Məhkəmə qərarları › İş №e-2-2(113)-233/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-233/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-233/2021 28.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X7 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri və vəkilləri X1 və Vəkil, Cavabdeh “X11 X2 X10” şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X7 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X11 X2 X10” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı 355822,70 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 355822,70 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqaviləyə əsasən 141.600.00 manat dəyərində, xx xxx 2020-ci il tarixli müqaviləyə əsasən 320.133.99 manat məbləğində müxtəlif çeşidli mallar satılmış və borcun ödənilməsi üçün qarşı tərəfə müvafiq olaraq, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. Cavabdehin yekun 461.734.00 manat borcundan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissə-hissə olaraq 105.911.30 manat ödənilsə də, 355.822.70 manat borc bu günədək ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanmış “mallar üzrə satınalmalar müqaviləsi”nin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr Alıcı tərəfindən 3 gün ərzində bank köçürmə yolu ilə aparılır. Həmin müqavilənin 14.2-ci bəndinə əsasən Alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, Satıcı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cavabdehə iddiaçı tərəfindən pretenziya ünvanlanaraq xx xxxx 2020-ci il və xx xxx 2020-ci il tarixli müqavilələrə əsasən yaranmış 355.822.70 manat borcu 7 gün müddətində ödəmələrini xahiş edilsə də, bu günə kimi borc ödənilməmiş qalmışdır. Buna görə də alqısatqı müqaviləsi üzrə ödənilməmiş 355.822.70 manatın tələb olunması zərurəti vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən borcdan iddiaçıya 1688 manat ödənilmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili qalan hissədə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 1688 manat ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X7 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının Dövlət reyestri məlumatının surətindən görünür ki, “X11 X2 X10” şirkətinin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2020-ci il tarixli PİE/SP/03/20 saylı Mallar üzrə satınalma müqaviləsindən görünür ki, cavabdeh satın alınması üçün iddiaçının 320133,99 manat məbləğində təklifini qəbul etməyi, ödənişi mallar təhvil alındıqdan sonra 3 gün ərzində bank köçürmə yolu ilə aparmağı öhdəsinə götürmüşdür. xx xxx 2020-ci il tarixli SP-AN-05/2020 saylı Mallar üzrə satınalma müqaviləsindən görünür ki, iddiaçı satın alınması üçün cavabdehin 141600 manat məbləğində təklifini qəbul etməyi, ödənişi iddiaçı tərəfindən 30 gün ərzində bank köçürmə yolu ilə aparmağı öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli EBAK seriyalı 620232 saylı və xx xxxx 2020-ci il tarixli EBAH seriyalı 666305 saylı elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq ƏDV daxil olmaqla 320134 manat və 141600 manat məbləğində cavabdehə mal satılmışdır. Məhkəmə iddiaçının nümayəndələri və vəkillərinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2020-ci il tarixli PİE/SP/03/20 saylı Mallar üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh satın alınması üçün iddiaçının 320133,99 manat məbləğində təklifini qəbul etməyi, ödənişi mallar təhvil alındıqdan sonra 3 gün ərzində bank köçürmə yolu ilə aparmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında xx xxx 2020-ci il tarixli SP-AN-05/2020 saylı Mallar üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı satın alınması üçün cavabdehin 141600 manat məbləğində təklifini qəbul etməyi, ödənişi iddiaçı tərəfindən 30 gün ərzində bank köçürmə yolu ilə aparmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müvafiq olaraq ƏDV daxil olmaqla 320134 manat və 141600 manat məbləğində cavabdehə mal satılmış, cavabdeh tərəfindən iddiaçıya 105.911.30 manat və 1688 manat olmaqla ümumilikdə 107599,30 manat ödəniş edilmiş, hazırda cavabdehin iddiaçıya borcu 354134,7 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilələrə əsasən yaranmış borcdan qalan 354134,7 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 354134,7 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 99,5 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,85 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 0,15 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 354134,7 manat “X11 X2 X10” şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X7 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 29,85 manat məbləği cavabdeh “X11 X2 X10” şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X7 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilsin, qalan 0,15 manat məbləği isə “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X7 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar