Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2348/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: göndərmə müqaviləsi, dəbbə pulu, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38973,20 manat əsas, 7015,18 manat ƏDV, 2545,12 manat gecikdirmə faizi, 1862,53 manat dəbbə pulu, 241,19 manat rüsum, 300 manat hüquqi yardım üçün vəkilə ödənilmiş vəsait olmaqla cəmi 50937,22 manat məbləğin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 12 yanvar 2023-cü il tarixində atipik-çərçivəyə dair alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə iddiaçı Amper MMC satıcı qismində, cavabdeh Atilla İnşaat-2014 MMC isə alıcı qismində çıxış etmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli avadanlıqları və malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına, X1na və iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə-fakturaya əsasən qeyd edir ki, 1.1-ci bənddə malların satılması dedikdə onların alıcının sahibliyinə və mülkiyyətinə ötürülməsi nəzərdə tutulmuşdur. Belə ki, həmin sənədlərdən məlum olur ki, iddiaçı orada göstərilən malları alıcının sahibliyinə və mülkiyyətinə ötürmüşdür. Təsviri hissədə göstərilən çərçivə müqavilə əsasında elə həmin tarixdə həmin müqavilənin ayrılmaz tərkib hissəsi kimi tərəflər arasında 08 AMP/2023 saylı “X1” adlı qiymətin və predmetin göstərildiyi tipik alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı 2009 metr “kabel aliminium 4 x 120” və 700 metr “kabel aliminium 3 x 95” adlı alqı-satqı predmetlərini alıcının sahibliyinə və mülkiyyətinə ötürməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun qarşılığında razılaşdırılmış məbləği, yəni 45988,38 manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 12 yanvar 2023-cü il tarixli “alınmış malların təhvil-təslimi barədə akt”a əsasən satıcı öz öhdəliyini yerinə yetirsə də alıcı öz öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malların qiymətini elektron qaimə-faktura təqdim edildikdən sonra 5 iş günü ərzində köçürmə yolu ilə ödəməli idi. Satıcı tərəfindən 13 yanvar 2023-cü il tarixində EBCM seriyalı, 852762 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Müqaviləyə əsasən alıcı X1nda göstərilən ödənişi 20 yanvar 2023-cü il tarixinədək ödəməli olsa da indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və 21 yanvar 2023-cü il tarixindən etibarən alıcı öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Müqavilənin 4.1-ci bəndi öhdəliyin icrası üçün vaxt müəyyən etdiyinə görə alıcının öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etməsi üçün hər hansı xatırlatmaya ehtiyac qalmamışdır. Satıcı tərəfindən 01 noyabr 2023-cü il və 15 noyabr 2023-cü il tarixlərində alıcıya onlayn kargüzarlıq qaydasında pretenziya göndərilməsinə baxmayaraq o öhdəliyini icra etməmişdir. Alıcı hüquqi ünvanına göndərilmiş 20 fevral 2024-cü il tarixli pretenziya məktubunu isə qəbul etməkdən imtina etmişdir. Beləliklə də, cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atması səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.4, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” bu Müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli avadanlıqları və malları “Alıcı”ya satmağı, “Alıcı” isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilə ilə nəzərdə tutulmuş malın hər bir partiya üzrə miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi müddəti bu Müqavilənin ayrılmaz hissəsi sayılan X3 əsasən müəyyən edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma, bu müqavilənin və müvafiq X2 şərtlərinə uyğun mal təhvil verildikdən əvvəl qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən, 5 (beş) iş günü ərzində köçürmə yolu ilə aparılır. Müqavilənin 10.4-cü bəndinə görə Alıcı Satıcı tərəfindən Malları Müqavilə şərtlərinə uyğun olaraq Satıcıya təhvil verməsi və müvafiq sənədləşdirmələri aparmasına baxmayaraq Malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% məbləğində dəbbə pulu ödənilməsi şərtləşdirilmişdir. xx.xx.2023-cü il tarixli X4 və xx.xx.2023-ci il tarixli alınmış malların təhvil-təslimi barədə aktdan görünür ki, X4 ilə təsdiq olunmuş 45998,38 manat məbləğində (38973,20+7015,18 ƏDV) ümumilikdə 2709 metr ölçülü kabel materialları İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. 17 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 17 noyabr 2024-cü il tarixinə İddiaçı MMC-nin qalıq borcu 45988,38 manat olmuşdur EBCM seriyalı, 852762 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 45988,38 manat, dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli **********48 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 232 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 45988,38 manat (ƏDV ilə birlikdə) pulu ödəmədiyini, həmçinin tərəflər arasındakı müqavilədə cavabdehin öhdəliklərini icra etmədiyi halda cərimə ödəyəcəyini vəd etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 38973,20 manat borc, 7015,18 manat ƏDV və 1862,53 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin 29 fevral 2024-cü il tarixinədək gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 2545,12 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 300 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 241,19 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış 12 yanvar 2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə ödənilməmiş 38973,20 manat əsas borc, 7015,18 manat ƏDV borcu, 2545,12 manat faiz borcu, 1862,53 manat dəbbə pulu olmaqla ümumilikdə 50396 (əlli min üç yüz doxsan altı) manat 3 (üç) qəpik məbləğində borc, həmçinin ödənilmiş 241 (iki yüz qırx bir) manat 19 (on doqquz) qəpik dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının əvəzi alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2348/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2348/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver