Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2337/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil və cavabdeh “Cavabdeh“ MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh“ MMC-yə qarşı pul tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh“ MMC-nin xx.xx.2019-cu tarixli xxx-C 073/19 saylı müqaviləyə görə öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi olaraq 395,46 manat, habelə 30 manat dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 600 manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Cavabdeh“ MMC-nin arasında xx.xx.2019-cu tarixli xxx-C 073/19 müqavilə əsasında, 6443 manat məbləğində inspeksiya xidmətlərinin göstərilməsi barədə razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən, İddiaçı öz üzərinə götürdüyü bütün öhdəlikləri tam və vaxtında icra etsə də “Cavabdeh“ MMC razılaşmaya əsasən xidmətlər üzrə ödəməli olduğu 6443 manat məbləğindən yalnız 2264 manat məbləği ödəmiş və 4173 manat pulu ödəməmişdir. Gecikdirilmiş ödəməyə görə faiz əlavəsinin məbləğinə gəldikdə isə, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi web saytına (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2019) əsasən “Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi 2019-2020-ci illər üçün minimum 7,5% təşkil edir. Bundan başqa, Mərkəzi Bankın müəyyən etdiyi inflyasiya səviyyəsi 2013-cü il üçün 2 %dir”. Buradan belə nəticəyə gəlmək olar ki, öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində kreditora vurulan zərərin əvəzi, eləcə də borca görə faiz əlavəsi qeyd edilən rəqəmlərə müvafiq hesablanmalıdır: Mərkəzi Bankın 2013-cü il üçün illik uçot faiz dərəcəsi – 7,5 % 4173 manat x 7,5 % = 312 manat, Mərkəzi Bankın 2019-2020-ci il üçün müəyyənləşdirdiyi inflyasiya dərəcəsi - 2% 4173 manat x 2 % = 83,46 manat. Beləliklə, vurulmuş zərər və borcu gecikdirməyə görə: 312 + 83,46 = 395,46 manat cavabdehdən tutulmalıdır. Bundan başqa, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 600 manat da cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, məhkəmədə işə baxıldığı dövrdə əsas borcun ödənildiyindən öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi olaraq 395,46 manatın, 30 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 600 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh“ MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, İddiaçı MMC–yə olan əsas borcun ödənildiyini bildirərək tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, xxx-C 073/19 nömrəli xidmətlərin göstərilməsi barədə müqavilədən və ödəniş cədvəlindən (Sales Quotation) görünür ki, İcraçı İddiaçı MMC sifarişçiyə - “Cavabdeh“ MMC 6443 manat məbləğində inspeksiya xidmətlərini göstərməyi, müqavilənin 4.1-ci maddəsinə əsasən, “Sifarişçi” ödənişləri “İcraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəməyi, “Sifarişçi” göstərilən xidmətlərə görə ödənişi “İcraçı” tərəfindən hesab-faktura təqdim edildikdən 30 təqvim günündən gec olmayaraq aparmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilən EAAY seriyalı, 832929 nömrəli, xx.xx.2019-cu il tarixli, elektron qaimədən və İE seriyalı, 837420 nömrəli, xx.xx.2019-cu il tarixli elektron vergi hesabat-fakturasından görünür ki, İddiaçı MMC-nin sifarişçi “Cavabdeh“ MMC-yə təhvil verdiyi malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 6443 manat (+1159,74 manat ƏDV) məbləğində təşkil edir. xx.xx.2020-ci il tarixli, xxx 02 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası 482 nömrəli müqaviləyə əsasən “Cavabdeh“ MMC-yə qarşı iş üzrə 600 manat vəsait İddiaçı MMC tərəfindən İsmayılbəyli Vəkil Bürosunun hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli, 06 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə müqavilə üzrə 4179 manat vəsait “Cavabdeh“ MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 445.7-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə “Cavabdeh“ MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyərək, yəni mallara və görülmüş xidmətlərin (işlərin) qarşılığına görə əsas borc olan 6443 manat məbləğindən yalnız 2264 manat məbləği ödəmiş və 4173 manat məbləğində vəsait ödənilməmiş qalmışdır. İddiaçı ilkin tələbdə ödənilməmiş 4173 manat məbləğində pulun və digər vəsaitlərin tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, cavabdeh məhkəmə baxışı mərhələsində, yəni xx.xx.2020-ci il tarixdə əsas borcu ödəmiş və İddiaçı MMC iddia həcmini azaldaraq cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi olaraq 395,46 manat, 30 manat dövlət rüsumu və vəkil xidmətləri üçün ödənilmiş 600 manatın tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. Belə ki, iddiaçı öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi olaraq 395,46 manat tələb etsə də, cavabdehin 4173 manat məbləğində pulu 1 il ərzində özündə saxlamaqla faydalanması ilə bağlı iddiaçı tərəfində məhkəməyə mötəbər sübut təqdim edilmədiyinə görə həmin vəsait Mərkəzi Bankın 9,5% illik uçot faiz dərəcəsi ilə deyil, MM-nin 445.7-ci maddəsinə əsasən 5%-lə (4173 : 100 x 5 = 208,65) hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, xxx 02 nömrəli ödəniş tapşırığını nəzərdən keçirərən məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə tələb olunan 600 manat ağlabatan məbləğ olmadığından tələb həmin hissədə qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 995,46 manat məbləğində olan iddia tələbinin yalnız 408,65 manatı (41,05%) təmin olunduğuna görə dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 12,31 manat məbləğində pul cavabdeh “Cavabdeh“ MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2019-cu tarixli xxx-C 073/19 saylı müqaviləyə görə öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi 208,65 manat, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğində pulun cəmi 408,65 manat və dövlət rüsumu kimi ödənilmiş 12,31 manat məbləğində pul cavabdeh “Cavabdeh“ MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu tarixli xxx-C 073/19 saylı müqaviləyə görə öhdəliyin vaxtında və lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzi 208,65 manat, vəkil xidmətləri üçün ödənilmiş 200 manat məbləğində pulun cəmi 408,65 manat və dövlət rüsumu kimi ödənilmiş 12,31 manat məbləğində pul cavabdeh “Cavabdeh“ MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2337/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2337/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver