Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-231/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1460 ton şebenin Cavabdeh MMC-dən alınaraq, İddiaçı MMC-yə təqdim edilməsi, bu mümkün olmadığı halda isə ödənilmiş 7300 manat pul məbləğinin, ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ödənilmiş 7300 manat pul məbləğinin, ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əqdə əsasən, iddiaçı tərəfindən 1460 ton şeben satışına görə 7300 manat məbləğində ödəniş edilməli idi. Bununla bağlı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, sonra düzəliş edilərək xx.xx.2022-ci il tarixdə EBBX seriyalı, 424111 saylı elektron qaimə təqdim edilmiş və buna əsasən iddiaçı tərəfindən 7300 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən bu günədək hər hansı mal təqdim edilməmiş və sənədləri verilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu qəbul edilsə də, pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hazırkı mübahisənin həlli ilə bağlı ümumiyyətlə onlara müraciət edilməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 qarşı tərəflə alqı-satqı müqaviləsinin bağlandığını, iddiaçı tərəfindən onlara 7300 manat ödəniş edildiyini qəbul etdiyini, lakin həmin ödənişin müqabilində iddiaçıya təxminən 5000 manat məbləğində mal təqdim edildiyini, lakin bunu təsdiq edən sübut təqdim edə bilmədiyini bildirmiş, bu səbəbdən mübahisənin məhkəmədənkənar həlli məqsədilə iclasın təxirə salınmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli OD3 nömrəli ödəniş tapşırığı ilə 7300 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən iddiaçıya EBBX seriyalı, 424111 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək göstərilən vəsaitin müqabilində təxminən 5000 manat dəyərində malın iddiaçıya təhvil verildiyini bildirir. İddiaçı isə malın təhvil verilməsi ilə bağlı öhdəliyin hələ də icra edilmədiyini, cavabdeh isə onun qismən icra edildiyini bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni alqı-satqı müqaviləsi üzrə malın təhvil verildiyini cavabdeh sübut etməlidir. Cavabdeh bununla hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7300 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7300 (yeddi min üç yüz) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-231/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-231/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver