Məhkəmə qərarları › İş №e-2-2(113)-2335/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2335/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2335/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə pulu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 31404,57 manat məbləğində əsas borcun, 330.376 manat cərimə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4525,7 manat, eləcə də mediasiya xərci kimi 200 manat və dövlət rüsumu kimi ödənilmiş 458 manat pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsin xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh "xxxx" MMC ilə 16 aprel 2020-ci ildə A/001/0420 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC Satıcı, Cavabdeh MMC isə Alıcı qismində çıxış edir. Müqavilənin 1.1-cimaddəsinə əsasən, Satıcı Müqavilədə və Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilən tərkibdə, texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, Alıcı isə göstərilən malları alır və Müqavilədə razılaşdırılmış qaydada və vaxtda nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilə üzrə Satıcı (iddaçı) 16 aprel 2020-ci ildə A/001/0420 nömrəli Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavə Razılaşmanın 1-ci bəndində göstərilən malları təhvil verməyi Alıcı (cavabdeh) isə həmin bənddə göstərilən 31614.04 manat əsas məbləği və 5690.53 manat ƏDV məbləğini ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, Alıcı malları tam təhvil aldıqdan sonra 30 gün müddətində malların ümumi dəyərini Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə əsasında Satıcıya ödəyir. Malların ümumi dəyəri ƏDV-siz 31614.04 manat təşkil edir. Tərəflərin razılaşmasına əsasən, iddaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməklə, malları təhvil versə də lakin, cavabdeh tərəf müqavilə ilə nəzərdə tutulmuş məbləği üç ilə yaxındır ki, ödəməyərək öhdəliyinin icra etmir. Belə ki, iddaçı İddiaçı MMC tərəfindən ödənişlə bağlı xx.xx.2020-ci il tarixində EBAJ 091613 nömrəli elektron qaimə Dövlət Vergi Xidmətinin sisteminə vurulmuşdur. Müqaviləyə əsasən, Alıcı-Cavabdeh MMC elektron qaimənin təsdiq edilməsindən sonra 30 gün ərzində öhdəliyini icra etməli olsa da, malların ümumi dəyərini razılaşdırlmış müddət ərzində ödəməyərək faktiki olaraq öhdəliyini icra etməmiş və İddiaçı MMC-yə ziyan vurmuşdur. Cavabdeh bugünədək qeyd edilən məbləğdə 5000 manat məbləği 02 iyun 2020-ci il tarixində iddaçının bank hesabına köçürmək yolu ilə ödəmişdir. Göstərilən tarixdən indiyə qədər cavabdeh tərəfindən qalan borcun icarsı ilə əlaqədar heç bir hərəkət edilməmişdir. Daha sonra iddiaçı pozulmuş maraqların bərpası və müqavilə üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə törəmə müəssisəsi olduğu cavabdeh- "xxxx" MMC-nin 16 aprel 2020-ci il tarixli A/001/0420 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi barədə köməklik etməyinə dair müraciətinin də bir nəticəsi olmamışdır. Cavadeh tərəfə müqavilə üzrə yaranmış borcunun ödənilməsi məqsədi ilə sonuncu dəfə 27 yanvar 2023-cü il tarixində cavadeh-"xxxx" MMC-yə göndərilən pretenziya məktubunun onlara çatmasından 3 gün ərzində müqavilə üzrə ödənilməli olan 31404,57 manat borc məbləğinin və pretenziyanın göndərilməsi tarixinədək gecikdirilmiş hər gün üçün 306778 manat dəbbə pulunun, yekun borc olaraq 338182,57 manat dəyərində borcun ödənilməsinə dair pretenziya məktubu göndərilmişdir. Lakin cavadeh tərəf həmin məktuba hər hansı bir cavab verməmiş və yaxud borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. Müqavilə üzrə razılaşmaya əsasən, cavabdehlə yaranmış mübahisənin danışıqlar yolu ilə həll edilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından iddiaçı qanuni maraqlarının müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mediasiya haqqında qanunun 3.2-ci maddəsinin tələbinə uyğun olaraq, xx.xx.2023-cü il tarixində cavadeh-Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlanmışdır. Lakin tərəf həmin təklifə də münasibət bildirmədiyindən xx.xx.2023-cü il tarixində mediasiyaya müraciət edilmiş və cavadeh tərəf xx.xx.2023-cü il tarixinə təyin edilmiş mediasiya sessiyasına gəlməyərək mübahisənin məhkəmədə həll etmək istəyini bildirmişdir. Bununla da, Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində MŞB18-00329 nömrəli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim olunmuşdur. Belə ki, İddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, İddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Həmçinin, cavbdeh –Cavabdeh MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ziyan vurmuşdur. Ona görə də pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məclləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizi tələb edilmişdir. 16 aprel 2020-ci il tarixli A/001/0420 nömrəli alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən, “Alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya qismən ödəniş etdikdə və ya ümumiyyətlə ödəniş etmədikdə, satıcı Alıcıdan hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 1 % həcmində dəbbə plunun (cərimə) ödənilməsini tələb edə bilər.” Ona görə də İddaçı, cavadehdən öhdəliyin icarsını, qanun üzrə nəzərdə tutulmuş dəbbə pulunun və müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun ödənilməsini tələb edir. Müqavilə üzrə Alıcı öz öhdəliyini mallara dair Satıcının təqdim etdiyi elektron qaimə əsasında yəni 23 aprel 2020-ci il tarixindən 30 gün ərzində ödəməli idi. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhkəmə vasitəsilə həll edilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun olaraq çıxaış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfin iddiaya dair etiraz arqumentləri tamamilə əsassızdır. Cavabdeh tərəfindən X2 Şahbazov Rüstəmin qardaşı olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hər iki hüquqi şəxs ayrı-ayrı sahibkarlıq subyektlərdir. İmza səlahiyyəti heç bir zaman yalnız təsisçidə olmur. X8 MMC, nə də Allparts MMC sadəcə bir şəxsin idarə etdiyi hüquqi şəxs ola bilməz. Cavabdeh şirkət müqavilənin varlığını qəbul etdiyi üçün Allparts MMC-yə həmin müqavilə üzrə ödəniş etmişdir. 2020-ci ildən başlayaraq Akkord Nəqliyyat MMC-yə və onun yuxarı strukturlarına borca dair öz tələblərini bildiriblər. Borc barədə həmin dövrdən məlumatları olmuşdur. Yaranmış münasibətlərin uzanması aralarında biznes əlaqəsinin pozulmaması ilə əlaqədar olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Xutinayeva çıxışında bildirdi ki, Şahbazov Eldar İddiaçı MMC-nin təsisçi olaraq, həm də Cavabdeh MMC-nin HR vəzifəsində çalışmışdır. Şahbazov Eldar və Şahbazov Rüstəmin hazırda qohumluq əlaqələrinin mövcudluğunu təsdiq edə bilməsələr də, hüquq mühafizə orqanlarına bu barədə müraciət edilmişdir. 16 aprel 2020-ci il tarixində tərəflər arasında müqavilə imzalanmış, Şahbazov Rüstəm 2020-ci ilin iyul ayında vəzifəsindən azad edilmişdir. Onlar ikisidə öz aralarında müqavilə imzalamış və eyni zamanda müqavilə bağlandığı dövrdə də Akkord Nəqliyyat MMC-də işləyiblər. Direktor qardaşına bütün pulu ödəmək istəsə ödəyə bilərdi. Məqsədli şəkildə həmin məbləğ ödənilməmiş. Digər tərəfdən iddiaçı müqavilənin bəndinə uyğun olaraq faiz borcunun artmağını gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Şahbazov Rüstəm tərəfindən müqavilə üzrə yalnız bir dəfə ödəniş edilmişdir, həmin ödəniş isə onun şirkətdəki vəzifəsindən azad edilməsinə 5 gün qalmış və daha sonra heç bir ödəniş etməmişdir. Hər iki qardaş Akkor Nəqliyyat MMC-də yaranmış xaotik vəziyyətdən istifadə etmişdir. İş materiallarına baxdıqda, bəli, borcun olması, üzləşmə aktının mövcüdluğu müəyyən olunur, lakin müqavilənin predmeti olan mallar cavabdehin anbara gəlməmişdir. Hazırki cavabdeh şirkətin rəhbəri iddiaçı şirkətin rəhbəri ilə danışıqlıqlar apararaq 31404,57 manat məbləğində əsas borcun üç ay ərzində ödənişini təklif edib, lakin iddiaçı tərəf razılaşmayıb, çünki onların məqsədi şişirdilmiş faizləri tələb etməklə varlanmaqdır. Və sonunda iddianın rədd olunmasını xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 aprel 2020-ci il tarixli, A/001/0420 saylı alqı-satqı müqaviləsinə əsasən:

7. İ. Müqavilənin predmeti

8. 1.1. Satıcı satır, alıcı isə bu müqavilə və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən razılaşmada göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir.

9. 1.2. Bu müqaviləyə Əlavə Razılaşmalarda xüsusi şərtlər də nəzərdə tutula bilər.

10. 1.3. Satıcı Alıcıya üçüncü şəxlsərin hüquqlarından azad olan Malı verir.

11. İİ. Qiymətlər və ödənişin aparılması qaydaları

12. 2.1. Bu müqavilə üzrə malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən razılaşmalarda müəyyən edilir.

13. İİİ. Malın çatdırılması və təhvil verilməsi qaydaları

14. 3.3. Mal təhvil verlərkən tərəflər təhvil-təslim aktını imzalayır.

15. 3.4. Alıcı keyfiyyətsiz və ya kəmiyyətcə çatışmayan malı qəbul etməkdən imitna edə bilər.

16. 3.5. Malın təhvil alınması və bununla bağlı təhvil sənədin imzalanması alıcını sonradan aşkar edilmiş malın keyfiyyətsiz və kəmiyyətcə çatışmayan olması ilə bağlı pretenziya hüququndan məhrum etmir.

17. 4.1. Satıcının hüquqları:

18. 4.1.1 Alıcıdan malı bu müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada qəbul etməsini tələb etmək;

19. 4.1.2 Alıcıdan malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək;

20. 4.2. Satıcının vəzifələri:

21. 4.2.1. Malı bu müqavilənin şərtlərinə uyğun alıcıya vermək;

22. 4.2.2. Malı alıcının satıcıya bildirdiyi tarixdə və ünvanda alıcıya təhvil vermək;

23. 4.2.3 Bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək;

24. 4.3. Alıcının hüquqları:

25. 4.3.1. Satıcıdan malı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun şəkildə ona verilməsini tələb etmək.

26. 4.3.2. Satıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək.

27. 4.4. Alıcının hüquqları:

28. 4.4.1. Malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək.

29. 4.4.2. Bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək.

30. V. Tərəflərin məsuliyyəti

31. 5.2. Satıcı bu müqavilə müəyyən edilmiş vaxtda malı alıcıya təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun ödənilməsini tələb edir.

32. 5.3. Alıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya qismən ödəniş etdikdə və ya ümumiyyətlə ödəniş etmədikdə, satıcı alıcıdan hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

33. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 aprel 2020-ci il tarixli, A/001/0420 saylı alqı-satqı müqaviləsinə edilmiş 1 №-li xx/xx/2020-ci il tarixli əlavə razılaşmaya əsasən:

34. 1. Tərəflər razılaşırlar ki, satın alınacaq malın adı, ölçü vahidi, miqdarı və qiyməti cədvəldə göstərilmişdir.(Cəmi 31614,04 manat və ƏDV 18% 5690,53 manat)

35. 2. Bu əlavədə göstərilən müqavilə qiyməti aşağıdakı qaydada ödənilir:

36. 2.1. Müqavilə və ona edilmiş Əlavə razılaşma imzalandıqdan sonra, satın alınacaq malların ümumi məbləği mallar tam təhvil verildikdən sonra 30 gün müddətinə satıcı tərəfindən təqdim olunmuş elektron qaimə əsasında satıcıya ödənilir.

37. 2.2. Malın dəyəri bank köçürmə yolu ilə ödənilir.

38. 0029755 nömrəli xx.xx.2020-ci il tarixli qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif adda mallar təhvil verilmişdir və Cavabdeh MMC-nin möhürü ilə həmin qaimə təsdiq edilmişdir.

39. xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 091613 saylı elektron qaiməyə əsasən 37304,57 manat dəyərində mal Cavabdeh MMC-yə təqdim edilmişdir.

40. xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən matador 10w10(210litr) 10 ədəd, matador 15w40 (210litr) 10 ədəd, matador İSO 46HH (210 litr) 3 ədəd, matador 80w90 (200 litr) 3 ədəd, matador 5w30 DPX (20 litr) 1 ədəd və matador 5w40 DPF (20 litr) olmaqla cəmi 37304,57 manat dəyərində məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

41. İddiaçı MMC-yə məxsus xx.xx.2023-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan göründüyü kimi Cavabdeh MMC tərəfindən ehtiyat hissələrinin alışı üçün xx.xx.2020-ci il tarixində 900 manat məbləğində ödəniş edilmişdir.

42. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan göründüyü kimi xx.xx.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində ödəniş edilmişdir.

43. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 31404,57 manat, 330376 manat dəbbə pulu (1052x(31404,57x1%) və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4525,7 manat təşkil etdiyi qeyd olunmuşdur.

44. xx.xx.2023-cü il tarixli, 215OPX230720047 saylı ödəniş tapşırığına əsasən 18 saylı mediasiya təşkilatının hesabına İddiaçı MMC tərəfindən 200 manat rüsum ödənilmişdir.

45. 01/20 nömrəli, xx.xx.2020-ci il tarixli Cavabdeh MMC-nin təsisçisinin qərarından görünür ki, X3 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilmişdir, X4 isə direktor vəzifəsinə təyin edilmişdir.

46. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

48. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

49. 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

50. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

51. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir:

52. - əsas borc olan 31404,57 manat pul vəsaitinin ödənilməsi;

53. - 330376 manat cərimə pulunun ödənilməsi;

54. -gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4525,7 manat ödənilməsi.

55. İddianın əsas borca dair hissəsini təsdiq edən sübut kimi məhkəməyə xx.xx.2020-ci il tarixli üzləşmə aktı təqdim olunmuşdur.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

58. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmiş və yaranmış borc məbləği üzrə sübutlar məhkəməyə təqdim edilmişdir. Həmçinin cavabdeh tərəf öz növbəsində müqavilə üzrə yaranmış borcun olması faktını üzləşmə aktında öz imzası və möhürü ilə təsdiq etmişdir.

59. Bundan əlavə, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli A/001/0420 nömrəli müqavilənin 5.3-cü bəndinə əsasən hesablanmış 330376 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

60. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

61. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

62. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

63. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə xx.xx.2020ci il tarixli A/001/0420 nömrəli müqavilə üzrə 1570 manat məbləğində müəyyən edilməlidir.

64. Bundan başqa, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində 4525,7 manat məbləğində pul vəsaitinin tələb edilməsi ilə bağlı məhkəmə aşağağıdakı halları qeyd etməyi vacib hesab edir.

65. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

66. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

67. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

68. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün (müqaviləyə əsasən ödəniş elektron qaimə-fakturanın verildiyi xx.xx.2020-ci il tarixindən 30 gün sonra, yəni xx.xx.2020-ci ildə ödənilməli idi, lakin üstündən 3 il vaxt keçməsinə baxmayaraq ödənilməmişdir) əsas 31404,57 manat borca hesablanmış illik 5% məbləğində 4525,7 manat pul vəsaitinin tələb olunması hissəsində də əsaslıdır.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehdən iddianın təmin edilən hissəsinə (31.404,57 manat əsas borc+1570 manat dəbbə pulu+4525,7 manat gecikmə faizi=37500,27 manat) müvafiq olaraq dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 37500,27 manata görə 202,5 manat rüsum müəyyən olunur, ona görə cavabdehdən cəmi 210 manat məbləğində mediasiya xərclərinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq tutulması məqsədəuyğun hesab edilir.

71. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

72. Digər tərəfdən MPM-in:

73. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

74. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

75. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

76. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

77. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 16 aprel 2020-ci il tarixli A/001/0420 nömrəli alqı-satqı müqaviləsi üzrə 31.404,57 (otuz bir min dörd yüz dörd manat, 57 qəpik) manat əsas borc məbləği, 1570 (bir min beş yüz yetmiş) manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4525,7 (dörd min beş yüz iyirmi beş manat, 70 qəpik) manat məbləğində gecikmə faizi, cəmi 37.500,27 manat (otuz yeddi min beş yüz manat, 27 qəpik) və mediasiya xərclərinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar