Məhkəmə qərarları › İş №e-2-2(113)-2351/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2351/2023

20.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2351/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “X2” MMC) dövlət büdcəsinə olan 240751,52 manat və İcbari Tibbi Sığorta Fonduna olan 1,24 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE *******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "X2" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1,24 manat, dövlət büdcəsinə 240751,52 manat məbləğində (o cümlədən, vergilər üzrə 4887,09 manat, faizlər üzrə 235824,43 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 240752,76 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********360400, xx.xx.2022-ci il tarixli **********627600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçi və maraqlı şəxsin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

6. Maraqlı şəxs elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək ərizənin rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, vergi orqanı Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçının mübahisələndirdiyi məbləğin 105 faizi həcmində onun bank hesabında dondurulmasına dair sərəncamlar qoya bilər. Həmçinin VM-in 16.1.11-2-ci maddəsinə əsasən mübahisələndirilən məbləğin hesabda dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, həmin növ sərəncam istisna olmaqla, vergi orqanının mübahisəli qərarının icrasına yönələn digər hərəkətləri qərarın vergi orqanın xeyrinə olmayacağı təqdirdə hüquqi şəxsin və onun rəhbərinin maraqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. Vergi oqanın tələbi formal xarakter daşıyır və öz tələbini digər üsullarla da təmin edə bilər. Qanunvericiliyin tələbinə əsasən sübutların təqdim edilməsi şikayət verən hüquqi və fiziki şəxsin üzərinə düşür. MPM-nin 355-6-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yalnız "X2" MMC-nin 240752,76 manat ümumi vergi borcu göstərilmiş və həmin borcun 235824,43 manat məbləğində əksər hissəsini mübahisəli hesablanmış faizlər təşkil edir, formal xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, vətəndaşların öz hüquqarından sərbəst şəkildə və manesiz istifadə edə bilmək imkanının təmin edilməsinə yönəlmişdir. Ölkədən getmək və ölkəyə gəlmək hər bir vətəndaşın konstition hüququ olduğundan, bu konstition hüquqların məhdudlaşdırılması yalnız müstəsna hallarda mümkündür və belə müstəsna hal mövcud deyildir. Ərizədə “İnzibati icraat haqqında” Qanunun 15.1.-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 28, 60 və 127-ci maddələrinə, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyasının 6-cı maddəsinə istinad olunmuşdur.

III. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

8. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

9. İnsan hüquqlarının və X1 haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

10. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

13. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

14. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “X2” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.

15. “X2” MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 258631,42 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 2,49 manat təşkil edir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X2” MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərin surətindən görünür ki, “X2” MMC-dən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

17. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlər “X2” MMC-nin elektron kabinetinə yerləşdirilmişdir.

18. Vergi orqanı ilə vergi ödəyicisi “X2” MMC arasında bağlanmış qarşılıqlı məlumat mübadiləsinə dair 07 sentyabr 2020-ci il tarixli müqavilənin 4.1.5-ci bəndindən görünür ki, vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsidir.

19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan “X2” MMC vergi və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində “X2” MMC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

20. Məhkəmə maraqlı şəxsin etirazında qeyd olunanlarla ilə razı deyil və hesab edir ki, etiraz əsassızdır. Belə ki, maraqlı şəxs Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinin bank hesabının dondurulmasına dair sərəncam qoya biləcəyini, vergi orqanın tələbinin formal xarakter daşıdığını və öz tələbini digər üsullarla da təmin edə biləcəyini qeyd etsə də, “X2” MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, hüquqi şəxsin vergi və icbari tibbi sığorta haqqı üzrə borcları üzrə ödənişlər (əsasən 2022ci ilin avqust-2023-cü ilin mart ayını əhatə edən dövr) məhz sərəncamlar əsasında aparılmışdır. Bu isə etirazda qeyd olunanların əsassız olduğunu, vergi orqanının hüquqi şəxsin vergi və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərinin icrasını təmin etmək üçün digər tədbir də gördüyünü göstərir. Bundan başqa məhkəmə bildirir ki, vergi qanunvericiliyində vergilər və müvafiq fondlara olan borclar üzrə öhdəliklərin icra edilməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi (hesab üzrə sərəncamın qoyulması, əmlakın siyahıya alınması, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.) vergi orqanının səlahiyyətinə aid edilmiş və həmin tədbirlərin görülməsinin hər hansı ardıcıllığı və ya birinin görülməsinin digərini istisna etməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Dövlət büdcəsinə olan borcun əksər hissəsini hesablanmış faizlər təşkil etməsi ilə bağlı etirazın dəlilinə münasibətdə isə məhkəmə bildirir ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri ödəmək vergi ödəyicisinin vəzifəsidir və qanunvericilikdə hesablanmış faizlərin ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması birbaşa nəzərdə tutulmuşdur.

21. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

22. Məhkəmə xüsusilə vurğulayır ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi üzrə də yoxlama aparılmalıdır.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

25. Bundan başqa, mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar) .

26. Məhkəmə qeyd edir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir.

27. Qeyd olunan hallar, eləcə də müvafiq borcun ödənilməsi ilə bağlı ərizəçi tərəfindən bildiriş göndərildikdən sonra borcun ödənilməməsi nəzərə alındıqda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi “X2” MMC-nin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi və icbari tibbi sığorta haqqı üzrə öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.

32. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr (9.1.14); məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər (9.1.20).

33. Hazırkı iş üzrə ərizəçi büdcə təşkilatıdır və dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ərizə ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir.

34. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş qaçqın və ya məcburi köçkün statusuna dair məlumatlardan görünür ki, Maraqlı şəxs məcburi köçkün statusu mövcuddur

35. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, maraqlı şəxs məcburi köçkün statusuna malik olduğu üçün dövlət rüsumunu ödəməkdən azad olunduğundan hazırkı iş üzrə ödənilməli olan dövlət rüsumu maraqlı şəxsdən tutula bilməz. V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. “X2” MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan 240751,52 manat və İcbari Tibbi Sığorta Fonduna olan 1,24 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün xx xxxx 1975-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE *******) ölkədən getmək hüququ həmin öhdəliklər tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar