Məhkəmə qərarları › İş №e-2-2(113)-2314/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2314/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2314/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Firmasının cavabdeh "Cavabdeh" MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" MMC-dən 49/19 nömrəli, xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 6880 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 22428 manat məbləğində hesablanmış cərimənin, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun və hüquqi xidmətə görə ödənilmiş 221 manat pulun İddiaçı firmasının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı firması (satıcı) ilə "Cavabdeh" MMC (alıcı) arasında 49/19 nömrəli, xx xxxx 2019-cu il tarixli alqı-satqı muqaviləsı bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə taxta və fanera (bundan sonra malı) Alıcıya satmağı, Alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərinı 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 1%-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim (qaimə- faktura) tərtib edilir və orada malın adı, nominal, diametr, cəmi miqdarının qiyməti göstərilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 ay ərzində həyata keçməlidir. Müqavilə Satıcı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında imzalanmış 815323 saylı, xx.xx.2019-cu il tarixli Elektron qaimə əsasında Alıcıya təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə Alıcı tərəfindən təsdiq edilmişdir. Alıcı tərəfindən təhvil verilmiş malların dəyərindən yalnız 2000 manat pul və onun ƏDV-si ödənilmişdir. Qalan məbləğ, yəni 6880 manat və müqaviləyə əsasən əlavə gecikdirilən günlərə görə əlavə 1% nəzərə alınaraq 22428 manat hal-hazıradək "Cavabdeh" MMC tərəfindən İddiaçı firmasına ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixli pretenziya məktubu göndərilərək 29308 manat borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh "Cavabdeh" MMC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, 22428 manat da dəbbə pulu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün hüquqi xidmətə ehtiyac yaranmış və hüquqi xidmətlərin göstərilməsi üçün 221 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsini rəhbər tutaraq, hesab edirlər ki, 221 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli tərəflər arasında bağlanmış müqavilədən görünür ki, Satıcı – İddiaçı Firması taxta və faneranı 3916.1-96 və ya 10.55-71 standartlarına uyğun Alıcıya – "Cavabdeh" MMC-yə satmağı, Alıcı – "Cavabdeh" MMC də öz növbəsində taxta və fanerani standartlara uyğun almağı və həmin aldığı tikinti materiallarının dəyərini 5 iş günü ərzində ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün malın dəyərinin 1%-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal göndəriləndə təhvil-təslim (qaiməfaktura) tərtib edilir və orada malın adı, nominal, diametr, cəmi miqdarının qiyməti göstərilir.. EAAZ seriyalı, 815323 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı Firması ümumi dəyəri 8880 manat (ƏDV daxil olmaqla 10478,40 manat) məbləğində olan müxtəlif ölçüdə və miqdarda taxta və faneranı – "Cavabdeh" MMC-yə təhvil vermişdir (satmışdır). xx.xx.2020-ci il tarixli, **********95 nömrəli ödəmə qəbzindən görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası ("xxxxx" MMC ilə bağlı) hüquqi xidmət üçün 221 manat vəsait İddiaçı Firması tərəfindən 2 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı Firması ilə cavabdeh "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı Firması tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, qeyd olunan qaimə üzrə təhvil verilən ümumi dəyəri 8880 manat olan malların müqabilində 2000 manat məbləğində ödəniş etmiş və nəticədə 6880 manat borcu yaranmışdır. Məhkəmə iddia 6880 manat məbləğində əsas borcun ödənilməsi tələbi hissəsində əsaslı hesab edir. Bununla yanaşı iddiaçı xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli müqavilə üzrə hər gecikdirilmiş gün üçün 22428 manat dəbbə (cərimə) pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 620 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş ödəniş qəbzini nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 221 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "Cavabdeh" MMC-dən xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli müqaviləyə əsasən 6880 manat əsas borc, gecikdirilmiş günlərə görə 620 manat dəbbə (cərimə), hüquqi xidmətlərə görə ödənilmiş 221 manat, ümumilikdə 7721 manat pul tutularaq İddiaçı Firmasına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 26,14%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 26,14%-i, yəni 7,84 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 49/19 nömrəli müqaviləyə əsasən 6880 manat əsas borc, gecikdirilmiş günlərə görə 620 manat dəbbə (cərimə) pulu, hüquqi xidmətlərə görə ödənilmiş 221 manat, cəmi 7721 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7,84 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq İddiaçı Firmasının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar