Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2350/2024 20.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" Müəssisəsinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" Müəssisəsinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" Müəssisəsinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34 764,38 manat (ƏDV ilə birlikdə) məbləğin, ödənilmiş 205 manat məbləğində dövlət rüsumunun, dəbbə pulu olaraq 3476 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin "xxxx" Müəssisəsi ilə iddiaçı arasında bağlanan xx.xx.2023- cü il tarixli №LSLC-2023/97 saylı alqı-satqı müqaviləsinə tərəfimizdən cavabdeh şirkət Müqaviləyə Əlavə №1 X2 əsasında göstərilən mal-material ilə təchiz edilmiş, Şirkətimiz tərəfindən müqavilə üzrə öhdəliklərimiz tam və layiqincə icra edilmişdir. Satıcı tərəfindən Alıcıya verilən malların ümumi miqdarı və xarakteristik xüsusiyyətləri müvafiq müqavilənin ayrılmaz hissəsi olan 1 saylı X1 əks olunmuşdur. Mallar alıcıya “Delivery Note”-yə əsasən təhvil verilmiş, müqaviləyə uyğun olaraq cavabdehin nümayəndəsi tərəfindən yoxlanılmış, heç bir qüsur aşkar edilməmişdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən Sifarişçi Malı qəbul etməyi və malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmçinin 13.1-ci bəndinə əsasən Alıcı Mallar təhvil verildikdən sonra müvafiq qaimələr əsasında 15 (on beş) bank günündən gec olmayaraq malların dəyərini Satıcıya nağdsız hesablaşma yolu ilə ödəməli idi. Cavabdehlə aramızda bağlanan satınalma müqaviləsinə əsasən mallar Alıcıya təhvil verilmiş, lakin elektron qaiməyə əsasən ödənişin bir qismi ödənilməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı müraciətlər etmişdir. Belə ki, Satıcı tərəfindən ümumilikdə 34 764,38 (ƏDV ilə birlikdə) manat məbləğ borc olaraq qalmış, tərəfimizdən cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsi ilə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubundan sonra da borc öhdəliyi bu günədək icra edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.Əhmədova iddia ərizəsini əsas borc hissəsində qəbul etdiklərini, dəbbə pulu hissədə qəbul etmədiklərini bildirdi. Əlavə olaraq bildirdi ki, yaranmış 34 764,38 manat borc yaxın müddət ərzində iddiaçıya tam həcmdə ödəniləcəkdir. Bundan əlavə, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmamış, mallar iddiaçı tərəfindən cavabdehə onların sifarişləri əsasında çatdırılmış, malların təhvili elektron qaimə ilə rəsmiləşdirilmiş, bir qisminin dəyəri də tərəflərindən ödənilmişdir. Materiallarda olan müqavilədən yalnız məhkəmə araşdırması zamanı məlumatlı olmuşlar. Bu səbəbdən onlardan dəbbə pulu tələb edilə bilməz.
4. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.
5. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı tərəfindən cavabdehə EBDU 495678 nömrəli xx.xx.2023-cü il tarixli (1770.00 manat), EBDN 078603 nömrəli xx.xx.2023-cü il tarixli (13781.10 manat), EBDN 076727 nömrəli xx.xx.2023-cü il tarixli (5104.68 manat), EBDW 164803 nömrəli xx.xx.2023-cü il tarixli (3451.50 manat), EBDQ 065847 saylı, xx.xx.2023-cü il tarixli (44657,10 manat) elektron qaimələr təqdim edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 16949,15 manat, xx.xx.2023-cü il tarixdə 8474,58 manat, xx.xx.2023-cü ildə 3389,83 manat vəsait ödənilmişdir.
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
13. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
17. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 34764,38 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.
22. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
25. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 34764,38 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, 5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası "xxxx" ASC-nin "xxxx" Müəssisəsindən 34764,38 manat məbləğində pul, 200 manat dövlət rüsumu, ümumilikdə 34964,38 (otuz dörd min doqquz yüz altmış dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 5 (beş) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova