Məhkəmə qərarları › İş №e-2-2(113)-2318/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2318/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2318/2021 02.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.372,12 manat məbləğində əsas borc, 5.500 manat məbləğində dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9.902,12 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 21.07.2020 tarixli, 384 saylı malların və/və ya xidmətlərin alışına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, alıcı tərəflər arasında razılaşdırılmış qoşmalarda göstərilmiş çap, tipoqrafiya, promo, reklam, möhür-ştamplar, dəftərxana və təsərrüfat mallarını və ya xidmətlərini alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. İddiaçı tərəfindən müvafiq mal və/və ya məhsullar cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən ödəniş tamhəcmdə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış 384 saylı alqı-satqı müqaviləsinin 4-cü maddəsinə əsasən, alıcı hesab-fakturanı aldığı gündən 30 gün içərisində aldığı mal və ya xidmətin dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən öhdəliklərin bir qismi yerinə yetirilməmiş, 4372,12 borc məbləği yaranmışdır. Belə ki, iddiaçı tərəfindən ümumi dəyəri 8.040,12 manat olan məhsul təqdim edilmiş, 3.668 manat ödənilmiş, qalan məbləğ isə bu günə kimi ödənilməmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh MMC-dən 3.960,42 manat məbləğində əsas borc, 5.500 manat məbləğində dəbbə pulu, 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9.490,42 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadı ilə İddiaçı QSC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, dəqiqləşmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki: İddiaçı QSC (alıcı) ilə (satıcı) Cavabdeh MMC arasında 21 iyul 2020-ci il tarixdə 384 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1-ci maddəsinə əsasən satıcı satır, alıcı isə müqaviləyə əsasən çap, tipoqrafiya, dəftərxana və təsərrüfat mallarını və /və ya xidmətlərini alır. Müqavilə alıcı və satıcı tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və bütün keçmiş təklifləri, danışıqları və yazışmaları əvəz edir. 3.1-ci bədinə əsasən alıcı bu müqavilə üzrə alqı-satqını satıcıya öncədən yazılı sifarişlər təqdim etməklə həyata keçirməlidir. Bu cür sifarişlər malların qiymətini, kəmiyyətini, təsvirini, tələb olunan təhvil verilmə tarixini və təhvil yerini göstərməlidir. 3.2-ci bəndinə əsasən heç bir sifaruiş satıcı tərəfindən yazılı qəbul olunmayanadək satıcı üçün öhdəlik yaratmır. Sifarişlərin qəbulu və ya ləğvi yazılı şəkildə təqdim olunmalıdır və qəbul olunduqda təhvil yerini və vaxtını müəyyən etməlidir. 4.1-ci bəndinə əsasən mallar üzrə qiymət və müvafiq ödəniş şərtləri sifarişlərdə müəyyən edilir. 4.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərində başqa hal müəyyən edilməyibsə, malların ödənişi mallar təhvil verildikdən sonra satıcının hesab-faktura təqdim etdiyi təqvim günündən 30 təqvim günü ərzində ödənilməlidir. Ödənişlər bu müqavilədə müəyyən edilən satıcının bank hesablarına edilməlidir. 4.4-cü bəndinə əsasən alıcı mallar üzzrə ödənişi bu müqavilənin 4.2-ci bəndində müəyyən olunmuş vaxtda həyata keçirmədikdə. Satıcının hər gecikən gün üzrə, ödənməyən məbləğə görə alıcıya həmin məbləğin bir faizi məbləğində dəbbə pulu tətbiq etmək hüququ var. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 27.07.2020-ci il tarixli 20660 saylı satış qaiməsinə əsasən 42,80 manat məbləğində, 27.07.2020-ci il tarixli 20664 saylı satış qaiməsinə əsasən 30,90 manat məbləğində, 28.07.2020-ci il tarixli 20659 saylı satış qaiməsinə əsasən 312,94 manat məbləğində, 28.07.2020-ci il tarixli 20761 saylı satış qaiməsinə əsasən 11,40 manat məbləğində, 28.07.2020-ci il tarixli 20798 saylı satış qaiməsinə əsasən 134,00 manat məbləğində, 27.07.2020-ci il tarixli 20660 saylı satış qaiməsinə əsasən 42,80 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21095 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21128 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21131 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21121 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21134 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21125 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21124 saylı satış qaiməsinə əsasən 15.58 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21123 saylı satış qaiməsinə əsasən 31,54 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21133 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21130 saylı satış qaiməsinə əsasən 3,50 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21129 saylı satış qaiməsinə əsasən 31,54 manat məbləğində, 03.08.2020-ci il tarixli, 2127 saylı satış qaiməsinə əsasən 15,58 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21088 saylı satış qaiməsinə əsasən 15,58 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21119 saylı satış qaiməsinə əsasən 15,58 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21126 saylı satış qaiməsinə əsasən 31,54 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21118 saylı satış qaiməsinə əsasən 31,54 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21084 saylı satış qaiməsinə əsasən 31,54 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21132 saylı satış qaiməsinə əsasən 31,54 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21153 saylı satış qaiməsinə əsasən 55,00 manat məbləğində, 03.08.2020-ci il tarixli, 21874 saylı satış qaiməsinə əsasən 95,00 manat məbləğində, 24.08.2020-ci il tarixli, 23838 saylı satış qaiməsinə əsasən 3.003,00 manat məbləğində, 25.08.2020-ci il tarixli, 24207 saylı satış qaiməsinə əsasən 2.616,00 manat məbləğində, 31.08.2020-ci il tarixli, 24866 saylı satış qaiməsinə əsasən 95,00 manat məbləğində, 04.09.2020-ci il tarixli, 25633 saylı satış qaiməsinə əsasən 257,40 manat məbləğində, 27.10.2020-ci il tarixli, 32210 saylı satış qaiməsinə əsasən 91,50 manat məbləğində mal təqdim edilmişdir. -İddiaçı QSC tərəfindən 4460 saylı hesab-fakturaya əsasən ƏDV daxil 7.628,41 manat dəyərində malların təqdim edilməsinə dair 01.09.2020-ci il tarixli, EBAP seriyalı, 430529 saylı; 4587 saylı hesab-fakturaya əsasən ƏDV daxil 303,73 manat dəyərində malların təqdim edilməsinə dair 07.09.2020-ci il tarixli, EBAP seriyalı, 635884 saylı; 6666 saylı hesab fakturaya əsasən ƏDV daxil 107,97 manat dəyərində malların təqdim edilməsinə dair 16.11.2020-ci il tarixli, EBAS seriyalı, 618129 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Ödəniş qəbzləri ilə müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin hesabına 23.04.2021-ci il tarixdə 348,9 manat, 29.09.2020-ci il tarixdə 847,46 manat, 27.10.2020-ci il tarixdə 593,22 manat, 25.11.2020-ci il tarixdə 423,73 manat, 04.12.2020-ci il tarixdə 300 manat, 18.12.2020-ci il tarixdə 300 manat, 28.12.2020-ci il tarixdə 220,34 manat, 13.01.2021-ci il tarixdə 423,73 manat pul köçürülmüşdür. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə 09.04.2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq, Cavabdeh MMC-dən müəssisəyə olan 4.372,12 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks halda sözügedən borcun və onun üzərinə müqavilədə nəzərdə tutulan cərimənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq addımların atılacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edlməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam şəkildə ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə iddiaçının cavabdehə həmin müqavilə üzrə 3.960,42 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malın dəyərinin tam şəkildə ödəməməklə müqavilə üzrə öhdəliklərini pozduğunu, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, müqavilə üzrə əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 3.960,42 manat məbləğində əsas borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 5.500 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3.960,42 manat məbləğində əsas borc, 400 manat məbləğində dəbbə pulu, cəmi 4.360,42 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar