Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2320/2022 26.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-dan 9100 manat borcun "xxxx" MMC-nin xeyrinə tutulmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır kı, Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış 01 aprel 2019-cu il tarixli “Xidmətlərin göstərilməsi haqqında müqavilə”nin 1.1ci bəndinə əsasən Cavabdeh MTK "xxxx" MMC-nin göstərdiyi vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə və 2019-cu ilin aprel-dekabr və 2020-ci ilin yanvar-dekabr aylarında "xxxx" MMC tərəfindən Cavabdeh MTK-ya xidmətlər göstərilmiş və müqavilənin tərkib hissəsi olan elektron qaimə-fakturalar təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından göründüyü kimi, Cavabdeh MTK tərəfindən 2019-cu ilin aprel-noyabr ayları üçün ona təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər edilmiş, lakin 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar-dekabr ayları üçün göstərilmiş xidmətlərə görə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər edilməmişdir. "xxxx" MMC tərəfindən 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar-dekabr ayları üçün xidmətlər göstərilmiş və xidmətin göstərildiyini təsdiq edən elektron qaimə-fakturalar Cavabdeh MTK-ya təqdim edilmişdir. Elektron qaimə-fakturalar Cavabdeh MTK-ya tərəfindən qəbul edilmiş, təsdiqlənmiş və göstərilmiş xidmətlər barədə heç bir etiraz bildirilməmişdir. Cavabdeh MTK xahiş etmişdir ki, göstərilən xidmətlərə görə ödəniş etməkdə çətinlik çəkir, şirkətin maliyyə çatışmazlığı olduğu üçün ödənişlərdə gecikmələr yaranır, lakin bu hal müvəqqəti xarakter daşıyır ən qısa zamanda bütün ödənişlər ediləcəkdir. Həmçinin "xxxx" MMC-dən xidmət göstərilməsinin davam etdirilməsi xahiş olunmuşdur. Lakin Cavabdeh MTK göstərilmiş xidmətlərin haqqı üzrə ödəniş etməmiş, 16 dekabr 2020-ci il tarixli məktubla "xxxx" MMC arasında bağlanmış 01 aprel 2019-cu il tarixli müqaviləyə 31 dekabr 2020-ci il tarixində xitam veriləcəyini bildirmişdir. Cavabdeh MTK-nın 16 dekabr 2020-ci il tarixli məktubunda göstərildiyi tarixdən xidmətlərin göstərilməsi dayandırılmış və göstərilmiş xidmətlərə görə yaranmış borcun ödənilməsi tələb edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, müqavilədə hər iki tərəfin şərtləşdirdiyi qaydada icra olunmuş sifarişi əks etdirən heç bir sənəd təqdim edilməmişdir. "xxxx" MMC ilə müqavilə bağlanan tarixdən noyabr ayınadək Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ödənişlər həyata keçirilmiş, 2020-ci ilin dekabr ayında xidmətlərin göstərilməsinə ehtiyacın olmaması, müqaviləyə xitam verilməsinə dair yazılı müraciət ünvanlanmışdır. 2019-cu ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək həmin xidmətlərin göstərilməsi üçün başqa şirkətlə münasibətlər qurulmuşdur. "xxxx" MMC tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən imtina edilməməsi sistemlə bağlı məlumatsızlıqla əlaqədar olmuşdur. Yalnz üç ay üzrə təqdim edilmiş elektron qaimə Cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh MTK arasında bağlanılmış 01 aprel 2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləsinə əsasən sifarişçi vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin həyata keçirilməsi üçün icraçı - "xxxx" MMC-nin 700 manat aylıq məbləğ təklifini qəbul etmişdir. - Cavabdeh MTK tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 16 dekabr 2020-ci il tarixli məktubda 01 aprel 2019-cu il tarixli müqaviləyə 31 dekabr 2020-ci il tarixdən xitam verilməsi təklif olunmuşdur. - "xxxx" MMC tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinə ünvanlanmış 09 iyun 2021-ci il tarixli məktubda müqavilə üzrə 9100 manat məbləğində borcun ödənilməli olduğu bildirilmişdir. - 20 dekabr 2019-cu il tarixli, EBAE seriyalı, 184938 saylı elektron qaiməyə əsasən Cavabdeh MTK-ya 700 manat dəyərində, 23 yanvar 2020-ci il tarixli, EBAF seriyalı 343310 saylı elektron qaiməyə əsasən 700 manat dəyərində, 24 fevral 2020-ci il tarixli EBAG seriyalı, 783699 saylı elektron qaiməyə əsasən 700 manat dəyərində, 29 mart 2020-ci il tarixli, EBAİ seriyalı, 147477 saylı elektron qaiməyə əsasən 700 manat dəyərində, 24 aprel 2020-ci il tarixli EBAJ seriyalı, 154807 saylı elekron vergi hesabfakturasına əsasən 700 manat dəyərində, 19 may 2020-ci il tarixli EBAK seriyalı, 110786 saylı elekron vergi hesab-fakturasına əsasən 700 manat dəyərində, 25 iyun 2020-ci il tarixli EBAL seriyalı, 590458 saylı elekron vergi hesab-fakturasına əsasən 700 manat dəyərində, 23 iyul 2020-ci il tarixli EBAM seriyalı, 656975 saylı elekron vergi hesabfakturasına əsasən 700 manat dəyərində, 21 avqust 2020-ci il tarixli EBAN seriyalı, 934590 saylı elekron vergi hesab-fakturasına əsasən 700 manat dəyərində xidmət göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. "xxxx" MMC ilə Cavabdeh MTK arasında 01 aprel 2019-cu il tarixli xidmət müqaviləsinin bağlanması, 2019-cu ilin dekabr ayına kimi xidmət haqqının ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və təqdim olunmuş sübutlarla təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Cavabdehin iddiaya etirazının əsasını 2019-cu ilin dekabr ayından müqavilə xitam verilənə qədər heç bir xidmətin göstərilməməsi təşkil edir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, xidmət haqqı göstərilmiş xidmətlərin həcminə görə deyil, müqavilənin 4.1-ci bəndində nəzərdə tutulduğu kimi aylıq 700 manat müəyyən olunmuşdur. Digər tərəfdən müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını öhdəsinə götürdüyünə görə, iddiaya etiraz o halda əsaslı ola bilərdi ki, Cavabdeh MTK "xxxx" MMC-yə hər hansı sifariş verdiyini və bu sifarişin icra edilmədiyini əsaslandıraraq bu barədə sübutlar təqdim etsin. Lakin hazırkı mübahisə üzrə bu hal mövcud deyildir. Yəni, göstərilən xidmətin həcmindən asılı olmayaraq verilən sifarişlərin icrası üçün aylıq haqq müəyyən olunmuşdur və sifariş verilmədiyi halda xidmətlərin göstərilib – göstərilməməsindən asılı olmayaraq müqaviləyə əsasən müəyyən olunmuş xidmət haqqını ödəmək Cavabdeh MTK-nın öhdəliyidir. Buna görə də məhkəmə hesab edir ki, etirazın əsası kimi irəli sürülən bu xüsusat iddianın rədd edilməsi üçün əsas ola bilməz. Tərəflər arasında bağlanmış 01 aprel 2019-cu il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəliklər üzrə sifarişçinin müraciətləri əsasında xidmətlərin göstərilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İşin halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisəli dövr olan 2019-ci ilin dekabr ayından müqavilənin xitam verildiyi 30 dekabr 2020-ci il tarixə kimi xidmətlərin göstərilməsi ilə bağlı hər hansı bir müraciət olunmamışdır. Əksinə, Cavabdeh MTK-nın müqaviləyə 30 dekabr 2020-ci il tarixdən xitam veriləcəyi ilə bağlı 16 dekabr 2020-ci il tarixli müraciəti də onu təsdiq edir ki, tərəflər arasında müqavilə münasibətləri həmin tarixə qədər davam etmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmət göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətin qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Mübahisələndirlən dövr 13 ayı əhatə etsə də, müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən "xxxx" MMC tərəfindən 2019-cu ilin dekabr ayına kimi Azərbaycan Respublikası Vergi Məcəlləsi, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun olaraq Cavabdeh MTK-ya göndərilən və sistem üzrə təsdiqlənmiş elektron vergi hesab-fakturalar üzrə ödənişlərin həyata keçirilməsi işin mübahisəsiz halı olmaqla yanaşı, mübahisə yaranan dövrə qədər artıq tərəflərin qarşılıqlı münasibətlərində praktikanın və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulunun formalaşdığını təsdiq edir. Yəni, iddia bu halda rədd və ya qismən təmin oluna bilərdi ki, Cavabdeh MTK ödənişləri apardığı aylara münasibətdə öhdəliklərin icrasının fərqli qaydada, yəni, təhvil – təslim aktı, faktura və s. əsasında rəsmiləşdirilməsi ilə bağlı hər hansı bir sübut təqdim etsin. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İşin halları ilə təsdiq olunur ki, Cavabdeh MTK tərəfindən ödəniş aparılan aylar üzrə də ödənişin aparılması üçün əsas elektron vergi-hesab fakturaları olmuşdur. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 9100 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 9100 manat məbləğində pul vəsaiti Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2320/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2320/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver