Məhkəmə qərarları › İş №e-2-2(113)-2324/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2324/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2324/2020 28.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən ƏDV daxil 8374,09 manat əsas borcun və gecikdirilmiş dəbbə faizinə görə 4940,72 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, toplam olaraq 13344,81 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən ƏDV daxil 8374,09 manat əsas borcun və gecikdirilmiş dəbbə faizinə görə 4940,72 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, toplam olaraq 13344,81 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini iddiaçı öz öhdəsinə götürmüş, cavabdeh isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bunu nəzərə alaraq cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrini müxtəlif vaxtlarda iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin təmirə görə yaranan xx.xx.2019-cu il tarixli Mİ-91246 saylı hesaba görə (ƏDV daxil) 29.5 manat, xx.xx.2019 tarixli Mİ-91292 saylı hesaba görə (ƏDV daxil) 4064,73 manat, xx.xx.2019 tarixli Mİ-92301 saylı hesaba görə (ƏDV daxil) 873,62 manat, xx.xx.2019 tarixli Mİ-92881 saylı hesaba görə (ƏDV daxil) 106,75 manat, xx.xx.2019 tarixli Mİ-94160 saylı hesaba görə (ƏDV daxil) 735,68 manat, xx.xx.2019 tarixli Mİ-95163 saylı hesaba görə (ƏDV daxil) 1949,02 manat, xx.xx.2019 tarixli Mİ-94523 saylı hesaba görə (ƏDV daxil) 6000,17 manat, xx.xx.2019 tarixli Mİ-96594 saylı hesaba görə (ƏDV daxil) 477,29 manat olaraq və toplam 8374,09 manat borc ödənilməmişdir. Bununla bağlı qarşı tərəflə iddiaçı tərəfindən dəfələrlə borcun ödənilməsi ilə bağlı telefon danışıqları aparılsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda qeyd olunan öhdəliyin yerinə yetirilməsi üçün cavabdehin elektron ünvanına xx.xx.2020-ci il tarixli elektron pretenziya məktubu göndərilsə də məsələ öz həllini tapmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Mİ-079/2019 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, iddiaçı cavabdehin avtomobillərinə texniki servis xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətin qiymətini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli Mİ-91246 saylı, xx.xx.2019 tarixli Mİ-91292 saylı, xx.xx.2019 tarixli Mİ-92301 saylı, xx.xx.2019 tarixli Mİ-92881 saylı, xx.xx.2019 tarixli Mİ-94160 saylı, xx.xx.2019 tarixli Mİ-95163 saylı, xx.xx.2019 tarixli Mİ-94523 saylı və xx.xx.2019 tarixli Mİ- 96594 saylı hesablardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 29.5 manat, 4064,73 manat, 873,62 manat, 106,75 manat, 735,68 manat, 1949,02 manat, 6000,17 manat, 477,29 manat olmaqla, ümumilikdə 8374,09 manat dəyərində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli EAAW seriyalı 572592 saylı, xx.xx.2019-cu il tarixli EAAW seriyalı 734939 saylı, xx.xx.2019-cu il tarixli EAAX seriyalı 821631 saylı, xx.xx.2019-cu il tarixli EAAY seriyalı 979719 saylı, xx.xx.2019-cu il tarixli EBAB seriyalı 206656 saylı, xx.xx.2019-cu il tarixli EBAC seriyalı 615902 saylı, xx.xx.2019-cu il tarixli EBAD seriyalı 520126 saylı, xx.xx.2019-cu il tarixli EBAE seriyalı 426398 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 29.5 manat, 4064,73 manat, 873,62 manat, 106,75 manat, 735,68 manat, 1949,02 manat, 6000,17 manat, 477,29 manat olmaqla, ümumilikdə 8374,09 manat dəyərində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli Mİ-91246 saylı, xx.xx.2019 tarixli Mİ-91292 saylı, xx.xx.2019 tarixli Mİ-92301 saylı, xx.xx.2019 tarixli Mİ-92881 saylı, xx.xx.2019 tarixli Mİ-94160 saylı, xx.xx.2019 tarixli Mİ-95163 saylı, xx.xx.2019 tarixli Mİ-94523 saylı və xx.xx.2019 tarixli Mİ- 96594 saylı “Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında” Aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus avtomobillərdə müvafiq olaraq ƏDV daxil 29.5 manat, 4064,73 manat, 873,62 manat, 106,75 manat, 735,68 manat, 1949,02 manat, 6000,17 manat, 477,29 manat olmaqla, ümumilikdə 8374,09 manat dəyərində təmir işləri aparılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli Mİ-079/2019 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin avtomobillərinə texniki servis xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətin qiymətini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 29.5 manat, 4064,73 manat, 873,62 manat, 106,75 manat, 735,68 manat, 1949,02 manat, 6000,17 manat, 477,29 manat olmaqla, ümumilikdə 8374,09 manat dəyərində xidmət göstərmiş, lakin cavabdeh tərəfindən xidmətlərin qiyməti iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, xidmətlər göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli Mİ- 079/2019 saylı “Texniki servis xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu 8374,09 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 3.5-ci bəndinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 4940,72 manat dəbbə pulu məbləği yaranmış 8374,09 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 400 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən ƏDV daxil 8374,09 manat əsas borc və 400 manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalı və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (8774,09 manat) iddia tələbinin (13314,81 manat) 65,89 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19,76 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10,24 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən əlavə dəyər vergisi daxil 8374,09 manat əsas borc və 400 manat dəbbə pulu İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 19,76 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 10,24 manat məbləği isə İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar