Məhkəmə qərarları › İş №e-2-2(113)-2321/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2321/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2321/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 may 2023-cü il tarixli müqavilə üzrə 3085,91 manat borcun və ödənilmiş 55 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 022 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırılması protokolunda və ya e-qaimədə/hesab-fakturada qeyd olunan malları satmağı, cavabdeh isə həmin mallara görə müqavilə ilə müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli EBDG 304256 seriya və nömrəli elektron qaimə üzrə cəmi 3085,91 manat dəyərində müxtəlif növ mal satılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli elektron qaimədə göstərilən mallar 26 aprel 2023-cu il tarixli ******* saylı qaimə-faktura üzrə 542,37 manat, 01 may 2023-cu il tarixli ******* saylı qaimə-faktura üzrə 886,20 manat, 14 may 2023-cü il tarixli ******* saylı qaimə-faktura üzrə 852,43 manat, 15 may 2023 cü il tarixli ******* saylı qaiməfaktura üzrə 165 manat, 04 may 2023-cü il tarixli ******* saylı qaimə-faktura üzrə 639,90 manat olmaqla cavabddehə hissə-hissə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və sözügedən elektron qaimə üzrə aldığı məhsulların dəyərini ödəməmişdir. Borcun ödənilməsi üçün cavabdehə edilmiş şifahi və “e-texas.gov.az” saytı vasitəsilə xx.xx.2023-cü il tarixli yazılı xəbərdarlıq, o cümlədən e-məhkəmə sistemi ilə göndərilmiş pretenziya nəticəsiz qalmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 445, 567-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məkhəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana çatdırılmaqla, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilən iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanan 03 may 2023-cü il tarixli 022 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, “Satıcı” mülkiyyətində olan, “Alıcı”nın sifarişinə uyğun olaraq, müqavilənin əlavəsi hesab edilən qiymət razılaşdırılması protokolunda və ya e-qaimədə/hesab-fakturada qeyd olunan malları “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı qəbul edib, malın haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür (1.1). Malın miqdarı, keyfiyyəti, çeşidi və qiyməti tərəflər arasında razılaşdırılaraq müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab edilən qiymət razılaşdırılması protokolu və ya e-qaimə/hesab-faktura ilə müəyyən olunur (1.2). “Satıcı” malı müqaviləyə uyğun olaraq tərəflərin öncədən müəyyən etdiyi yerdə və müddətdə “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Mal əskik təchiz olunduğu və ya keyfiyyətsiz olduğu halda “Alıcı” tərəfindən “Satıcı”ya irəli sürülən bütün tələblərin əks olunduğu akt tərtib olunur (1.3). Malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir (3.1). Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malların dəyərini mallar təhvil verildikdən sonra 15 gün müddətində “Satıcı”nın bank hesabına köçürür (3.2). Ödəmələr Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir (3.3).

11. Məhkəməyə təqdim edilən qaimə-fakturalardan görünür ki, 26 aprel 2023-cü il tarixli ******* nömrəli faktura 542,37 manat, 01 may 2023-cü il tarixli ******* nömrəli faktura 886,2 manat, 04 may 2023-cü il tarixli ******* nömrəli faktura 639,9 manat, 14 may 2023cü il tarixli ******* nömrəli faktura 852,43 manat, 15 may 2023-cü il tarilxi ******* nömrəli faktura 165 manat olmaqla ümumilikdə 3085,9 manat dəyərində malın təhvil verilməsi üçün tərtib edilmişdir.

12. İş materiallarında olan elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDG 304256 seriya və nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixli 1463, xx.xx.2023-cü il tarixli 1465, xx.xx.2023-cü il tarixli 476301, xx.xx.2023-cü il tarixli 476307 və xx.xx.2023-cü il tarixli 476310 nömrəli malların təhvil-qəbul aktına əsasən təhvil verilmiş ƏDV daxil olmaqla 3085,91 manat dəyərində malın cavabdehə təhvil verilməsinin rəsmiləşdirilməsi üçün tərtib edilmişdir. Adıçəkilən elektron qaimə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə göndərilmiş, sonuncu xx.xx.2023-cü il tarixdə elektron qaiməni düzəlişə qaytarmış, xx.xx.2023cü il tarixdə qaimə düzəliş edilərək cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixdə elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir.

13. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 03 may 2023-cü il tarixli 022 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə qiymət razılaşdırılması protokolunda və ya e-qaimədə/hesab-fakturada göstərilən malları satmağı, cavabdeh isə hamin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 5 qaimə-faktura və onlar əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli EBDG 304256 seriya və nömrəli elektron qaimə əsasında ƏDV daxil olmaqla 3085,91 manat dəyərində malı cavabdehə təqdim etmişdir.

14. İddiaçı 03 may 2023-cü il tarixli 022 nömrəli alqı-satqı müqaviləsi üzrə mallarının dəyərini təşkil edən 3085,91 manat məbləğində pulun ödənilməsini tələb edir.

15. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

16. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

18. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

19. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə, əvvəla, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi ilə mallar təhvil verildikdən sonra dəyərinin 15 təqvim günü ərzində köçürmə yolu ilə aparılmasının şərtləndirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Həmçinin xx.xx.2023-cü il tarixli EBDG 304256 seriya və nömrəli elektron qaimənin əvvəlcə cavabeh tərəfindən düzəlişə qaytarılması da sonuncu tərəfindən sistemə sayıq nəzarətin edildiyini və elektron qaimənin xx.xx.2023-cü il tarixdə sistem tərəfindən təsdiq olunmasının təsadüfi olmadığını göstərir.

34. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 03 may 2023-cü il tarixli 022 nömrəli müqavilə üzrə 3085,91 məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı həmçinin ödənilmiş 55 manat dövlət rüsumunun və 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.

36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 55 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

37. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, EBEB 735699 seriya və nömrəli elektron qaimə üzrə 300 manat məbləğində pul iddiaçı tərəfindən Bakı şəhəri 32 saylı vəkil bürosunun bank hesabına köçürülmüşdür. EBEB 735699 seriya və nömrəli elektron qaimə isə xx.xx.2024-cü il tarixli 58 saylı müqavilə üzrə hüquqi yardım xidməti üçün tərtib edilmişdir (0393482 nömrəli orderdə göstərilən müqavilə).

38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

43. Bundan başqa, hazırkı iş üzrə iddia qiymətləndirilən iddia (3085,91 manat) olmaqla “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumunun məbləği 51 manat təşkil edir

44. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3085 (üç min səksən beş) manat 91 (doxsan bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar