Məhkəmə qərarları › İş №e-2-2(113)-2349/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2349/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2349/2022 02.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil X4, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı – İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış 21.09.2020-ci il tarixli “Laborator xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə yaranmış olan 5429,40 AZN məbləğində olan əsas borcun, eləcə də borcun ödənilməsinin gecikdirilməsi nəticəsində yaranmış olan 542,94 manat məbləğində olan cərimənin, iddiaçının çəkdiyi 50 manat məbləğində olan mediasiya və 81 manat məbləğində olan məhkəmə xərclərinin, ümumilikdə 6103,34 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 21.09.2020ci il tarixli laborator xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, sifarişçi laborator xidmətlərinin göstərilməsini sifariş verərək icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə laborator xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 3.2.1-ci maddəsinə əsasən, xidmətlərə görə icraçıya müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə ödənişi həyata keçirmək sifarişçinin vəzifəsidir. Müqavilənin şərtlərinə uyğun olaraq tərəfimizdən öz öhdəliklərimiz qüsursuz şəkildə yerinə yetirilmiş və laborator xidmətlər göstərilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində cavabdehin iddiaçıya 5429,40 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı cavabdehə dəfələrlə edilən yazılı və şifahi müraciətlər nəticəsiz qalmış (tərəfimizdən cavabdeh tərəfə ünvanlanmış 05.10.2021-ci il tarixli pretenziya məktubunun surəti iddia ərizəsinə əlavə olunur), cavabdeh borcun ödənilməsini müxtəlif bəhanələrlə ləngidərək dəfələrlə vəd etdiyi tarixlərdə ödənişi həyata keçirməmişdir. Mübahisənin məhkəmə və ya mediasiya qaydasında həll edilməsi zərurəti ilə əlaqədar tərəfimizdən cavabdeh tərəfə 12.11.2021-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi təklif olunmuşdur. Cavabdeh tərəfin təklifimizlə razılaşması nəticəsində tərəflər arasında 29 noyabr 2021-ci il tarixində, saat 16:00-17:00 aralığında fərdi mediator Mehriban Məmmədovanın vasitəçiliyi ilə ilkin mediasiya sessiyası baş tutmuşdur. Tərəflər arasında borcun yaranma mənbəyi və məbləği barədə mübahisə olmasa da, borcun ödənilməsi qaydası barədə razılıq əldə olunmadığı üçün prosesi davam etdirmək mümkün olmamışdır (ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayış iddia ərizəsinə əlavə olunur). Sonradan tərəflər arasında davam edən ikitərəfli danışıqlar nəticəsində cavabdeh müqavilə üzrə yaranmış borcunu iki hissədə - birinci hissəsini 20.12.2021-ci il tarixinə qədər və ikinci hissəsini 20.01.2022-ci il tarixinə qədər ödəməyi qəbul etmiş, bununla bağlı tərəflər arasında 03.12.2021-ci il tarixli Barışıq Sazişi imzalanmışdır (sazişin surəti iddia ərizəsinə əlavə olunur). Barışıq Sazişinin şərtlərinə görə cavabdeh mübahisə predmeti olan borc məbləğini və iddiaçının çəkdiyi mediasiya xərclərini – ümumilikdə 5479,40 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddətlərdə iddiaçıya ödəməyi, sazişin şərtləri pozulduğu təqdirdə isə ödənilməli olan məbləğin 10%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəf yenidən öz öhdəliklərini pozmuş, Barışıq Sazişinə əsasən 20 dekabr 2021- ci il tarixinə qədər ödəməli olduğu məbləği – yaranmış borcun 50%-ni ödəməmişdir. Bununla bağlı tərəflər arasında yenidən ikitərəfli görüş olmuş, yaranmış borcun yanvar ayında ödənilməsi barədə şifahi razılıq əldə olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəf yenə də vədini yerinə yetirməmiş, borcun ödənilməsi istiqamətində heç bir addım atmamış, ötən aylar ərzində etdiyimiz şifahi xəbərdarlıqlara vaxtı uzatmaqla cavab vermişdir. Beləliklə, mübahisəyə məhkəmə icraatı qaydasında baxılması və müqavilə üzrə yaranmış borcun ödənilməsi, eləcə də öhdəliyin icrasının gecikdirilməsinə görə vurulmuş zərərin əvəzinin və çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış 21.09.2020-ci il tarixli müqavilənin 6.3-cü və 03.12.2021-ci il tarixli Barışıq Sazişinin 3.2-ci bəndinə əsasən, yaranmış mübahisələr tərəflərin öz aralarında həll edilmədikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənir və onlara Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil X6 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 izahatlarında tərəflərin arasında 02.06.2022-ci il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilən 02.06.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.1. Bu sazişə əsasən hər iki tərəf bəyan edir ki, aralarında bağlanmış 21.09.2020-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi barəsində mübahisəni və qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Bu mübahisənin həlli üçün tərəflər arasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2349/2022 saylı kommersiya mübahisəsinə barışıq ilə son qoyulmasını elan edirlər. 1.2. Cavabdeh öz üzərinə öhdəlik götürür ki, mübahisə predmeti olan 21.09.2020-ci il tarixli müqavilə üzrə tələb edilən və ödənilməmiş qalan 4060,40 manat məbləğində olan borcunu etiraf edir və həmin borcu üç hissəyə bölməklə 31.08.2022-ci il tarixinə qədər tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür. 1.3. İddiaçı əsas borc ödənildiyi təqdirdə borcun gecikdirilməsi nəticəsində yaranmış olan cərimə hissəsində iddia tələbindən imtina etməklə bağlı öhdəlik götürür və həmin hissədə (qalıq əsas borc və məhkəmə xərcləri istisna olmaqla) iddia tələbindən imtina etməsini bəyan edir. 2.1. Tərəflər bu saziş üzrə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 2.2. Cavabdeh tərəfindən ödənişin bu sazişin 1.2-ci bəndində göstərilən tarixə qədər tam həyata keçirilməməsi saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, Cavabdeh tərəfindən bu sazişin 1.2-ci bəndində göstərilmiş tarixə qədər ödənişlər həyata keçirilmədikdə iddiaçı cavabdehdən gecikdirilən borc məbləğinin 10%-i həcmində cərimə məbləğinin ödənilməsini tələb edə bilər. 3.1. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 3.2. Bu sazişdən irəli gələn və ya onunla bağlı yaranan hər hansı mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir. 4.1. Bu saziş imzalandığı andan və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədədir. 4.2. Bu sazişə tərəflərin qarşılıqlı razılığı ilə saziş müddətinin istənilən dövründə vaxtından əvvəl xitam verilə bilər. 4.3. Bu sazişin xitamı heç bir tərəfi digər tərəf qarşısında xitam vaxtı artıq yaranmış və ya xitamdan əvvəlki hərəkət və ya hərəkətsizlik nəticəsində daha sonra yaranan məsuliyyətdən azad etmir. 4.4. Bu sazişdə birbaşa göstərilən halda və ya mahiyyət etibarilə bu sazişin xitamından sonra qüvvədə qalmalı olan müddəalar bu sazişin xitamından sonra da qüvvədə qalır. 5.1. Bu sazişin hər hansı müddəasının etibarsız və ya icra edilə bilməyən olması heç bir halda Sazişin hər hansı digər müddəasının və ya bütövlükdə sazişin özünün etibarsız və ya icra edilə bilməyən olmasına səbəb ola bilməz. Bu sazişin hər hansı müddəası etibarsız və ya icra edilə bilməyən hesab edilərsə, həmin müddəa etibarlı, icra edilə bilən və həmin etibarsız və ya icra edilə bilməyən müddəanın məqsədinə uyğun olan yeni müddəa ilə əvəz edilməlidir. 5.2. Bu sazişin imzalanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilə bilər. 5.3. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış 02.06.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 02.06.2022ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 02.06.2022-ci tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 02.06.2022-ci tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-2349/2022 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar