Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2311/2025 06.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şirkətindən xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli alqı-satqı müqaviləsi üzrə çatdırılmayan avtomobilin dəyəri olan 17693 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə (bundan sonra “İddiaçı”) X2 Cavabdeh Şirkəti arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan Müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı tərəfindən Alıcıya 9 (doqquz) ədəd Toyota Corolla və 3 (üç) ədəd Toyota Camry, ümumilikdə 12 (on iki) ədəd avtomobil təqdim edilməlidir. Bu Müqaviləyə əsasən, Satıcı satılacaq avtomobillərin təfərrüatlarını - Alıcı tərəfindən ödəniləcək avtomobillərin miqdarı (cəmi 11) və dəyərini (cəmi 303.000 və 520.000 AED) əks etdirən 2 ayrı Proforma qaimə-fakturasını(bax: xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qaiməfakturalar) Alıcıya göndərmişdir. Alıcı Müqavilənin müddəaları və Satıcı tərəfindən təqdim edilən Proforma qaimə-fakturalara əsasən öncədən (bax: SWİFT təsdiqlərə) Satıcıya cəmi 11 (on bir) nəqliyyat vasitəsinin ödənişini etmişdir. Alıcı tərəfindən bütün tələb olunan ödənişlərin həyata keçirilməsinə baxmayaraq, Satıcı öz öhdəliklərini lazımınca icra etməmiş və təqdim etdiyi Proforma qaimə-fakturalarda qeyd olunan 11 (on bir) maşından sadəcə 10 (on) maşının Alıcıya çatdırılmasını təmin etmişdir (bax: xx.xx.2024 və xx.xx.2024 tarixli Ticarət Hesab Fakturaları və Yük Siyahısı). Satıcı tərəfindən öhdəliklərin tam icra edilməsi və 11-ci nəqliyyat vasitəsinin çatdırılmasını tamamlamaq üçün biz (Alıcı) dəfələrlə Satıcı ilə əlaqə yaradılmasına cəhd etmişik. Lakin bütün səylərimizə rəğmən, aparılan danışıqlar nəticə verməmiş, Satıcı tərəfindən 11-ci maşının təhvil verilməsindən imtina edilmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən, avtomobillər Alıcının nəqliyyat şirkətinə Satıcı tərəfindən ödənişin alındığı tarixdən etibarən 30 (otuz) iş günü ərzində təhvil verilməlidir. Alıcı tərəfindən tam ödəniş edildiyi tarixdən (bax: SWİFT təsdiqlərə) etibarən, 11-ci avtomobilin təhvil verilməsi tamamlanmamışdır və Satıcı Müqavilənin 2.2-ci maddəsini pozmuşdur. Mübahisənin məhkəmədən kənar həllinə nail olmaq üçün Satıcıya həm poçt, həm də elektron qaydada 2 dəfə pretenziya məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması məqsədilə hər hansı addım atılmamışdır. Müqavilənin 5.2-ci maddəsinə əsasən, hüquqi mübahisə halında Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq ediləcəkdir.
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Veysəloğlu MMC Bakı kommersiya məhkəməsinə müraciət edərək Cavabdeh Şirkətindən xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli alqı-satqı müqaviləsi üzrə çatdırılmayan avtomobilin dəyəri olan 17693 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə dəqiqləşmə barədə ərizə verilməsi zərurəti yaranmışdır. Belə ki, tərəflər arasında olan alqı-satqı əməliyyatları AED pul vahidi ilə aparıldığı halda iddia ərizəsində tələb USD ilə qeyd edilmişdir. Qeyd olunanları nəzərə alıb, AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən xahiş edirlər: Cavabdeh Şirkətindən xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli alqı-satqı müqaviləsi üzrə çatdırılmayan avtomobilin dəyəri olan 65.000 (altmış beş min) AED pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilsin.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2311/2025 saylı, 11 aprel 2025-ci tarixli qərardadına əsasən Cavabdeh-yə iddia ərizəsi və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin təqdim edilməsi barədə məhkəmə tapşırığı X2 aidiyyəti məhkəməsinə göndərilməsi qərara alınmış və X2 səlahiyyətli məhkəməsinə göndərilmiş məhkəmə tapşırığına cavab alınanadək hazırkı işin icraatı dayandırılmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin məktubu ilə məhkəmə tapşırığı və ona əlavə edilmiş sənədlərin icrası ilə bağlı sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, çərşənbə günü, saat 10:38-də Dubay məhkəmələri adından bildirişlərin çatdırılması ilə səlahiyyətləndirilmiş Bildiriş Şirkətinin əməkdaşı Rəbi Hüseyn yuxarıda göstərilən tapşırıq üzrə “X7” şirkətinə ünvanlanmış məhkəmə bildirişini təqdim etmək məqsədilə qeyd olunan ünvana getmişdir. “X7” şirkətinə ünvanlanmış həmin məhkəmə bildirişi, şirkət direktorunun yerində olmaması səbəbilə, ərəb və ingilis dillərində şirkət əməkdaşı cənab Mnouadeen-ə (şirkət işçisi qismində) təhvil verilmiş və o, sənədi aldığını imza etməklə təsdiq etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
10. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş İddiaçı MMC şirkəti, cavabdeh isə X3 qeydiyyatdan keçmiş Cavabdeh şirkətidir. Və mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.
11. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
12. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
14. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
15. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
16. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
17. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli “Alqı-satqı müqaviləsi”nin Müqavilənin 5.2-ci bəndinə əsasən mübahisələr və narazılıqlar danışıqlar yolu ilə həll edilmədiyi halda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən həll edilməlidir.
18. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
19. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
20. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu Müqaviləyə edilən 1 saylı Əlavədə qeyd edilən nəqliyyat vasitəsinin (bundan sonra "Maşın" adlandırılacaq) xərcini qəbul etməyi və ödəməyi öz öhdəsinə götürür. Daha sonra Satıcı mülkiyyət hüququnun Alıcıya verilməsini öhdəsinə götürür.
21. Müqavilənin 1.2-ci bəndinə əsasən maşın ilə birlikdə, Satıcı aşağıdakılardan ibarət olan, qablaşdırmaya daxil edilən, maşın ilə əlaqədar aksessuarları və sənədləri Alıcıya ötürməlidir: Texniki pasport; hesab-faktura; nəqliyyat vasitəsinin istifadəçi təlimatı;
22. Müqavilənin 2.1-ci bəndinə əsasən maşının təhvil verilmə şərtləri - bu Müqaviləyə edilən 1 saylı Əlavəyə əsasən.
23. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı tərfindən ödənişin alındığı tarixdən etibarən 30 iş günü ərzində Maşın Alıcının nəqliyyat şirkətinə təhvil verilməlidir.
24. Müqavilənin 3.1-ci bəndinə əsasən X4 maşınının vahid dəyəri 65.000 BƏƏ dirhəmidir (altmış beş min BƏƏ dirhəmi) və X5 maşınının vahid dəyəri isə 101.000 (yüz bir min) BƏƏ dirhəmidir. Müqavilənin predmeti ümumi məbləği 888.000 BƏƏ dirhəmi (səkkiz yüz səksən səkkiz min BƏƏ dirhəmi) olan 12 nəqliyyat vasitəsidir (3 ədəd Toyota Camry və 9 ədəd Toyota Corolla).
25. Müqavilənin 3.2-ci bəndinə əsasən maşının xərcinin ödənişi nağd ödənişlə və ya Satıcı tərəfindən ödəniş fakturası verilməklə və Müqaviləni imzalamaqla alıcıdan tam ödənişin alınması tarixindən etibarən 3 iş günü ərzində bu Müqavilədə və hesab-fakturada göstərilən Satıcının bank rekvizitlərinə BƏƏ dirhəmi ilə 100% ilkin ödənişin bir və ya bir neçə tranşını köçürməklə Alıcı tərəfindən ödənilir.
26. Müqavilənin 3.3-cü bəndinə əsasən maşına görə Alıcının ödəniş etmək öhdəliyi Satıcı tərəfindən verilən ödəniş fakturasında və bu Müqavilədə göstərilən bank rekvizitlərinə əsasən bu Müqavilənin 3.1 saylı bəndində qeyd edilən məbləğdə ödənişin hesablaşma hesabına qəbul edildiyi gündə yerinə yetirilmiş hesab edilir.
27. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcının Bankında yol verilən bütün bank xərcləri Alıcı tərəfindən, Satıcının Bankında yol verilən bank xərcləri isə Satıcı tərəfindən ödənilməlidir. Alıcının ölkəsindən kənarda yol verilən bütün başqa xərclər tələbkar tərəf tərəfindən ödənilməlidir.
28. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə və (və ya) lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Müqaviləyə müvafiq olaraq və Müqavilədə göstərilməyən hallarda isə X1vericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
29. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcı Maşının Alıcının nəqliyyat şirkətinə çatdırılmasında gecikməyə yol verərsə və bu gecikmə tam ödənişin alınmasından sonra 7 (yeddi) iş günündən artıq davam edərsə, çatdırılma gününə qədər hər keçən gün üçün 0.1% məbləğində cərimə tətbiq edilməlidir. Satıcı bu barədə Alıcını məlumatlandırmağı öhdəsinə götürür və Satıcının müvafiq bildiriş verdiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində Müqaviləyə əsasən Alıcı tərəfindən ödənilən məbləğləri geri qaytarır.
30. Müqavilənin 4.3-cü bəndinə əsasən satıcı Maşının Alıcının nəqliyyat şirkətinə köçürülməsindən əvvəl Maşının vizual vəziyyəti barədə foto və video hesabatı Müqavilənin 1.2 saylı bəndinə əsasən sənədlərin skan edilmiş surətləri ilə birlikdə Alıcıya göndərməyi öhdəsinə götürür.
31. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər Müqavilə şərtlərinin yerinə yetirilməsi zamanı yaranan mübahisələri və narazılıqları müvafiq əlavələr və düzəlişlər tərtib etməklə danışıqlar yolu ilə həll etməyə çalışmalıdır.
32. Müqavilənin 5.2-ci bəndinə əsasən mübahisələr və narazılıqlar danışıqlar yolu ilə həll edilmədiyi halda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən həll edilməlidir.
33. Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli proforma invoice əsasən toyota levin 1,8 L hybrid markalı avtomobillərin 1 ədədinin qiyməti 65.000 AED olmaqla, 8 ədəd cəmi 520.000 AED müəyyən edilmişdir.
34. Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli proforma fakturaya əsasən X5 markalı avtomobillərin 1 ədədinin qiyməti 101,000 AED olmaqla, 3 ədəd cəmi 303.000 AED müəyyən edilmişdir.
35. Ödəniş qəbzinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh-nin hesabına xx.xx.2024-cü il tarixində 303.000 AED məbləğində, xx.xx.2024-cü il tarixində 520.000 AED məbləğində ödəniş edilmişdir.
36. xx.xx.2024-cü il tarixli Ticarət hesab fakturası və yük siyahısına əsasən 3 ədəd toyota levin 1,8 L hybrid markalı və 3 ədəd X5 markalı cəmi dəyəri 498.000 AED olmaqla avtomobillər Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir.
37. xx.xx.2024-cü il tarixli Ticarət hesab fakturası və yük siyahısına əsasən 4 ədəd toyota levin 1,8 L hybrid markalı cəmi dəyəri 260.000 AED olmaqla avtomobillər Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir.
38. Gömrük bəyannamələrindən görünür ki, 7 ədəd toyota Corolla levin/benzin/hibrid markalı minik avtomobilləri və 3 ədəd toyota camry/hibrid-benzin markalı minik avtobilləri Cavabdeh tərəfindən İddiaçı MMC-yə idxal edilmişdir.
39. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
42. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
43. 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
44. 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
45. 599.3-ci maddəsinə əsasən Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
46. 599.4-ci maddəsinə əsasən Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
47. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
48. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
49. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
51. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
52. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli CNA8228 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı bu Müqaviləyə edilən 1 saylı Əlavədə qeyd edilən nəqliyyat vasitəsinin xərcini qəbul etməyi və ödəməyi öz öhdəsinə götürür. Daha sonra Satıcı mülkiyyət hüququnun Alıcıya verilməsini öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərək 11 ədəd avtomobil üçün 823.000 AED məbləğində pul vəsaiti qabaqcadan cavabdehin hesabına göndərilsə də, cavabdeh tərəfindən 758000 AED məbləğində 10 ədəd minik avtomobili təvhil verilmiş, 1 ədəd 65.000 AED məbləğində toyota levin 1,8 L hybrid markalı avtomobil bugünə kimi iddiaçıya göndərilməmişdir.
53. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –müqavilə, invoiclar, pulun iddiaçı tərəfindən cavabdehə qabaqcadan ödənilməsinə dair bank sənədləri, 11 nəqliyyat vasitəsi əvəzinə cəmi 10 ədəd maşının cavabdeh tərəfindən iddiaçının adına Azərbaycan Respublikasına idxal edilməsinə dair gömrük bəyannamələri ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 65.000 AED BƏƏ dirhəmi məbləğinin geri qaytarılmasına dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
54. Beləliklə, qabaqcadan ödənilmiş bir nəqliyyat vasitəsinin (cavabdeh tərəfindən iddiaçıya kəm təhvil verilmiş) dəyəri olan 65.000 AED BƏƏ dirhəmi məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 180,30 manat dövlət rüsumu ödənilmişdir.
56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 180,30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh-dən 65.000 AED BƏƏ dirhəmi və dövlət rüsumunun əvəzi olaraq 180,30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova