Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2330/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X8, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və “xxxx” ASCyə qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və “xxxx” ASC-yə (bundan sonra – cavabdehlər) qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə göstərdiyi xidmətlərə görə hər iki cavabdehdən hər ay 300 manat olmaqla 36 aylıq xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 10830 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə aralarında həyata keçiriləcək xidmət barədə rəsmi müqavilənin mövcud olmamasına baxmayaraq, cavabdehlərə xidmətlər göstərilmişdir. Lakin cavabdehlər xidmətlərindən istifadə edib yararlansalar da, xidmət haqqını ödəməkdən boyun qaçırırlar. Bunu da aralarında rəsmi müqavilənin imzalanmadığı ilə əsaslandırmışlar. Cavabdehlərin bu arqumentləri ilə razılaşmayaraq hesab edir ki, göstərdikləri xidmətləri qəbul edib, yararlandıqları kimi, göstərilmiş xidmətə görə xidmət haqqını da ödəməyə borcludurlar. Belə ki, 2018-ci ilin yanvar ayında, X2 Agentliyinin nümayəndəsi kimi onunla “xxxx” Sığorta Şirkətinin o zaman mətbuat və ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı olan Elnur Hüseynquluyev arasında, “xxxx” Sığorta və Cavabdeh1 Sığorta şirkətlərinə Press X6 Agentliyi tərəfindən Media Monitoring xidmətinin göstərilməsinə dair danışıq və müzakirələr aparılmışdır. Adı çəkilən xidmət, Sığorta Sektoru barədə sosial şəbəkədə dərc olunan məlumatların 700-ə yaxın veb resursda, 12 TV kanalında, 55-dən çox qəzetdə axtarışı, emalı, arxivləşdirilməsi, göndərilməsi və monitorinqin dairəsinə düşən xəbərlərin şirkətlər üzrə müqayisəli təhlilini əhatə edir. 31 yanvar 2018-ci il tarixinə kimi test rejimində həyata keçirilən xidmət E.Hüseynquluyevin şəxsi Elektron ünvan 1 ünvanına göndərilmişdir. Şifahi razılıq əldə etdikdən sonra 18 yanvar 2018-ci il tarixdə ona xidmətlə bağlı müqavilə göndərilmişdir. 31 yanvar 2018-ci il tarixdə isə xidməti onun korporativ e-mailinə göndərməklə bağlı Elnur Hüseynquliyev müraciət edib və Whatsapp vasitəsilə onlara yeni korportiv mailini göndərib. Bundan sonra həmin tarixdə E. Hüseynquliyev, özünün korporativ e-mail səhifəsi vasitəsi ilə onlara müraciət edərək, xidmətin dairəsinin genişləndirilərək, onun həmçinin rəhbərliyə aid (Elektron ünvan 2; Elektron ünvan 3 Elektron ünvan 4; Elektron ünvan 5; Elektron ünvan 6) elektron ünvanlarına da göndərməklə onlara da xidmətin şamil edilməsini xahiş edib. 2 aprel 2018-ci il tarixində, Elnur Hüseynquluyev e-mail vasitəsilə onlara müraciət edərək onun təklifi ilə artıq xidmət göstərməyə başladıqları bəzi şəxslərə xəbərlərin çatmasında problem olduğunu bildirib və həmin şəxslərin ünvanını Elektron ünvan 2; Elektron ünvan 4; Elektron ünvan 5) onlara göndərib. Onlar da öz növbəsində mövcud problemləri araşdırıb aradan qaldırmışlar. Deməli cavabdehlər onların xidmətlərindən istifadə etməkdən nəinki imtina etməmiş, hətta xidmətin keyfiyyəti ilə bağlı sifariş də həyata keçirmişlər. 13 avqust 2020-ci ildə X4 Sığorta qrupundan ayrıldığı haqqında məlumatı sosial mediada oxuduqdan sonra onunla əlaqə saxlamışlar. O, qrupdan tam ayrılmadığını, müəyyən PR işlərini məsləhətçi kimi yerinə yetirməkdə davam edəcəyini bildirmişdir. Bu ilin, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Agentliklərinin illik gəlir və xərc uçotunu apararkən, ödəniş edən müəssisələr sırasında “xxxx” və ya “xxxx” Şirkətinin adını görməmişlər. Araşdırma apararkən məlum olmuşdur ki, xxxx qrupundan onlara ödəniş daxil olmayıb. Amma xidmət e-mail adresləri yuxarıda göstərilən şəxslərə, o cümlədən Elnur Hüseynquluyevə (həm də onun email ünvanına) media monitorinq xidmətinin hələ də göndərildiyi, yəni onlara göstərdikləri xidmətin davam etdiyi təsdiqlənmişdir. Onunla əlaqə saxladıqda o bildirmişdir ki, “xxxx” Sığorta Qrupundan ayrılıb. Xidmət haqqının niyə bu müddət ərzində ödənilmədiyini soruşduqda o, müqavilənin onun tərəfindən rəhbərliyə təqdim olunduğunu, lakin bu vaxta qədər nə üçün təsdiq olunmadığını bilmədiyini, daha sonra isə bu məsələni ümumiyyətlə unutduğunu bildirdi. Onlarsa artıq müqavilənin rəsmiləşdirildiyini və ödənişlərin həyata keçirildiyini güman edərək, xidmət göstərilməsinə davam etdirmişlər. Göstərdikləri xidmət e-mail vasitəsilə gündə ən azı 2 dəfə olmaqla həyata keçirilib. Bundan əlavə, sığorta sektorunun aylıq təhlilinin hesabatını da excel formatda hər ay onlara təqdim ediblər. 2018-ci ilin iyun iyul aylarında müştəri məmuniyyətini qiymətləndirmək üçün müştəriləri arasında sorğu keçirilmişdir. 2 iyul 2018-ci ildə Sorğu anketi xxxxnın əməkdaşlarına da göndərilib. Onlar sorğuda iştirak etməkdən boyun qaçırmayıb və ya onların müştərisi olmadıqlarını qeyd etməyiblər. Cavabdehlərin nümayəndəsi ilə aparılmış danışıqların məzmununu ifadə edən təqdim etdikləri sənədlərdən və qanun normalarının tələblərindən göründüyü kimi cavabdeh onların elektron poçt vasitəsi ilə təqdim etdiyi şərtlər daxilində onlara göstərəcəkləri xidmətlə bağlı təkliflə razılaşmış və xidməti qəbul etmişdir. Bu isə müqavilənin bağlanması deməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.İsmail iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndələri N.Abbasov və A.Qaraşov ayrıayrılıqda iddia tələbinə etiraz edib, iddianın təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdehlər ayrı-ayrı hüquqi şəxslərdir, birinin digərinin adından müqavilə bağlamaq səlahiyyəti yoxdur, iddiaçı ilə təmsil etdikləri şirkət arasında hər hansı müqavilə imzalanmamış, onlara hər hansı xidmət göstərilməmişdir. İddia ərizəsində adıçəkilən Elnur Hüseynquluyev onların ümumiyyətlə əməkdaşı, işçisi olmamış, şirkət adından hər hansı müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Həmin müqavilə onlara göndərilmiş, bu barədə rəhbərliyə məlumat verilmiş, lakin rəhbərlik həmin müqaviləni bağlamağa razılıq verməmişdir. Müqavilənin 2018-ci il tarixli olmasına baxmayaraq həmin vaxtdan etibarən onlardan hər hansı xidmət haqqı tələb edilməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 15.01.2018-ci il tarixli müqavilənin tərəfləri qismində “xxxx” ASC və “X1” MMC göstərilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən həmin müqavilənin predmeti müqaviləyə əlavə olunan Razılaşma Protokolu ilə tənzimlənir. Həmin müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, verilən sifarişin dəyəri hesab əsasında və müəyyən olunmuş müddət ərzində Sifarişçiyə təqdim olunur. Xidmət haqqı, icraçıya sifarişçi tərəfindən 10 iş günündən gec olmayaraq ödənilir. Müqavilənin 5.3-cü bəndinə əsasən həmin müqavilə 15.01.2018-ci ildən qüvvəyə minir, 15.01.2019-cu il tarixədək qüvvəyə malikdir. Müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərdən hər hansı biri tərəfindən yazılı bildiriş olmadıqda müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılır. Müqavilənin 1 saylı, 15.01.2018-ci il tarixli Razılaşma Protokolunda icraçı tərəfindən sifarişçiyə hər ay 300 manat olmaqla xxxx, Cavabdeh1 Sığorta və bütün sığorta sektoru haqqında məlumatlatların TV kanallarında, Qazetlərdə, On-line mediada axtarışı, emalı, təhlili və Sifarişçiyə çatdırılmasına dair informasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsində əlavə edilmiş müqavilədə və müqavilənin Razılaşma Protokolunda tərəflərin rekvizitləri göstərilsə də, nə müqavilə, nə də Razılaşma Protokolu imzalanmamış və tərəflərin möhürləri ilə təsdiq edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin müqaviləni elektron formada cavabdehlərə məxsus e-mail ünvanlara göndərdiyini, cavabdehlərin həmin müqaviləni aldıqları andan onlara xidmət göstərilməsinə başlandığını bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.4-cü maddəsinə əsasən elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun: 7.2-ci maddəsinə əsasən müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. 7.5-ci maddəsinə əsasən müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. İddia ərizəsində cavabdehlərlə iddiaçı arasında rəsmi müqavilənin olmamasına baxmayaraq onlara 36 ay müddətində xidmət göstərildiyi, həmin xidmətlərin cavabdehlər tərəfindən qəbul edildiyi, lakin xidmət haqqının ödənilmədiyi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı cavabdehlərə müvafiq xidmətlərin göstərildiyini iddia etsə də, həmin xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə göstərilmiş xidmətlərə görə ödənilməli olan xidmət haqlarının tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2330/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2330/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver