Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2356/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 24382,11 (iyirmi dörd min üç yüz səksən iki manat on bir qəpik) manat məbləğində borc, 2008,07 (iki min səkkiz manat yeddi qəpik) manat məbləğində faiz, 100 (bir yüz) manat məbləğində hüquqi yardım xərci, 40 (qırx) manat məbləğində poçt xidməti pulu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında olan razılaşmaya əsasən İddiaçı MMC müxtəlif adda yeyinti mallarını cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini icra edərək malları cavabdehə təhvil vermişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq satılmış malların pulu hələ də ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan 01.03.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı ndan görünür ki, “Alo Mart” marketlərin İddiaçı MMC-yə 29886,78 manat borcunun olduğunu etiraf etmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron sistemdən çıxsrışdan görünür ki, “xxxx” MMC-nin qanuni təmsilçisi X1r. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki işdə yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə “xxxx” MMC şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Satıcı İddiaçı MMC öz üzərinə düşən öhdəlikləri tam icra etmiş, alıcı “xxxx” MMC isə öz öhdəliyini tam icra etməmişdir. Bundan sonra tərəflər arasında 01.03.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktı imzalanmış və “xxxx” MMC 29886,78 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə alğı-satqı müqaviləsinin yazılı formada bağlanmalı olduğuna dair şərt nəzərdə tutulmadığından müqavilənin şifahi formada bağlanması mümkündür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “xxxx” MMC “Alo Mart” ticari adı ilə fəaliyyət göstərir. Bundan başqa qeyd edilməlidir ki, üzləşmə aktında cavabdeh tərəfindən 29886,78 manat borcun olması etiraf edilsə də, iddiaçıya sonradan ödənişlər edilmiş və nəticədə qalıq borc 24382,11 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 24382,11 manat borcun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddianın 2008,07 manat faiz borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-ci maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iş materiallarından borclunun pul məbləğinin ödənilməsini gecikdirməsini müəyyən etmək mümkün deyildir. Belə ki, tərəflər arasında alğı-satğı müqaviləsi şifahi olaraq bağlanmış, qarşılıqlı üzləşmə aktında isə pul məbləğinin ödənilməli olan vaxt göstərilməmişdir. İş materiallarında olan cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 08 aprel 2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müracət ediləcəyi barədə xəbərdar edilmişdir və iddiaçı tərəfindən məhkəməyə 30 aprel 2021-ci il tarixdə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 2008,07 manat faiz borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia 100 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 9 Saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, Zaman Express tərəfindən verilmiş hesab fakturaların surətindən görünür ki, 30.03.2021 pretenziya məktubu, 22.04.2021-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti “xxxx” MMC-nə göndərilmiş və göstərilmiş xidmətlərin ümumi dəyəri 18 manat təşkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, poçt xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 18 manat məbləğində pul “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24382,11 (iyirmi dörd min üç yüz səksən iki manat on bir qəpik) manat məbləğində pul “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə 100 manat, poçt xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 18 manat, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul “xxxx” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2356/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2356/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver