Məhkəmə qərarları › İş №e-2-2(113)-2343/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2343/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2343/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 27.03.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən vurulmuş ziyanın əvəzi kimi 108.829,29 (bir yüz səkkiz min səkkiz yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “icraçı” qismində Cavabdeh MMC ilə “sifarişçi” qismində İddiaçı MMC arasında bağlanılmış 27.03.2019-cu il tarixli 005/19 saylı müqaviləsinə əsasən icraçı etiketlər, ribbonlar və müxtəlif şəkildə çap məhsulları ilə təchiz etməyi və xidmətlər göstərməyi, sifarişçi isə həmin malları və xidmətləri almağı öhdəsinə götürmüşdür. Hər hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri “satınalma sifarişində və ya xidmət sifarişində" göstəriləcəkdir (bundan sonra “SS” və “XS” adlandırılacaqdır), SS və XS vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcəkdir. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə sifariş verilən malların pulu təqdim edilmiş ödəmə sənədlərinə əsasən ödənilir və sifariş verənə mallar alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil-təslim aktına əsasən təhvil verilir. Müqavilənin 4.2-ci bəndinə əsasən SS/XS-də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarişçi, təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödəyir. Lakin daxili yoxlama aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən 108.829,29 manat dəyərində olan malların pulu ödənilsə də, həmin mallar iddiaçıya təhvil verilməmişdir. Yəni cavabdeh 108.829,29 manat dəyərində malları alıcıya təhvil vermədiyi üçün, iddiaçıya həmin məbləğdə ziyan dəymişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulduğu üçün və bu hərəkətlər nəticəsində şirkətə ziyan vurulduğu üçün, həmin ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ödənilmiş 108.829,29 manat məbləğində pulun geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmişdir. Eyni zamanda cavabdehlə müqavilə üzrə ödənilmiş malların təhvil verilməməsi ilə bağlı şifahi danışıqlar aparılmışdır. Lakin cavabdeh pulu ödənilmiş malların iddiaçıya təhvil verildiyini və bu səbəbdən hər hansı öhdəliyinin olmadığını iddia etmişdir. Buna baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim edə bilməmişdir. Müqavilə üzrə mübahisəli mallardan başqa digər malların təhvil-təslimi təsdiq olunsa da və bununla bağlı müvafiq sənədləşdirmələr mövcud olsa da, məhz dəyəri 108.829,29 manat olan malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi hər hansı sənədlə təsdiq olunmur. Cavabdeh bunu inkar edir və iddiaçı tərəfindən göndərilən pretenziya məktubunu alsa da, bu vaxtadək həmin pretenziyaya cavab verməmişdir. İddiaçı şirkətin artıq həmin mallara marağı itmişdir və həmin malların cavabdeh tərəfindən təhvil verilməsinə lüzum yoxdur. Bu səbəbdən alıcı olaraq ödənilmiş pulun vurulmuş ziyan kimi geri tələb etmək hüququ var. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, tərəflər arasında müqavilə imzalanmışdır. Müqaviləyə uyğun olaraq ödənişlərini etsələr də cavabdeh tərəfindən mallar təhvil verilməmişdir. Müqaviləyə əsasən malların qarşılığı verilən təhvil-təslim aktları əsasında ödənilsə də, heç bir təhvil-təslim aktı onlara təqdim edilməmişdir. 2021-ci ildə keçirilən audit yoxlaması nəticəsində məlum olmuşdur ki, müqavilə üzrə malların bir qismi təhvil verilməmişdir. Audit yoxlanışı nəticəsində 11 mart 2021-ci il tarixli akt tərtib olunmuş, həmin aktda qeyd olunmuşdur ki, tərəflər arasında imzalanmış 27 mart 2019-cu il tarixli 005/19 saylı alqı-satqı müqaviləsinə əsasən, 188.610 manat 94 qəpik pul vəsaiti qarşı tərəfə ödənilsə də, cəmisi 79.910 manat 60 qəpik məbləğində mal-material alınmışdır. Nəticədə qarşı tərəfin onlara 108.700 manat 34 qəpik borcu yaranmışdır.İddiaçının nümayəndəsi əlavə etmişdir ki, müqavilənin əlavəsində ödəniş qaydası olaraq mallar təhvil verildikdən sonra yox, hesab-faktura verildikdən sonra ödəniş olunur. Qeyd olunan dövrdə tərəflər arasında münasibətlər yaxşı olmuş əlavə olaraq, 79.910 manat 60 qəpiklik malı təhvil aldıqları üçün, elektron qaimələri malları təhvil almazdan öncə təsdiqləmişlər. İddiaçının nümayəndəsi sonda qeyd olunanlara və iddia ərizəsinə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən həyata keçirilən ödənişlər onların təsdiqlədikləri elektron qaimələrin əsasında ödənilmişdir. Tərəflər arasında təsdiqlənmiş 6 elektron qaimə mövcuddur ki, bu elektron qaimələr də müxtəlif tarixlərdə tərtib olunmuşdur. Əgər elektron qaiməni təsdiq etdikdən sonra göstərilən xidmətlə bağlı qarşı tərəfin narazılığı var idisə, digər ödənişlərin həyata keçirməsini dayandıra bilərdi. Əgər qarşı tərəf mal verilməzdən əvvəl avans ödənişi edirdisə, elektron qaimələrdə hesab fakturaların əsasında hazırlanması qeyd oluna bilməzdi. Belə olan halda elektron qaimələrdə əsas kimi avans ödəniş qeyd olunmalı idi. Birinci və ikinci elektron qaimələr arasında 6 ay fərq vardır. Bu müddət ərzində iddiaçının onlara təhvil verilmiş məhsullarla bağlı irad bildirməyə kifayət qədər vaxtı olmuşdur. Müxtəlif şirkətlərə əməkdaşlıq etdikləri üçün, təhvil-təslim aktlarını 6 aydan çox müəssisələrində saxlamırlar. Ödəmələrin heç biri avans deyil, hazırki problem iddiaçının anbarı ilə maliyyə şöbəsi arasında olan problemin nəticəsidir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, hər il vergi qanunvericiliyi əsasında aidiyyatı orqanlara iki ildir hesabat verirlər. Anbarlarında hər-hansısa bir məhsul qalsa idi, onlar aidiyyatı qurumlar tərəfindən cərimələnərdilər. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış 27.03.2019-ci il tarixli, 005/19 saylı müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (Cavabdeh MMC) etiketlər, ribbonlar və müxtəlif şəkildə çap məhsulları ilə təchiz edir və xidmətlər göstərir, “sifarişçi” (“Caspian Galaxy” MMC) isə həmin malları və xidmətləri alır. Hər-hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri “satınalma sifarişində” və ya “xidmət sifarişində” gösətirləcəkdir (bundan sonra “SS” və “XS” adlandırılacaqdır). SS və XS vahid nömrəyə malik olmaqla bu müqavilənin ayırlmaz tərkib hissəsini təşkil edəcək. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, SS/XS icraçının təklifinə əsasən tərtib olunacaq. SS/XS-də göstərilmiş qiymətlər heç bir halda dəyişdirilə bilməz. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “icraçı” təchiz edilmiş malların və göstərilmiş xidmətlərin haqqının bu müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsini “sifarişçidən” tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən SS/XS-də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarşçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 (on beş) təqvim günü ərzində icraçının bank hesabına ödəyir. İş materiallarında olan 27.03.2019-ci il tarixli, 005/19 saylı müqaviləyə 01 saylı əlavəndən məlum olur ki, “stiker termal”, “ribbon” və “Skoç loqolu İddiaçı ağ (hot-melt)” adda məhsullar müvafiq olaraq, 49.92 manat, 23.05 manat, 4.7 manat olmaqla müəyyən olunmuşdur. Həmin əlavənin 1.3-cü bəndinə əsasən tərəflər arasında ödəniş qaydası hesabfaktura təqdim edildikdən sonra həyata keçirilir. İş materiallarında olan 015 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAS seriyalı 433308 nömrəli 01.04.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 6.120 manat dəyərində, 016 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAS seriyalı 543763 nömrəli 03.04.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 17.865 manat dəyərində, 022 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAT seriyalı 286722 nömrəli 18.04.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 6.891,84 manat dəyərində, 024 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAU seriyalı 823590 nömrəli 23.05.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 7.735 manat dəyərində, 028 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAU seriyalı 023198 nömrəli 06.05.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 14.290 manat dəyərində, 035 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAV seriyalı 486172 nömrəli 07.06.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 22.308,24 manat dəyərində, 037 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAW seriyalı 117291 nömrəli 21.06.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 7.655 manat dəyərində, 041 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAW seriyalı 670973 nömrəli 03.07.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 8.423,36 manat dəyərində, 045 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAW seriyalı 887499 nömrəli 08.07.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 20.006,4 manat dəyərində, 0152 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAY seriyalı 305278 nömrəli 15.08.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 14.161,45 manat dəyərində, 062 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAZ seriyalı 510899 nömrəli 06.09.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 22.516,75 manat dəyərində, 078 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAB seriyalı 478250 nömrəli 21.10.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 21.972 manat dəyərində, 086 nömrəli Hesab-faktura əsasında tərtib edilmiş EAAC seriyalı 041018 nömrəli 04.11.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 16.935 manat dəyərində, 091 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAD seriyalı 242705 nömrəli 02.12.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 1.730 manat dəyərində Cavabdeh MMC tərəfindən “Caspian Galaxy” MMC – yə elektron qaimələr təqdim edilmiş, qaimələr təsdiq olunmuşdur. İş materiallarında olan ödəniş tapşırıqlarında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına təqdim edilmiş e-qaimələr üzrə həmin qaimələrdə nəzərdə tutulmuş məbləğlərin ödənilməsi öz əksini tapmışdır. İş materillarında olan 11 mart 2021-ci il tarixli tərtib olunmuş aktın surətindən məlum olur ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış 03 mart 2021-ci il tarixli 21/12 saylı müqaviləyə əsasən ikincinin Cavabdeh MMC ilə bağlamış olduğu 01 aprel 2019-cu il tarixdən 02 dekabr 2019-cu ilə qədər aparmış olduğu alqı-satqı əməliyyatlarına dair audit yoxlaması aparılmışdır. Aparılmış audit yoxlamasının nəticəsi kimi qeyd olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27 mart 2019-cu il tarixli 005/19 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə çap məhsullarına görə 18.860 manat 94 qəpik pul vəsaiti ödəsə də cəmi 188.610 manat 94 qəpiyə qarşı cəmi 79.910 manat 60 qəpik məbləğində məhsul almışdır. Nəticədə Cavabdeh MMC-nin İddiaçı MMCyə 108.700 manat 34 qəpik borcu qalmışdır. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli pretenziya məktubunun məzmunundan məlum olur ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə müraciət olunaraq, 108.829,29 manat məbləğində pulu 7 gün ərzində ödəmə tələb olunmuş, əks halda bununla bağlı məhkəmməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə üzrə iddiaçının 108829,29 manat vəsaiti cavabdehin hesabına ödəməsi mübahisələndirilmir. İddiaçı dəyəri ödənilmiş malların ona təhvil verilməməsini bildirərək həmin müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozması ilə əsaslandırır. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, hər bir ödəniş üzrə həmin ödənişə əsas olmuş e-qaimə qeyd olunmaqla iddiaçı tərəfindən həmin vəsait cavabdehə ödənilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış e-qaimələr təsdiq edilmiş və onun əsasında ödəniş olunmuşdur. Məhkəmə iddiaçının malların təhvil verilmədən dəyərinin ödənilməsinə münasibətdə bildirir ki, təqdim edilmiş sənədlərdə həmin məbləğin beh, avans olması öz təsdiqini tapmamış, eyni zamanda müqavilədə belə şərt nəzərdə tutulmamışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən SS/XS-də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarşçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 (on beş) təqvim günü ərzində icraçının bank hesabına ödəyir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənişin edilməsi malın alınması , xidmətin göstərilməsinin onun tərəfindən qəbulu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqısatqı müqaviləsi üzrə vurulmuş ziyanın əvəzi kimi 108.829,29 (yüz səkkiz min səkkiz yüz iyirmi doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddiası əsassız olduğundan rədd edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına” apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar