Məhkəmə qərarları › İş №e-2-2(113)-2357/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2357/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2357/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12885,09 manat əsas borc və ödənilmiş 128,66 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh İsmayıl oğlu arasında yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar TSBK-62 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh İsmayıl oğlu istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürür. Cavabdeh İsmayıl oğlu "xxxx" MMC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə "xxxx" MMC-yə 12885,09 manat məbləğində borcu əmələ gəlmişdir. Bununla əlaqədar Cavabdeh İsmayıl oğlu ilə 30 noyabr 2023-ci il tarixdə üzləşmə aktı tərtib edilmişdir. Cavabdeh 13335,09 manat məbləğində borcu olduğunu öz imzası ilə təsdiq etmiş, həmin dövr ərzində dövriyyə aparıldığı üçün qismən ödənişlər edərək, borcundan azaltmışdır. Hal-hazırda cavabdehin "xxxx" MMC-yə 12885,09 manat məbləğində borcu vardır. Cavabdeh İsmayıl oğluna borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, hər dəfə borcunu ödəyəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Onun bəhanələri məsuliyyətdən boyun qaçırma məqsədi daşıyan formal xarakterli subyektiv mülahizələrdən ibarətdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Woodpecker” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, iddianın tam edilməsini xahiş etmiş, eləcə də iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, TSBK-62 nömrəli alq-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı istənilən üsulla sifariş edilmiş yataq, qonaq, uşaq, yumşaq və digər mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədi ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öz öhdəliyinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər öz səlahiyyətli nümayəndələri arasında aparılan elektron yazışmaları etibarlı sübut kimi qəbul edirlər. Sifarişlər elektron poçt vasitəsilə də verilə bilər. - xx.xx.2019-cu il tarixli W1-20957 nömrəli hesab fakturadan müəyyən edilir ki, 118 manat məbləğində satış olmuşdur. Əlavə olaraq qeyd kimi yazılmışdır ki, əvvəlki borc – 13694,17 manat, yekun borc – 13812,17 manatdır. - xx.xx.2019-cu il tarixli W1-28744 nömrəli hesab fakturadan müəyyən edilir ki, 245 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-35557 nömrəli hesab fakturadan müəyyən edilir ki, 548 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-58334 nömrəli hesab fakturadan müəyyən edilir ki, 245 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-74137 nömrəli hesab fakturadan müəyyən edilir ki, 107,80 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-75710 nömrəli hesab fakturadan müəyyən edilir ki, 534,10 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-80548 nömrəli hesab fakturadan müəyyən edilir ki, 259,70 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-81985 nömrəli hesab fakturadan müəyyən edilir ki, 352,80 manat məbləğində satış olmuşdur. - xx.xx.2019-cu il tarixli W1-95843 nömrəli hesab fakturadan müəyyən edilir ki, 196 manat məbləğində satış olmuşdur. - "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" MMCyə 12885,09 manat təşkil edir. - "xxxx" MMC və Cavabdeh arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə "xxxx" MMC-yə 13687,17 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. - Qarşılıqlı hesablaşmalar haqqında xx.xx.2023-cü il tarixli, 279 nömrəli aktda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" MMC-yə 13335,09 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin qısa müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 12885,09 manat (on iki min səkkiz səksən beş manat doqquz qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,66 manat (yüz iyirmi səkkiz manat altmış altı qəpik) olmaqla, cəmi 13013,75 manat (on üç min on üç manat yetmiş beş qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12885,09 manat (on iki min səkkiz səksən beş manat doqquz qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,66 manat (yüz iyirmi səkkiz manat altmış altı qəpik) olmaqla, cəmi 13013,75 manat (on üç min on üç manat yetmiş beş qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar