Məhkəmə qərarları › İş №e-2-2(113)-2326/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2326/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2326/2020 27.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, EAAQ seriyalı 163253 seriyalı xx.xx.2019-cu il tarixli elektron qaimədə göstərilən mallara görə 384.80 manatın, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 25.65 manat faizin, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə MM-in 449.1-ci maddəsinə əsasən hesablanmış 36.16 manatın, 20 manat dövlət rüsumunun , ümumilikdə 466.61 manat ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə alkoqollu içkilərin satışına dair NS 001/01672019 nömrəli müqavilə bağlanmışdır. Müqavilə ilə satıcı müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satır. Alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə ( lakin mallar alındığı vaxtdan 30 gündən güc olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2019cu il tarixdə iddiaçıya məxsus alkoqollu işçilərin dəyərini razılaşdırılmış müddətdə və qiymətlərə əsasən ödəmək şərti ilə almış, bununla bağlı seriya EAAQ seriyalı 163253 xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib olunmuş və qaiməyə uyğun olaraq mallar cavabdehə təhvil verilmişdir. Lakin alıcı müqavilənin şərtlərinə əməl etməyərək xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə təhvil verilən malların dəyərini ödəməmiş və hal-hazırda da ödəmir. Həmin qaiməyə əsasən hazırda cavabdehin iddiaçıya cəmi 384.80 manat ödənilməmiş borcu mövcuddur. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin xx.xx.2019-cu il tarixli, 09 saylı pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Nəzərə alınsa ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, NS 001/01672019 nömrəli müqaviləsi üzrə gecikmələrə görə cərimə faizi müəyyən edilməyib və borclu pul məbləğinin ödənilməsini 16 ay (xx.xx.2019-xx.xx.2020) gecikdirilmişdir. Bu halda AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Deməli cavabdeh müqavilənin ümumi dəyərinin illik 5 % ni, yəni 25.65 (384.80 X 5%:12 ayx16 ay=25.65) manatı ona ödəməlidir. Bundan əlavə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dövriyyədə nə qədər çox pul olarsa, o qədər çox mal istehsal etmək və daha çox gəlir əldə etmək olar. Faktiki olaraq alıcının qəbul etdiyi mallara görə ödəniş etməməsi onları əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Bunun əksinə cavabdeh qaytarmadığı pul vəsaitindən digər məqsədlər üçün istifadə etməklə (cavabdehin cari xərcləri, digər borclarının və maliyyə öhdəliklərinin icrası və s.) həmin vəsaitdən faydalanmış və gəlir əldə etmişdir. Cavabdehin də kommersiya fəaliyyəti ilə məşğul olduğu nəzərə alınsa, onun belə fəaliyyətdən gəlir əldə gəlir əldə etməsi və faydalanması təkzib olunmazdır. Məhz buna görə də cavabdehin iddiaçıya münasibətdə pul öhdəliyini icra etməməsinə görə və faydalanması təkzib olunmazdır. Beləliklə, qeyd olunanlara əsasən belə qənaətə gəlmək olur ki, cavabdeh iddiçıya ödəməli olduğu 384.80 manat ödənişi 490 gün ərzində qanunsuz saxlanmış, ondan faydalanmış və buna görə də MM-nin 449-cu maddəsinə əsasən hesablanmış 36.16 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlər bir daha sübut edir ki, cavabdeh xx xxxxxx 2019-cu il tarixli nömrəli müqaviləyə əsasən Seriya EAAQ 163253 xx.xx.2019-cu il tarixli elektron qaimədə göstərilən malları qəbul etmiş, lakin həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da müqavilə şərtlərini, həmçinin qüvvədə olan mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaçıya ödəməli olduğu pulu vaxtında geri qaytarmamaqla həmin vəsaitdən yararlanmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, o kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi iddiaçıdan dəfələrlə alkoqollu içkilər almışdır. Hər dəfə faktura üzrə alınan malların pulunu ödəmişdir. Lakin iddia ərizəsində göstərilən NS001/01672019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli müqaviləni heç vaxt bağlamamışdır və həmin müqavilədə olan imza onun imzası deyil. Bundan başqa qeyd edir ki, həmin ildə o iki ədəd müqavilə bağlamış, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qaimə-faktura əlavə olunur və həmin iki ədəd qaimə-faktura əsasında iki dəfə mal almışdır və alınmış mal üçün tam pul ödəmişdir. Müqavilədəki imzanın ona məxsus olmadığını və müqavilə bağlamadığnı qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra SER EAAQ 163253 xx.xx.2019-cu il tarixli elektron qaimədə göstərilən mallara görə qalıq 263.13 manatın, xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə göstərilən mallara görə göstərilən mallara görə 175.60 manatın, xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə göstərilən mallara görə manatın, xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə göstərilən mallara görə 39.60 manatın, MM-nin 445.7-ci maddəsinə əsasən hesablanmış 27.46 manat faizin, cavabdeh tərəfindən iddiaçının vəsaitindən faydalandığına görə MM-in 449.1-ci maddəsinə əsasən hesablanmış 36.16 manatın, 20 manat dövlət rüsumunun, ümumilikdə cəmi 561.95 manat ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Seriya EAAQ 163253 xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə cavabdehə verilmiş mallara 384.10 manat borcdan cavabdeh 50 manat ödəniş aparmışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı tərtib edilmiş və həmin akt üzrə borc kimi göstərilən məbləğ də bunu təsdiq edir. Məhz həmin ödəniş olunduğu üçün xx.xx.2019-cu il tarixli qaimə ilə cavabdehə yenidən 39.60 manat dəyərində yenidən mal verilmiş və ümumi borc 373.70 manat təşkil etmişdir. Qalan borcun ümumi məbləği xx.xx.2020-ci il tarixli təhvil-təslim aktında öz təsdiqini tapmışdır. Qeyd olunan məbləğdə 39.60 manat malların verilməsini və onları qəbul etməsini cavabdeh iddia ərizəsinə verilmiş etirazda etiraf etmiş və ərizəyə qoşmada, xx.xx.2019-cu il tarixli qaimə-fakturanın surətini də əlavə etmişdir. Bununla yanaşı cavabdeh xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı qeyd olunan qaimə-fakturada imza edən şəxsin səlahiyyətli olduğunu təsdiq etmişdir. Etiraza qoşmada əlavə edilən xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə malın verilməsi şirkətin daxili malların alqı-satqı sistemində öz əksini tapsa da, digər xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə malların verilməsi barədə ümumiyyətlə məlumat yoxdur. Görünür bu məlumat sisteminə daxil edilməmişdir. Lakin o malların da cavabdehə verilməsini təsdiq edən qaimə-faktura mövcuddur. Cavabdeh həmin qaimə-fakturanı da etiraza qoşmada təqdim etmiş və həmin malları da qəbul etməsini etiraf etmişdir. Eyni zamanda qeyd edir ki, cavabdeh qeyd olunan qaimə-fakturalar üzrə göstərilən mallara dair ödəniş apardığını bildirsə də, bununla bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehdən qeyd olunan qaimə-fakturalar üzrə verilən malların dəyəri də istənilməlidir. Bundan əlavə məhkəmə prosesi gedən ərəfədə cavabdeh müraciət etmiş və qarşılıqlı razılıq əsasında 70,97 manat dəyərində satılmamış mallar geri qaytarılmış və həmin mallar tərəflərindən qəbul edilərək ümumi ödənilməli məbləğdən çıxılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edərkən Cavabdeh Fərhad oğlu verdiyi izahatda bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2019cu il tarixli müqavilədəki imza ona məxsus deyil. Qaimələr də onun tərəfindən imzalanmamışdır. Bundan əlavə təhvil-təslim aktları tərtib edilən zaman məsul işçi qismində Rəşadın adı qeyd edilsə də, Rəşad 2020-ci ilin yayından etibarən onunla çalışır. Həmin vaxt işçi kimi hazırda əmək müqaviləsinə xitam verilmiş Xəyalə adında şəxs çalışmışdır.Aktlar tərtib edilən zaman onun Rəşad adında işçisi olmamışdır. Qaimə-fakturalardakı imzaların isə konkret olaraq hansı işçiyə məxsus olması barədə məlumatı yoxdur. Hesab edir ki, qaiməfakturalar üzrə hesablanmış borcu ödəmişdir. Əgər malların dəyəri onun tərəfindən ödənilməsəydi iddiaçı təkrarən ona mal verməzdi. Malların dəyərini ödəsə də, bununla bağlı nə çek, nə də ki başqa bir sənəd tərtib olunmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - bir tərəfdən alıcı qismində Cavabdeh ilə digər tərəfdən satıcı qismində İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli NS 001/016/2019 nömrəli müqaviləyə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış müddətə və qiymətlərə əsasən satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri ( qiyməti, dəyəri, miqdarı və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır. Satılan mallar satış məqsədlərinə yarayan keyfiyyətə uyğun olmalıdır. Satılmış hər bir malın üzərində alıcının mülkiyyət hüququ hər bir malın dəyəri alıcı tərəfindən bu müqavilə ilə müəyyən edilmiş müddətdə tam ödənildiyi andan satıcıdan alıcıya keçir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı aldığı malların dəyərini mallar alındığı gündən 30 gün müddətində satıcının hesablaşma hesabına bank vasitəsi ilə ödəyir. Təchiz olunan mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. - EAAQ seriyalı 163253 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 384.80 manat dəyərində mal verilmişdir. - xx.xx.2019-cu il tarixli qaimə fakturadan məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh 175.60 manat dəyərində alkoqollu içkilər təhvil verilmişdir və mallar sonuncu tərəfindən təhvil alınmışdır. - xx.xx.2019-cu il tarixli qaimə fakturadan məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh 39,6 manat dəyərində alkoqollu içkilər təhvil verilmişdir və mallar sonuncu tərəfindən təhvil alınmışdır. - xx.xx.2020-ci il tarixli ******* nömrəli qaimə-fakturadan məlum olur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 70.97 manat dəyərində mallar təhvil verilmişdir. - İddiaçı MMC-nin satış təmsilçiləri X3, X2 ilə Şərab evi mağazasının məsul şəxsi Rəşad Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər xx.xx.2019-cu il tarixə alıcının 334.10 manat məbləğində borcu olmasını təsdiq edirlər. - İddiaçı MMC-nin nümayəndələri ilə alıcı tərəfindən məsul edilmiş şəxsin tərtib etdiyi xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər xx.xx.2020-ci il tarixə alıcının 373.70 manat məbləğində borcu olmasını təsdiq etmişlər. -İddiaçı MMC tərəfindən xx xxx 2019-cu il tarixdə Cavabdeh pretenziya qaydasında məktub ünvanlanaraq xx xxxxxx 2019-cu il tarixdə alkoqollu içkilərin satışına dair NS001/01672019 nömrəli müqaviləyə uyğun olaraq satılmış mallara görə yaranmış 384.80 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının hazırkı tələbindən görünür ki, iddiaçı EAAQ seriyalı 163253 xx.xx.2019-cu il tarixli elektron qaimə, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qaimə-fakturalar üzrə cavabdehə verilmiş malların dəyərinin ödənilməsini tələb edir. EAAQ seriyalı 163253 xx.xx.2019-vu il tarixli elektron qaimədə malların dəyəri qismində 384.80 manat göstərilsə də, cavabdeh tərəfindən müəyyən miqdarda ödəniş olunduğundan və eyni zamanda malların bir qismi iddiaçıya təhvil verildiyindən həmin elektron qaimə üzrə iddiaçı 263.13 manat məbləğində pul ödənilməsi tələbi ilə çıxış edir. Məhkəmə iddiaçının hazırki tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” nda müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 3.3. Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Malların alış zamanı təhtəlhesab şəxs satıcıya malların alınması üçün vəkalətnamə təqdim etdikdən sonra satıcı malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi malların təhvil-qəbul aktı ilə sənədləşdirilir. 3.15.Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura” nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər. 3.16. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən mallarıbn satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu qaydaya uyğun olaraq göndərilir. Eyni zamanda “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə Qaydaları” nın 1.2ci bəndinə əsasən elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin qaydaların 2.2-ci bəndinə əsasən Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir: 2.2.4-cü bəndinə əsasən əsas məlumatlar- qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhviltəslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s. 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın "Əsas" rekvizitində öz əksini tapır Göründüyü kimi qanunvericilik elektron qaiməni ilkin uçot sənədi kimi müəyyən edir. Malların təhvil verilməsinin isə “malların təhvil-qəbul aktı” ilə sənədləşdirilməsini nəzərdə tutur. Lakin hazırki iş üzrə müəyyən olunur ki, EAAQ seriyalı 163253 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədə 384.80 manat dəyərində malların cavabdehə verilməsi öz əksini tapsa da, tərəflər arasında bu barədə “malların təhvil-qəbul aktı” tərtib edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2019-cu il tarixli elektron qaimə üzrə malların cavabdehə təhvil verilməsi və sonuncu tərəfindən təhvil alınması faktı öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, EAAQ seriyalı 163253 nömrəli xx.xx.2019cu il tarixli elektron qaimə üzrə 263.13 manat ödənilməsi hissəsində iddiaçının tələbi əsaslı deyildir və bu səbəbdən də həmin hissədə iddia təmin edilməməlidir. İddia tələbinin xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə 175.60 manat və xx.xx.2019cu il tarixli qaimə-faktura üzrə 39.60 manat məbləğində borcun ödənilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, həmin malların cavabdehə təhvil olunması və cavabdeh tərəfindən təhvil alınması ilə bağlı təsdiq edilmiş qaimə-faktura tərtib edildiyindən və malların dəyəri olan ümumilikdə 215.20 manat cavabdeh tərəfindən ödənilməmiş qaldığından, bu hissədə iddia tələbi təmin edilməlidir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 27.46 manat və MM-in 449.1-ci maddəsinə əsasən 36.16 manat məbləğində pulun ödənilməsini tələb edir. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445.7,449.1-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” x xxxx 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MMin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Qeyd edilən qərardan göründüyü kimi, pul öhdəliklərinin icra edilməməsi ilə bağlı 449.1ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində qeyd edildiyi kimi faydalanması tələb olunur. Hazırkı mülki iş üzrə isə borclunun qaytarmadığı pul vəsaitindən faydalanması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə həmin hissədə də iddia tələbini əsassız hesab edir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 215.20 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 215.20 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə 175,60 manat, xx.xx.2019-cu il tarixli qaimə-faktura üzrə 39,60 manat və 20 manat dövlət rüsumu olmaqla, cəmi 235.2 (iki yüz otuz beş manat iyirmi qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar