilən hasilat işlərinin məhz dağ-mədən ayırması aktının müddətinin bitdiyi tarixdən sonra aparılmasına dair hər hansı bir sübutu təqdim edə bilmədiyindən cavabdehdən qeyd edilən yatağa görə hesablanmış 175.000 ziyanın tələb edilməsi əsassızdır. Bundan başqa iddiaçı tərəf Bəhramtəpə-2 yatağına 20.10.2020-ci il tarixdə baxış keçirmiş, baxış zamanı cavadeh tərəfindən dağ-mədən aktı olmadan 6242 kub.m həcmində hasilat işlərinin aparıldığına istinad edərək 31.120 manat məbləğində ziyan hesablamışdır və eyni tarixli akt tərtib edilmişdir. İş materiallarında olan İmişli RİH-nin 06.11.2018-ci il tarixli sərəncamından görünür ki, 10 ha torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün cavabdehin istifadəsinə verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, qeyd edilən yatağa dair 09 avqust 2018-ci il tarixli 01050 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə mərhum X3 istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bəhramtəpə-2 yatağında cavabdeh tərəfindən hər hansı bir hasilat işlərinin aparılmadığını, aparılmış hasilat işlərinin onlardan öncə fəaliyyət göstərmiş şəxslər tərəfindən edildiyini və aktın 20.10.20-ci il tarixdə tərtib edilməsinə baxmayaraq elektrik enerjisinin yatağa 16.09.20-ci il tarixdə çəkildiyini bildirərək, onlar tərəfindən hasilat işlərinin aparılmasının qeyri-mümkün olduğunu bildirmişdir. İş materiallarında olan Azərişıq ASC tərəfindən verilmiş 16.09.20-ci il tarixli arayışın surətindən görünür ki, arayış verilir "xxxx" MMC-yə (İmişli rayonu, Bəhramtəpə kənsi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə) ondan ötəri ki, o həqiqətən Azərişıq ASC tərəfindən verilmiş MTŞ-20/313 saylı, 10.08.2020-ci il tarixli texniki şərtləri yerinə yetirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bəhramtəpə-2 yatağında aparılmış iddiaçı istinad etdiyi 6242 kub.m hasilat işlərinin məhz cavabdeh tərəfindən aparrılmasına dair hər hansı bir sübut (foto şəkil, video) təqdim edilmədiyindən cavabdehdən 31.210 manat ziyanın tələb edilməsi əsassızdır. Bundan başqa həmçinin qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan aktdan görünür ki, cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 Publik hüquqi şəxsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2308/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2308/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver