Məhkəmə qərarları › İş №e-2-2(113)-2355/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2355/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2355/2022 07.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 59983,90 manat pulun, onun ƏDV-si olan 10796,94 manat pulun, mediasiya xərcinə görə ödənilən 400 manat pulun, dövlət rüsumuna görə ödənilən 306 manat pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilən 500 manat pulun, əvvəli 1 yanvar 2021-cu il tarixindən hesablanmaqla illik 10% olmaqla öhdəlik tam icra ediləcək günədək əldən çıxmış fayda qismində zərərin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) ilə Cavabdeh MMC (VÖEN **********) arasında 18 may 2018-ci il tarixli MCFE 001 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan qaima fakturalarda göstərilmiş malları "xxxx" MMC-ə satmağı, alıcı isə həmin malları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı müqavilə öhdəliklərini icra edərək alıcıya 189728 manat dəyərində malları sataraq alıca təhvil vermiş, alıcı isə müqavilə öhdəliklərini qismən icra edərək sacədə 47172 manat pul ödəmişdir. Alıcı müqavilə öhdəliklərini icra etmədiyi üçün satıcı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət etmişdir. Daha sonra tərəflər arasında münasibətlərə əsasən 12 iyul 2020-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişə əsasən 15 dekabr 2020-ci il tarixədək "xxxx" MMC 60000 manat pul vəsaitini (ƏDV xaric) "xxxx" MMC-yə ödənilməsini və 9983,90 manat dəyərində əşyaları qaytarmasını öhdəsinə götürmüşdür. "xxxx" MMC barışıq sazişinin 3-cü bəndini 25 iyun 2020-ci il tarixdə icra edərək 10000 manat pul vəsaitini və onun ƏDV-sini bank vasitəsi ilə Fast Engineering" MMC-yə ödəmiş, lakin barışıq sazişinin 4-cü bəndi 15 dekabr 2020-ci il tarixədək icra olunmayaraq geriyə qalan məbləğ olan 50000 manat pul vəsait (ƏDV xaric) ödənilməmiş, həmçinin 9983,90 manat dəyərində əşyaları qaytarılmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 16 mart 2022-ci il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin "xxxx" MMC iştirak etməmişdir. Mediasiya xərci olaraq 400 tərəfimizdən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək tələbin tam həcmdə, yəni ƏDV daxil təmin olunmasını xahiş etmişdir, bundan əlavə izahatında Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə yaranmış borcu qaytarmayaraq özündə saxlamaqla həmin puldan faydalandığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 may 2018-ci il tarixli MCFE 001 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC bu müqavilənin ayrılmaz hissəsi olan qaimə-fakturalarda təfərrüatı ilə göstərilmiş malları alıcı Cavabdeh MMC-yə satır, Cavabdeh MMC isə bunun müqabilində alınan malların dəyərini İddiaçı MMC-yə ödəyir. 12 iyun 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişindən görünür ki,

1. Qarşılıqlı razılıq əsasında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 12 iyun 2020-ci il tarixə olan borcu cəmi 60000 (18% ƏDV xaric) manat müəyyən olunur.

2. Qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş 60000 manat pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 15 dekabr 2020-ci il tarixədək tam şəkildə ödəniləcəkdir.

3. Qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş 60000 manat pul vəsaitinin 10000 manatı 01 iyul 2020-ci il tarixədək ödəniləcəkdir.

4. Qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş 60000 manat pul vəsaitindən əlavə 9983,90 manat dəyərində alqı-satqı müqaviləsinin predmeti olmuş əşyalar 15 dekabr 2020-ci il tarixədək Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə natura şəklində qaytarılacaqdır. 16 mart 2022-ci il tarixli MŞB/2-00423 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli **********607607 nömrəli hesabdan çıxarışdan görünür ki, hüquqi xidmətə görə 12 saylı Vəkil Bürosuna 500 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, alıcı Cavabdeh MMC ilə satıcı İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı MMC öhdəliklərini yerinə yetirmiş, Cavabdeh MMC isə aldığı malların dəyərini tam olaraq ödəməməsi səbəbindən satıcı 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin tərəflərin arasında 12 iyun 2020-ci il tarixdə barışıq sazişi imzalanmış, iddia ərizəsi üzrə icraat isə baxılmamış saxlanılmışdır. Həmin barışıq sazişinə əsasən Cavabdeh MMC 12 iyun 2020-ci il tarixə olan 60000 (18% ƏDV xaric) manat borcu 15 dekabr 2020-ci il tarixədək tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürsə də, həmin borcdan yalnız 25 iyun 2020-ci il tarixdə 10000 manat pul vəsaiti ödəmiş, qalan ƏDV-siz olan 50000 manat borc ödənilməmiş, 9983,90 manat dəyərində olan əşyalar isə geri qaytarılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, 50000 manat ƏDV-siz olan borcun və qaytarılmayan əşyaların əvəzi 9983,90 manat məbləğində pulun, həmçinin 400 manat mediasiya xərci və 500 manat hüquqi yardımla bağlı tələbi hissədə İddiaçı MMC-nin iddia əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda iddiaçı 25 iyun 2020-ci il tarixdə ödənilmiş 10000 manat məbləğində əsas borcla yanaşı 1800 manat məbləğində ƏDV-nin ödənildiyinə istinad edərək, ödənilməyən qalan 59983,90 manat məbləğində borcun 10796,94 manat məbləğində ƏDV-sini tələb etsə də, məhkəmə hesab edir ki, tələb həmin hissədə təmin edilə bilməz, belə ki, iş üzrə məhkəməyə təqdim edilmiş 12 iyun 2020-ci il tarixli barışıq sazişində 60000 manat məbləğində borc ƏDV-siz razılaşdırılmışdır. Həmçinin məhkəmə hesab edir ki, 1 yanvar 2021-ci il tarixindən hesablanmaqla illik 10% olmaqla öhdəlik tam icra ediləcək günədək əldən çıxmış fayda qismində zərər tələbi hissəsində də iddia rədd edilməlidir, belə ki, iddiaçı sözügedən tələblə bağlı cavabdehin həmin pulu toplamaqla faydalandığına istinad etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV-siz 50000 manat məbləğində borc, qaytarılmayan əşyaların əvəzi olaraq 9983,90 manat məbləğində vəsait, 400 manat mediasiya və 500 manat hüquqi yardımla bağlı xərclər cəmi 60883,90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissələrdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV-siz 50000 manat məbləğində borc, qaytarılmayan əşyaların əvəzi olaraq 9983,90 manat məbləğində vəsait, 400 manat mediasiya və 500 manat hüquqi yardımla bağlı xərclər cəmi 60883,90 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar