Məhkəmə qərarları › İş №e-2-2(113)-2320/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2320/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2320/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun verilməsinə məcbur edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1650.00 manat, həmçinin ödənişin gecikdirildiyi hər günə 0,1/% faiz hesablamaqla, 100 manat, 30 manat dövlət rüsumu cəmi 1780.00 manat tutularaq, “İddiaçı“MMC-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsində bildirilmişdir ki, “İddiaçı“ MMC-in mülkiyyətində olan, “Changan Alsvin V3“ ** PN *** dövlət qeydiyyat nişanlı markalı Ban LS5A2ABR6JH006417 minik avtomobili xx.xx.2017-ci il ildə “xxxx “ ASC-də sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobil xx.xx.2020 ci il tarixdə saat təxminən 13:00 radələrində etibarnamə üzrə idarə edən sürücü X2 Şamaxı şəhəri ərazisində istiqamətində hərəkətdə olan zaman qəfildən idarə etməni itirmiş, əks istiqamətdə olan “VAZ 2106” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat haddisəsindən baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər yuxarıda istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Avtoqəza nəticəsində kasko (qərarın surəti iddiaya əlavə edilir) sığortalı avtomobilə 1650.00 manat ziyan dəymişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqını “xxxx “ASC-yə ödənilib. Yol nəqliyyat hadisəsi barədə (sığorta hadisəsi) səahiyyətli dövlət orqanına Şamaxı rayon polis şöbəsinə məlumat verilmişdir, hadisə yerində sürücü qalmışdır və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini təqdim etmişdir. Sığorta hadisəsi baş verən zaman hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı rayon DYPB-nin əməkdaşı gəlmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobilərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Kasko (TAM) Sığortalanmış avtomobilə dəymiş zərər “xxxx “ASC-dən tələb edilsə də, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cəmiyyət arasında xx.xx.2017-ci il tarixdə MCİ700000883 saylı sığorta müqaviləsi bağlanmış və “Changan Alsvin V7” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir.İddiaçı MMC xx.xx.2020-ci il tarixdə məktubla şirkətə müraciət edərək, xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş müraciətə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şamaxı RPŞ DYPB tərəfindən Cəmiyyətimizə təqdim edilmiş İXP ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, “İddiaçı“ MMC-yə məxsus avtomobili idarə edən X5 işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İddiaçı MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil deyil. Həmin Qaydaların 3.14.2-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsində hərəkətin davam etdirilməsi kobud ehtiyatsızlıq hesab olunur. Hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Qeyd edilənlərə əsasən, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi haqqında qərar qanuni və əsaslı olduğu üçün İddiaçı MMC-nin “xxxx” ASC-yə qarşı “pul tələbinə dair” iddiasının rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki: -"İddiaçı“MMC mülkiyyətində ** PN *** dövlət qeydiyyat nişanlı "Changan Alsvin V7” minik markalı avtomobili etibarnaməyə əsasən X4 idarə etməyə vermişdir. -Şamaxı rayon RPİ-nin TB-nin "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, “Changan Alsvin V7” markalı, ** PN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 barəsində AR İXM-in 327.1-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi üçün qərarın surətinin Şamaxı rayon DYPS-yə göndərilməsi qərara alınmışdır. -Qüsur aktına əsasən "İddiaçı” MMC-nin servis mərkəzində texniki baxış keçirilmiş, “Changan Alsvin V7” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4562 manat məbləğində müəyyən edilmişdir. -pretenziya məktubuna əsasən "İddiaçı” MMC "xxxx” ASC-də sığortalanmış və kasko sığorta şəhadətnaməsi almış avtomobillərə dəymiş zərərin "İddiaçı” MMC-yə ödənilməsini xahiş etmişdir. -"xxxx” ASC-nin "İddiaçı” MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli AS- 20/720 məktubdan görünür ki, "xxxx” ASC "İddiaçı” MMC-yə tələb edilən sığorta ödənişlərinin verilməsindən, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı MMC-yə məxsus avtomobili idarə edən X5 işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə imtina etmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, sığortalı "İddiaçı” MMC sığorta şəhadətnaməsini və “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nı aldığını, onlarla tanış olduğunu və bütün şərtlərlə razı olmasını təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan MC********** nömrəli Sığorta şəhadətnaməsinə əsasən sığortaçı "xxxx” ASC tərəfindən sığortalı "İddiaçı” MMC-nin mülkiyyətində olan “Changan Alsvin V7” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır, 1139,40 manat məbləğində sığorta haqqı ödənilmiş və 450 manat hər hadisə üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır. “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlərin sığorta təminatına daxil olmaması barədə şərtlərlə iddiaçı tanış olduğundan, bütün şərtlərlə razı olduğunu bildirdiyindən, sığorta ödənişinin ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1650 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 100 manat, 30 dövlət rüsumu, cəmi 1780 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 1650 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 100 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 1780 manat pulun tutularaq, iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar