Məhkəmə qərarları › İş №e-2-2(113)-2357/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2357/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2357/2022 05.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil və X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9429,05 manat məbləğinin, 100 manat məbləğində mediasiya xərcinin, dövlət rüsumunun əvəzi qismində 14,3 manat məbləğinin Cavabdeh MMC-dən tutulub iddiaçınn xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 23 aprel 2019-cu il tarixində 1 il müddətinə, 2019/027 saylı “Mallar üzrə satınalma” müqaviləsi bağlanmışdır və müqavilənin 12.4-cü bəndinə əsasən müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə müqavilə müddəti daha 1 il uzadılmış hesab edilir. Həmin müqaviləyə əsasən iddiaçı, cavabdehin sifarişi əsasında malları ona təqdim edir və cavabdeh də həmin malların dəyərini iddiaçıya ödəyir. İddiaçının 05 dekabr 2019-cu il tarixli 450870 saylı elektron qaiməyə əsasən əsas ödəniş 1499,94 manat, ƏDV 269,99 manat olmaqla ümumi dəyəri 1769,93 manat olan 229,7 kq həcmində Toz boya RAL 7035 puturlu, 09 noyabr 2019-cu il tarixli 288832 saylı elektron qaiməyə əsasən əsas ödəniş 500 manat, ƏDV 90 manat olmaqla ümumi dəyəri 590 manat olan 76,570 kq həcmində Toz boya RAL 7035 puturlu, 17 iyun 2020-ci il tarixli 245443 saylı elektron qaiməyə əsasən əsas ödəniş 1398,33 manat, ƏDV 251,7 manat olmaqla ümumi dəyəri 1650,03 manat olan 250 kq həcmində Toz boya RAL 7035 puturlu, 17 iyun 2020-ci il tarixli, 245856 saylı elektron qaiməyə əsasən əsas ödəniş 1703,39 manat, ƏDV 306,61 manat olmaqla ümumi dəyəri 2010 manat olan 6000 ədəd Seltiner 10 kq-lıq və 3000 ədəd Thick film zincrepair compound 5 lt-lik, 17 iyun 2020-ci il tarixli 247314 saylı elektron qaiməyə əsasən əsas ödəniş 805,1 manat, ƏDV 144,92 manat olmaqla ümumi dəyəri 950,02 manat olan 5000 ədəd EPK.HP astar 7+1 sert 3 kq-lıq və 5000 ədəd EPK.HP astar ral 7040 21 kq-lıq, 13 aprel 2021-ci il tarixli 111318 saylı elektron qaiməyə əsasən əsas ödəniş 2083,96 manat, ƏDV 375,11 manat olmaqla ümumi dəyəri 2459,08 manat olan 1000 ədəd Floor expert Ral 1028 211 NRC B3 20 kq-lıq, 5000 ədəd EPK.HP astar 7+1 sert 3 kq-lıq, 5000 ədəd EPK.HP astar 7+1 RAL 7040 21 kq-lıq, 127 kq həcmində Toz boya RAL 7035 puturlu və 10 kq həcmində Toz boya RAL 7035 yarıparlak adda məhsullar təhvil verilmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan qaimələr üzrə ödənilməli olan pul vəsaiti hələ də ödənilməmişdir. Müqaviləyə əsasən cavabdehin öhdəliyini icra etməməsi ilə əlaqədar Cavabdeh MMC-yə müraciət olunsa da nəticəsi olmamışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyini lazımınca icra edərək malları cavabdehə müqavilənin şərtlərinə uyğun təhvil vermiş, mallara dair elektron qaimə və təhvil-təslim aktı tərtib etmiş və akt cavahdehin səlahiyyətli nümayəndəsi tərəfindən imza edilərək mallar qəbul edilmişdir. Həmçinin elektron qaimə də cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, müqavilənin tələblərini rəhbər tutaraq cavabdehin öhdəliyini icra etməməsi nəticəsində dəymiş maddi zərərin aradan qaldırılması üçün müqavilə ilə nəzərdə tutulmuş 9429,05 manat məbləğin tam şəkildə ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçının nümayəndələri Vəkil və X3 məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, qaimələrə nəzər yetirilən zaman 05 dekabr 2019-cu il tarixli və 07 fevral 2020-ci il tarixli qaimələrdə təhvil alan şəxsin adı və onun imzası əks olunmamış, 10 fevral 2020-ci il tarixli qaimədə malların kimin tərəfindən təhvil alınması qeyd edilməmiş, 290 nömrəli qaimə isə yalnız təhvil verən şəxs tərəfindən imzalanmışdır. Bəzi qaimələr isə ümumiyyyətlə təhvil verən şəxs tərəfindən imzalanmamışdır. Eyni zamanda, təhvil alan şəxs tərəfindən imzalanmış qaimələrdə işçinin malların təhvil alması üçün səlahiyyətli olmasını təsdiq edən etibarnamə olmalı idi. Bununla da, mallar müqavilə ilə razılaşdırılmış qaydada təhvil verilməmişdir. Ştrix kodda isə qaimənin nömrəsi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - "xxxx" MMC ilə "X5” MMC arasıdna bağlanmış 23 aprel 2019-cu il tarixli, 2019/027 nömrəli müqaviləyə əsasən “Alıcı” malları sifariş edir. “Satıcı" isə həmin malları təqdim edir. Alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "Satıcı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. - EAAU seriyalı, 643826 saylı 20 may 2019-cu il tarixli elektron qaiməyə əsasən 7705,4 manat dəyərində mal, EBAC seriyalı, 282232 saylı 09 noyabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 590 manat dəyərində mal, EBAD seriyalı, 450870 saylı 05 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 1769,93 manat dəyərində mal, 17 iyun 2020-ci il tarixli, EBAL seriyalı, 245270 saylı elektron qaiməyə əsasən 1347,5 manat dəyərində mal, 247354 saylı elektron qaiməyə əsasən 60,04 manat dəyərində mal, 245856 saylı elektron qaiməyə əsasən 2010 manat dəyərində mal, 247314 saylı elektron qaiməyə əsasən 950,02 manat dəyərində mal, 245443 saylı elektron qaiməyə əsasən 1650,03 manat dəyərində mal, EBBA seriyalı, 111318 saylı 13 aprel 2021-ci il tarixli elektron qaiməyə əsasən 2459,08 manat dəyərində mal, ümumilikdə 18542,36 manat məbləğində mal " X5” MMC-yə verilmişdir. - İddiaçı MMC-yə məxsus bank hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən 1192,83 manat və 6530 manat, ümumilikdə 7722,83 manat məbləğində ödəniş olunmuşdur. - ƏDV sub-uçot hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən 1175,4 manat, 9,16 manat və 205,55 manat, ümumilikdə 1390,11 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 11.1-ci bəndinə əsasən “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya “Satıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar "Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. Cavabdehin nümayəndəsinin iddia tələbinə etirazı o hal təşkil edir ki, mallar müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan xüsusat iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İlkin olaraq onu qeyd emək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə eyni müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin aparıldığı qaimələr təqdim olunmuş və müəyyən edilmişdir ki, həmin ödənişlər də hal – hazırda sübut kimi məhkəməyə təqdim olunmuş qaimələr və elektron vergi hesab fakturaları əsasında aparılmışdır. Yuxarıda göstərilən plenum qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu təsdiq edir ki, ödənişlərin aparıldığı analoji sənədlərlə hazırkı mübahisə predmeti olan sənədlər eynilik təşkil edir. Bundan başqa, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yuxarıda qeyd olunan elektron qaimələr göndərilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, ümumilikdə 18542,36 manat dəyərində mallar Azərbaycann Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "X5” MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən 1192,83 manat və 6530 manat, ümumilikdə 7722,83 manat pul vəsaiti iddiaçıya məxsus hesaba mədaxil edilmiş, ƏDV sub-uçot hesabından çıxarışa əsasən isə cavabdeh tərəfindən 1175,4 manat, 9,16 manat və 205,55 manat, ümumilikdə 1390,11 manat məbləğində ödəniş olunmuşdur. Yəni, iş materiallarından görünür ki, cavabdeh tərəfindən ƏDV təşkil edən borcdan 1390,11 manat, həmçinin, əsas borcdan 7722,83 manat hissə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 14,3 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 9429,05 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 14,3 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar