Məhkəmə qərarları › İş №e-2-2(113)-2330/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2330/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2330/2024 30.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2649,98 manat əsas borc, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 65 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə, miqdarda və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Belə ki, təqdim edilmiş təhvil-qəbul aktlarına və elektron qaimə sənədlərinə əsasən cavabdehə iddiaçı tərəfindən ümumi dəyəri 2.731,41 manat məbləğində mal təqdim edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçıya 2.559,90 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Təqdim edilmiş “Maliyyə Arayışı”ndan görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-cü il tarixinə cavabdehin iddiaçıya olan qalıq borcu 2649,98 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Bağırov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, üzləşmə aktından sonra cavabdehə yenidən mal təqdim edilmiş, hazırda onun borcu 2649,98 manat təşkil edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin arılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək dəyərini ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 28 gündən artıq ola bilməz. Ödəniş 28 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir.

9. İddiaçı tərəfindən cavabdehə EBCM 826503 nömrəli xx.xx.2023-cü il tarixli (10.58 manat), EBDA 184879 nömrəli xx.xx.2023-cü il tarixli (11.51 manat), EBCİ 323780 nömrəli xx.xx.2022-ci il tarixli (22.05 manat), EBCN 172346 nömrəli xx.xx.2023-cü il tarixli (40.92 manat), EBCL 855982 nömrəli xx.xx.2022-ci il tarixli ( 46.98 manat), EBCİ 323784 nömrəli xx.xx.2022-ci il tarixli (105.85 manat), EBCİ 939517 nömrəli xx.xx.2022-ci il tarixli (116.29 manat), EBCM 826511 nömrəli xx.xx.2023-cü il tarixli (145.84 manat), EBCİ 323782 nömrəli xx.xx.2022-ci il tarixli (161.01 manat), EBCM 375661 nömrəli xx.xx.2023cü il tarixli (193.55 manat), EBCİ 384306 nömrəli xx.xx.2022-ci il tarixli (202.52 manat), EBCM 375656 nömrəli xx.xx.2023-cü il tarixli 215,14 manat, EBCG 581237 nömrəli xx.xx.2022-ci il tarixli (223.39 manat), EBCİ 606477 nömrəli xx.xx.2022-ci il tarixli (228.01 manat), EBCK 216049 nömrəli xx.xx.2022-ci il tarixli (267.69 manat), EBCJ 062773 nömrəli xx.xx.2022-ci il tarixli (299.06 manat), EBCN 202177 nömrəli xx.xx.2023-cü il tarixli (219.24 manat), EBCN 882850 nömrəli xx.xx.2023-cü il tarixli 14.11 (manat), EBCN 172338 nömrəli xx.xx.2023-cü il tarixli (40.83 manat), EBCN 172354 nömrəli xx.xx.2023cü il tarixli (95.92 manat) elektron qaimələr göndərilmişdir.

10. 06 iyul 2022-ci il tarixli malların təhvil qəbul aktı ilə 777,14 manat, 18 avqust 2022-ci il tarixli malların təhvil qəbul aktı ilə 430.58 manat, 15 sentyabr 2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə 584,06 manat, 30 mart 2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə 355.57 manat, 15 sentyabr 2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə 584.06 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

11. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 10 fevral 2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin 10 fevral 2023-cü il tarixinə olan qalıq borcu 2559,90 manat təşkil edir.

12. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli 16014 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-cü il tarixinə cavabdehin iddiaçıya olan qalıq borcu 2649,98 manat təşkil edir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

19. Bununla yanaşı, iddia ərizəsində cavabdehin əsas borcunun 2649,98 manat göstərilməsinə baxmayaraq materiallarda olan və mötəbərliyi iddiaçının nümayəndəsi Ə.Bağırov tərəfindən məhkəmə iclasında təsdiq edilmiş 10 fevral 2023-cü il tarixli üzləşmə aktına əsasən cavabdehin 10 fevral 2023-cü il tarixinə olan qalıq borcu 2559,90 manat təşkil edir.

20. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə həmin üzləşmə aktından sonra yalnız bir dəfə mal təhvil verilməsi öz təsdiqini tapmışdır.

21. Belə ki, iddiaçı tərəfindən cavabdehə EBDA 184879 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 11,51 manat dəyərində mal təhvil verilmiş, qalan təhvil aktları və elektron qaimələr isə üzləşmə aktından əvvəlki dövrə aidddir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2571,41 manat məbləğində pul (2559,90 manat + 11,51 manat) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 65 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2571,41 manat məbləğində pul, ödənilmiş 65 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2636,41 (iki min altı yüz otuz altı manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar