Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-232/2021 29.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən artıq ödənilmiş 8.960 manat məbləğin, 627,20 manat faiz məbləğinin və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 9.617,20 manat pul məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (icraçı) ilə “İddiaçı X3” MMC (sifarişçi) arasında xx xxxxxx 2017- ci ildə audit və mühasibat xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində göstərilir ki, “sifarişçi” göstərilmiş xidmətlərin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. Müqavilənin 3.2-ci bəndinə deyilir: Tərəflərin razılaşmasına əsasən müqavilə üzrə xidmətlərin dəyəri aylıq olaraq 500 manat məbləğində “icraçı”nın bank hesabına və ya nağd qaydada kassasına ödənilir. Müqavilənin 7.1-ci bəndində deyilir ki, bağlanmış müqavilə şərtləri üzrə tərəflər arasında hər hansı bir mübahisə və ya fikir ayrılığı danışıqlar vasitəsi ilə həll edilməzsə, qüvvədə olan qanunvericiliyə uyğun həll edilir. Müqavilənin 10.2-ci bəndində göstərilir ki, çüqavilədə yerinə yetirilən işin dəyəri yalnız bu müqavilə üçün olmaqla, gələcəkdə bağlanılacaq eyni adlı ikinci müqaviləyə şamil edilmir və rəqabət üçün istifadə edilə bilməz. Müqavilənin 11.1-ci bəndində deyilir ki, müqavilənin fəaliyyət müddəti imzalanan tarixdən xitam edilən tarixədək olan dövr sayılır. xx xxx 2019-cu ildən tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmiş və sənədlər sifarişçiyə təhvil verilmişdir. İşin keyfiyyətindən asılı olmayaraq icraçı tərəfindən sifarişçiyə 21 ay müddətində xidmət göstərilmişdir. Bu müddət ərzində sifarişçi tərəfindən icraçının hesabına 19.460 manat pul köçürülmüşdür. Müəssisəyə aid mühasibat sənədləri hamısı (həmçinin asan imza) icraçıda olduğu üçün həmin köçürmələr onların özləri tərəflərindən icra olunmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən 21 aya görə 10.500 manat məbləği ödənilməli idi. Göründüyü kimi sifarişçi tərəfindən icraçıya 8.960 manat artıq ödənilmişdir. Müxtəlif vaxtlarda həmin məbləğin geri qaytarılmasını tələb etsələr də, onların haqlı tələbləri yerinə yetirilməyib, əksinə hər dəfə onları vergi xidməti ilə təhdid ediblər. Axırıncı dəfə cavabdehə xx xxxx 2020-ci ildə pretenziya məktubu göndərilmişdir. Lakin hələ də məktubularına cavab verilməmişdir. Beləliklə, həmin məbləğ 1 ildən çoxdur ki, əsassız olaraq icraçıda qalıb və buna görə də cavabdeh tərəfindən əlavə olaraq gecikdirilən məbləğin ən azı 7 %-i miqdarında əlavə ödənc edilməlidir. Belə ki, 2019-cu ilin sonlarında Mərkəzi Bankın uçot dərəcəsi 9 %, 2020-ci ildə isə 7 % olmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli mühasibat, vergi və audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış, müqavilədə xidmət haqqı 500 manat müəyyən edilsə də, daha sonra sifarişçinin tələb etdiyi iş yükü artdığından və məbləğ az olduğu üçün tərəflər 2017-ci ilin noyabr ayından aylıq xidmət haqqının 1000 manat olması barədə şifahi razılığa gəlmişlər. Hər iki tərəf bu razılığa iradə ifadəsini bildirmiş, bu razılığı bəyənmiş və yeni şərtlərə münasibətləri davam etdirmişlər. Həmin tarixdən sonra elektron qaimələr 1000 manat məbləğində tərtib edilmiş və ödəniş tapşırıqlarında məbləğin miqdarı və hansı ay üçün olduğu ətraflı qeyd olunmuşdur. Mülki məcəllədə xidmət müqaviləsi anlayışı olmadığından həmin münasibətlərə tapşırıq müqaviləsinə dair müddəalar tətbiq olunur. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Göründüyü kimi qanunvericilik tapşırıq müqaviləsinin (xidmət müqaviləsinin) həm şifahi, həm də yazılı formada bağlanmasına icazə verir. Bu da onu deməyə əsas verir ki, tapşırıq müqaviləsi şifahi bağlana bilərsə demək bu tip müqaviləyə aid razılaşmanın şifahi bağlanmasına da heç bir qadağa yoxdur. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2017-ci il müqavilədə əlavə razılaşmaların və dəyişikliklərin mütləq şəkildə yazılı bağlanmasına dair tələb mövcüd deyil. Qanunvericiliyin və tərəflər arasında olan müqavilənin tələblərindən aydın olur ki, əgər tərəflər əlavə razılaşmanı bəyənib münasibətlərini yeni şərtlərlə davam etdirirlərsə, razılaşma və dəyişiklikləri qəbul etmiş hesab olunurlar. Hazırkı mübahisədə də işin faktiki halları göstərir ki, müqavilə bağlandıqdan sonra tərəflər aylıq xidmət haqqının 1.000 manat olması ilə bağlı qarşılıqlı razılığa gəliblər və bu razılıqdan sonra müqaviləni həmin şərtlərlə 18 ay müddətində davam etdirmişlər. Bundan başqa iddiaçının "Asan imza"nın cavabdehdə olması, bütün ödənişlərin hamısının "Asan imza" (internet banking) vasitəsi ilə cavabdeh tərəfindən edilməsi (yəni özü-özünə pul köçürməsi) və iddiaçının bu ödənişlərdən xəbərsiz olması barədə dedikləri həqiqəti əks etdirmir və tamamilə yalandır. Müqavilənin qüvvədə olduğu müddətdə iddiaçının "Asan imza" özündə olmuş, yalnız hər hesabat dövründə və pul vəsaitləri köçürülərkən (xx.xx.2018-ci il tarixindən sonra) iddiaçı tərəfindən cavabdeh MMC-nin ofisinə gətirilmiş və iddiaçının özü tərəfindən əməliyyat icra edildikdən (yəni təsdiq edildikdən) sonra özü ilə aparılmışdır. Ödənişlərin internet banking vasitəsi ilə və cavabdeh tərəfindən edilməsi ilə bağlı bildirmək istəyirlər ki, iddiaçı "xxxx" ASC-nin müştərisidir və cavabdehə ödənilən pul vəsaiti iddiaçının həmin bankda olan hesabı vasitəsi ilə ödənilmişdir. "xxxx" ASC-də "internet banking" xidməti təxminən 2018-ci ilin iyul ayından istifadəyə verilmiş və həmin tarixədək iddiaçının bütün ödənişləri direktorun imzası və MMC-nin möhürü ilə təsdiq edilmiş kağız daşıyıcıda olan yazılı ödəniş tapşırığı əsasında həyata keçirilmişdir. Direktor tərəfindən təsdiq olunmuş həmin ödəniş tapşırıqlarında məbləğin nə qədər olmağı və hansı ay üçün ödənildiyi ətraflı qeyd olunmuşdur (yəni iddia ərizəsində qeyd olunanların əksinə ödəniş iddiaçının özü tərəfindən və razılaşdırılmış məbləğdə aparılıb). Lakin iddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə cavabdehin iddiaçının bank hesabı üzərində hər hansı sərəncam vermək hüquqi olmadığından özü-özünə və digər şəxslərə pul köçürməsi qeyri -mümkündür. İşin hallarından göründüyü kimi tərəflər xx.xx.2017-ci il tarixli xidmət müqaviləsi üzrə xidmət haqqının 2017-ci ilin noyabr ayından 1000 manat olması ilə bağlı şifahi razılığa gəliblər. Tərəflərin bu şifahi razılaşmasından sonra müqavilə münasibətləri daha 18 ay müddətində davam etmişdir. Belə ki, 2017-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün xidmət haqqı 500 manat sonrakı aylar üçün isə 1000 manat olduğu üçün ödənilmiş məbləğ, cəmi 19.460 manat təşkil edir ki, bu da müqavilə şərtlərinə və tərəflərin şifahi razılaşmasına tam uyğundur. Həmin 18 ay müddətində tərəflərin xidmət haqqının dəyəri barədə heç bir mübahisəsi və anlaşımazlığı olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx xxxxxx 2017-ci il tarixli 07 saylı xidmətlərin göstərilməsi barədə müqavilədən görünür ki, həmin müqavilə icraçı Cavabdeh MMC və sifarişçi “xxxx” MMC tətəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi ilə razılaşmaya əsasən icraçı audit və mühasibat xidmətləri göstərir, bütün bəyannamələri vaxtında və keyfiyyətlə təqdim olunmasını təmin edir, bütün yarana biləcək suallarla bağlı, həmçinin kameral və ya səyyar vergi yoxlaması zamanı etibarnamə əsasında nümayəndə kimi iştirak etməklə, vergi orqanlarında təmsil edilməsini öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. 3.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı maliyyə ili üçün (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) 6.000 manat təşkil edir. 3.2-ci bəndinə əsasən tərəflərin razılaşmasına əsasən müqavilə üzrə xidmətlərin dəyəri aylıq olaraq 500 manat məbləğində icraçının bank hesabına və ya nağd qaydada kassasına ödənilir. 3.3-cü bəndinə əsasən sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozularsa, ödənilmiş məbləğ geri qaytarılmır. Elektron qaimələrə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən 2018-ci ilin yanvar və fevral aylarında 2.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 497632 saylı; mart və aprel aylarında 2.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 529049 saylı; may ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 866107 saylı; iyun ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 791346 saylı; iyul ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 397167 saylı; avqust ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 397293 saylı; sentyabr ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAM seriyalı, 145177 saylı; oktyabr ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 851145 saylı; noyabr ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 043533 saylı; dekabr ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 540121 saylı; 2019-cu ilin yanvar ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 116297 saylı; 2019-cu ilin fevral ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 105158 saylı; 2019-cu ilin mart ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAR seriyalı, 301401 saylı; 2019-cu ilin aprel ayında 1.000 manat dəyərində xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAT seriyalı, 045883 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə “xxxx” MMC-yə göndərilmişdir. Ödəniş tapşırıqlarına əsasən isə müəyyən edilir ki, “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 07 saylı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən göstərilmiş xidmətlərə görə xx.xx.2017-ci il tarixdə 460 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin yanvar və fevral ayları üçün 2000 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin mart və aprel ayları üçün 2000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 2018-ci ilin iyul-avqust ayları üçün 2000 manat, xx.xx.2018ci il tarixdə 1000 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin oktyabr ayı üçün 1000 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin noyabr ayı üçün 1000 manat, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin dekabr ayı üçün 1000 manat, xx.xx.2019-cu ildə 2019-cu ilin yanvar ayı üçün 1000 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı üçün 1000 manat, xx.xx.2019cu il tarixdə 2019-cu ilin mart ayı üçün 1000 manat və xx.xx.2019-cu il taricd 2019-cu ilin aprel ayı üçün 1000 manat pul ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki: İddiaçı Tikinti-Quraşdırma MMC Cavabdeh MMC-yə artıq ödədiyini iddia etdiyi 8.960 manat məbləğində pulun və həmin məbləğə hesablanmış faizlərin cavabdehdən tutulmasını tələb edir və iddia tələblərini onunla əsaslandırır ki, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 07 saylı xidmət müqaviləsində cavabdehə ödəməli olduğu aylıq xidmət haqqı 500 manat məbləğində müəyyən edildiyi halda cavabdehin təqdim etdiyi elektron qaimələrə əsasən sonuncuya 2017-ci ilin noyabrından başlayaraq 18 ay ərzində ayda 1.000 manat məbləğində pul ödəmişdir. Cavabdeh MMC iddianı qəbul etmir və etiraznı onunla əsaslandırır ki, 2017-ci ilin noyabrında mübahisəli xidmət müqaviləsi üzrə aylıq xidmət haqqının 1.000 manat məbləğində müəyyən edilməsi barədə iddiaçı ilə razılığa gəlmişlər və iddiaçı məhz həmin razılığa əsasən onlara xidmət haqqına görə ayda 1.000 manat məbləğində pul köçürmüşdür. Məhkəmə əvvəla qeyd edir ki, artıq ödənilmiş pulun qaytarılması tələbinə dair hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi şəxs o zaman əsassız varlanmış hesab edilir ki, əsassız varlanma obyektini hər hansı qanuni əsas və ya müqavilə əsası olmadan əldə etmiş olsun. Hazırkı işin materiallarından isə görünür ki, mübahisəli ödənişlərin aparılması üçün əsas olmuş elektron qaimələrin hamısında “xidmətlərin adı” qrafasında 1000 manat məbləğində pulun xx.xx.2017-ci il tarixli müqavilə üzrə bir aylıq müddət üçün xidmət haqqı kimi hesablandığı qeyd edilmişdir. Eləcə də 2017-ci ilin noyabrından başlayaraq İddiaçı Tikinti-Quraşdırma MMC tərəfindən banka təqdim edilmiş ödəniş tapşırıqlarında da cavabdehə hər ay köçürülmüş 1000 manat məbləğində ödənişin təyinatının bir aylıq müddət üçün xidmət haqqı olması göstərilmişdir. Göstərilən xüsusatlar isə öz növbəsində onu təsdiq edir ki, İddiaçı Tikinti-Quraşdırma MMC 2017-ci ilin noyabr ayından başlayaraq Cavabdeh MMC-nin hər ay xidmət haqqına görə 1000 manat məbləğində hesab-faktura (elektron qaimə) təqdim etməsi barədə məlumatlı olmuş və həmin fakturalara (qaimələrə) əsasən hər ay göstərilmiş xidmətə cavabdehə 1000 manat məbləğində xidmət haqqını ödəməklə müqavilə qiymətinin dəyişdirilməsinə dair öz razılığını ifadə etmiş, yəni tərəflər arasında müqavilə şərtlərinin dəyişdirilməsi barədə razılaşma mövcud olmuşdur. Mülki Məcəllənin: 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 409.4-cü maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Mübahisəli xidmət müqaviləsinə əsasən cavabdehin iddiaçıya konsaltinq xidməti göstərməsi, bununla əlaqədar iddiaçının elektron imzasının cavabdehdə olması və cavabdehin əməkdaşlarının iddiaçının elektron imzasından istifadə etməklə 1000 manat məbləğində xidmət haqqını iddiaçının xəbəri olmadan köçürmələri barədə iddiaçının dəlillərinə gəldikdə isə məhkəmə əvvəla qeyd edir ki, iddiaçı istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən ayda 1.000 manat olmaqla iddiaçı tərəfindən aparılmış ödənişlərin hamısının elektron imza vasitəsilə həyata keçirilmədiyinə, 2017-ci ilin noyabr ayı üçün ödəniş edilməsi ilə bağlı ödəniş tapşırığının iddiaçının məsul vəzifəli şəxsinin fiziki imzası və şirkətin möhürü ilə təsdiq edildiyinə diqqət yetirdikdə həmin dəlillərin əsassız olması aydın nəzərə çarpır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin əsassız əldə etməsi iddia olunan 8.960 manat məbləği tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilmiş xidmət haqqı olduğundan, yəni cavabdehin həmin pul vəsaitini əldə etməsi üçün müqavilə əsası mövcud olduğundan sözügedən pul məbləğinin əsassız varlanma nəticəsində əldə edilməsi istisna edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, artıq ödənilmiş 8.960 manat məbləğində pulun qaytarılması tələbinə dair hissədə iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, əsas məbləğin tutulması hissəsində iddia tələbi rədd edildiyindən həmin məbləğə hesablanmış faizlərin tutulması tələbinə dair hissədə də iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” X3 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-232/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-232/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver