Məhkəmə qərarları › İş №e-2-2(113)-2309/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2309/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2309/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakları ilə, “İddiaçı ” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı ” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh” MMC-dən 16.846 (on altı min səkkiz yüz qırx altı) manat borcun, habelə 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC X11 Dövlət Qeydiyyatı İdarəsində 02 mart 2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cəmiyyət Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və nizamnaməsi əsasında vətəndaşlara turizm xidmətləri və aviabiletlərin satışından ibarət xidmətlər həyata keçirir. İddiaçı MMC fəaliyyətə başladığı gündən etibarən öz işgüzar nüfuzunu qorumaq üçün cəmiyyətdə müsbət imic formalaşdıraraq, vətəndaşların və digər sahibkarlıq subyektlərinin etibarını qazanmışdır. İddiaçı MMC fəaliyyətə başaldığı ildən X13 Birliyinin peşəkar standartlarına cavab verdiyi üşün İATA (X12 Association) tərəfindən sertifikat təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sertifikatdan da göründüyü kimi ******* nömrəli İATA kodu verilmiş və müqavilə bağlanmışdır. Sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Cavabdeh MMC ilə 01.06.2019-cu il tarixdə “Aviadaşımaların satış hüququnun verilməsinə dair“ müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən agent - “İddiaçı “ MMC mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə-Cavabdeh MMC-yə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin, müqavilədə nəzərdə tutulmuş qaydada agentə ödənilməsini öhdəsinə götürmüşdür. Bir sözlə cavabdeh tərəfindən aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişləri yalnız İddiaçı MMC vasitəsi ilə sifariş edəcəklərini və bununla da qeyd olunan sifarişlər barədəki ödənişlərin vaxtında və tam ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması barədəki sifarişlər verilməyə başlandı. Cavabdeh müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün ümumilikdə 22.546 (iyirmi iki min beş yüz qırx altı) manat məbləğində yuxarıda qeyd olunan xidmətlər barədə sifariş vermiş və verilmiş sifarişlər İddiaçı MMC tərəfindən dərhal həyata keçirilmişdir. Cavabdeh qeyd olunan 22.546 (iyirmi iki min beş yüz qırx altı) manat məbləğin 5.700 (beş min yeddi yüz) manatını ödəsə də qalan 16.846 (on altı min səkkiz yüz qırx altı) manat məbləği ödəmədiyindən ***- ***-**-** və ***-***-**-** mobil nömrələrlə dəfələrlə əlaqə saxlansa da həmin məbləğ ödənilməmiş qalır. Şikayət ərizəsi ilə Nəsimi rayon polis idarəsinə şikayət edilmiş, Nəsimi rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 tərəfindən Cavabdeh MMC-nin direktoru X2 və cavabdehin adından onunla birlikdə müxtəlif vaxtlarda aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün sifarişlərin verilməsini həyata keçirən X8 şikayət ərizəsində göstərilənlərlə bağlı izahatları alınmışdır. Cavabdeh MMC-nin direktoru X9 və X14 izahatlarında aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işlərinin yazılması üçün İddiaçı MMC-yə borcu olduğunu təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC (agent) ilə Cavabdeh MMC (subagent) arasında bağlanmış 01.06.2019-cu il tarixli“ aviadaşımaların satış hüququnun verilməsinə dair“ müqavilədən görünür ki, bu müqaviləyə əsasən “agent” mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir,subagent isə bu avidaşımaların satışından əldə edilmiş məbləğlərin, bu müqvilədə nəzərdə tutlan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Qanuni nümayəndə Sərhəd qızının ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində toplanmış materialdan çıxarılmış təsdiq edilmiş surətlərdə olan X10 izahatında bildirmişdir ki, Cavabdeh MMC onun adında olmasına baxmayaraq, əsas işlər ilə X15 məşğul olmuş,bu səbəblə də tələb edilən 18000 manat onun tərəfindən yox, Cavabdeh MMC adından X15 ödəməlidir. İş materiallarında olan Qanuni nümayəndə Sərhəd qızının ərizəsi əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində toplanmış materialdan çıxarılmış təsdiq edilmiş surətlərdə olan X15 izahatında bildirmişdir ki, X4 İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə Sərhəd qızına ümumilikdə aviabiletlərin alınması, otellərin bron edilməsi,sığorta işinin yazılmasında 18000 manat pul borcu vardır. O, sadəcə aviabiletlərin alınması, otellərin bron edilməsi, sığorta işinin yazılmasında X1 etmişdir. İş materiallarında olan 18.10.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd ediləməsi haqqında“ qərara əsəsən Qanuni nümayəndə Sərhəd qızının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə Qanuni nümayəndə Sərhəd qızı ilə X15 və X10 ilə ararlarında yaranmış mübahisələrin həll edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməsi cavabdeh şirkətin direktorunun və X7 iş materiallarında olan izahatı ilə də öz tədiqini tapmışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də,cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuş, və 16846 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC–dən 16846 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq “İddiaçı ” MMC–nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC -dən 16846 (on altı min səkkiz yüz qırx altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq “İddiaçı ” MMC–yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar