Məhkəmə qərarları › İş №e-2-2(113)-236/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-236/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-236/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X2 Sanayi ve Ticaret LTD STİ-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Sanayi ve Ticaret LTD STİ Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə həmin İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir.), 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 877.804 ABŞ dolları borcun tutularaq müqavilədə qeyd olunan M/h: TR 62 0001 2009 7770 0053 0000 77 iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20151016/ATL/DBZ/016-6 saylı xx.xx.2016-cı il tarixdə malların Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti inşaat mallarının alqı-satqısı olmuşdur. İddiaçı X2 Sanayi ve Ticaret LTD STİ (bundan sonra mətndə “iddiaçı” və ya “satıcı”) Cavabdeh MMC-nin (bundan sonra mətndə “cavabdeh” və ya “satıcı”) ünvanına gömrük bəyannamələrinə uyğun olaraq dəyəri cəmi 845274 ABŞ dolları məbləğində mallar göndərmişdir və alıcı həmin malları qəbul edərək göndərilən mallara görə Bank vastəsi ilə Satıcıya cəmi 154089 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Bəyannamələrə uyğun olaraq göndərilən mallara görə alıcının satıcıya 691.185 ABŞ dolları borcu qalmışdır. Satıcı xx xxx 2018-ci il tarixdə alıcının müqavilədə göstərdiyi ünvana Pretenziya göndərərək 3 gün ərzində 691.185 ABŞ dolları borcu alıcının hesabına ödənilməsinin təmin edilməsini bildirsə də bu günə kimi pretenziyaya heç bir cavab verilməmişdir. Müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, alıcı tərəfindən bu müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər həftə üçün satıcı tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5% miqdarında cərimə tətbiq edilə bilər, tələb olunan ödəmə tarixindən başlayaraq iki həftə sonra satıcı sonuncu dəfə xx.xx.2017-ci il tarixdə mal göndərmiş, alıcı isə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə pul ödəmişdir. Göründüyü kimi alıcı 691.185 ABŞ dolları borcu 54 həftə ərzində gecikdirdiyinə görə ona müqavilədə nəzərdə tutulmuş cərimə tətbiq edilə bilər. alıcı sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə ödədiyindən iki həftə sonra yəni xx.xx.2017-ci il tarixdən başlayaraq 54 həftə ərzində gecikdirilmiş 691.185 ABŞ dolları borca dair hər həftəyə görə 0,5% miqdarında yəni (691.185 X 0,5% X 54=186619) 186619 ABŞ dolları cərimə ödəməlidir. Beləliklə Alıcının 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla ümumilikdə 877.804 ABŞ dolları borcu yaranmışdır. Cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinə etiraz barədə ərizləri ilə məhkəməyə müraciət etmişdir. Ərizələr onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20151016/ATL/DB/016-6 saylı xx.xx.2016-ci il tarixdə malların alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti inşaat mallarının alqı-satqısı olmuşdur. Tərəflər arasında bağlanılan müqavilənin 3.1- ci maddəsində qeyd edilmişdir ki, mallar üçün ödənilən məbləğ müqavilənin ayrılmaz hissəsi olan əlavədə və ya proforma invoysda göstəriləcəkdir. Həmin məbləğin yüz faizi müqavilə imzalandıqdan sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilədir. Satıcı alıcının ünvanına gömrük bəyannamələrinə uyğun olaraq dəyəri cəmi 845.274 ABŞ dolları məbləğində mallar göndərmişdir və alıcı həmin malları qəbul edərək, göndərilən mallara görə bank vasitəsilə satıcıya cəmi 154.089 ABŞ dolları məbləğində vəsait, digər vəsaitlər isə nağd qaydada müxtəli fiziki şəxslər vasitəsi ilə iddiaçıya ödəmişdir. İddiaçı iddia edir ki, cavabdeh bəyannamələrə uyğun olaraq göndərilən mallara görə cavabdehin ona 691.185 ABŞ dolları borcu qalmışdır. Lakin, əvvəl tərəflər arasında olan mübahisə zamanı da müəyyən olunmuşdur ki. gömrük bəyannamələri 100 nömrə ilə qeyd olunmuşdur, yəni bu o deməkdir ki. alıcı bütün ödənişləri ödəmişdir və müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmişdir. Bu hal Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı məktubla da öz təsdiqini tapmışdır. Qeyd etmək istərdik ki, daha öncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən pul tələbinin ödənilməsinə dair qiyabi qətnamə qəbul edilmişdir. Qətnamədə qeyd eləmişdir ki, guya ki, "Cavabdeh” MMC-nin qanuni nümayəndələrinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin çağırışına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bunu əsas götürərək MMC-nin nümayəndələri olmadan iddiaçının iştirakı ilə məhkəmə iclası keçirilmiş və qətnamə qəbul edilmişdir. Lakin qətnamə sonradan ləğv edilmişdir. Sonradan yenidən məhkəməyə iddiaçı tərəfindən iddia ərizəsi verilmişdir, lakin iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün baxılmamış saxlanılmışdır. Eyni zamanda tələbin müəyyən hissəsində iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, tərəfər arasında olan müqavilənin bağlanmasından 3 il 9 ay keçmişdir. Həmçinin iddia qaldırılarkən malların təqdim edilməsindən 3 ildən artıq müddət keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinə etiraz barədə ərizlərin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Satıcı X2 Sanayi ve Ticaret LTD STİ alıcı Cavabdeh MMC arasında imzalanmış 20151016/ATL/DBZ/016-6 saylı xx.xx.2016-cı il tarixli malların Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı müvafiq mallar təqdim etməyi alıcı isə həmin malları əvəzini tam olaraq ödəməyi üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən satıcı malları İncoterms 2010 EXW İstanbult təslim qaydası əsasında alıcıya satır. Alıcı mal müqabilində bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə və ya proforma invoysda nəzərdə tutulmuş ödənişi satıcıya ödəyir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, mallar üçün ödənilən məbləğ müqavilənin ayrılmaz hissəsi olan əlavədə və ya proforma invoysda göstəriləcəkdir. Həmin məbləğin yüz faizi müqavilə imzalandıqdan sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. Ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilədir. Həmin müqavilənin 7.1-ci bəndinə qeyd edilmişdir ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalır. - İş materiallarına əlavə edilmiş gömrük bəyənnamələrindən görünür ki, satıcı X2 Sanayi ve Ticaret LTD STİ tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək alıcı Cavabdeh MMC-yə satılmış mallar ümumi dəyəri 845274 ABŞ dolları təşkil etmişdir. - İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 038322 nömrəli, xx.xx.2019-cu il tarixli 986046 nəmrəli, xx.xx.2016-cı il tarixli 242906 nömrəli, xx.xx.2016-cı il tarixli 530051 nömrəli, xx.xx.2016-cı il tarixli 315048 nömrəli, xx.xx.2016-cı il tarixli 194895 nömrəli, xx.xx.2017-ci il tarixli 192358 nömrəli, xx.xx.2017-ci il tarixli 695561 nömrəli, xx.xx.2017-ci il tarixli 039201 nömrəli, xx.xx.2017-ci il tarixli 749506 nömrəli, xx.xx.2017-ci il tarixli 973778 nömrəli, xx.xx.2017-ci il tarixli 574427 nömrəli, xx.xx.2017-ci il tarixli 691054 nömrəli, xx.xx.2017-ci il tarixli 994395 nömrəli bank “Dekontlarından” görünür ki, alıcı Cavabdeh MMC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək satılmış mallara görə satıcı X2 Sanayi ve Ticaret LTD STİ-yə ümumilikdə 149089.64 ABŞ dolları verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 20151016/ATL/DBZ/016- 6 saylı xx.xx.2016-cı il tarixli malların Alqı-Satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif növ malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 691.185 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi müddət ərzində sözügedən müqavilə qüvvədə olur. Həmin Məcəllənin 373.2-ci maddəsinə uyğun olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan maddi hüququ normalarının tələblərini işin hallarına tətbiq edərək, məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti tərəflərin öhdəliklərini yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Qeyd olunan öhdəliklər xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci tarixədək icra olunduğundan hazırki iş üzrə tələb etmə müddətinin başlandığı tarix xx.xx.2017-ci il qəbul edilməlidir. Belə olan halda mübahisə predmeti üzrə tələb etmə müddəti xx.xx.2020-ci il tarixdə bitmiş hesab edilir. İş materiallarına əsasən iddiaçının cavabdehə qarşı borcun ödənilməsi tələbi üzrə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etdiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərdiyi hallar məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, müqavilə üzrə nəzərdə tutulmuş müxtəlif mallar Cavabdeh MMC-yə təqdim edilmişdir, lakin həmin məhsulların dəyəri iddiaçı X2 Sanayi ve Ticaret LTD STİ tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əşyaları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, cavabdehin hal-hazırki tarixə olan borcu 691.185 ABŞ dolları təşkil edir. Bundan başqa cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 154.089 ABŞ dolları məbləğində vəsait bank vasitəsi digər vəsaitlər isə nağd qaydada müxtəli fiziki şəxslər vasitəsi ilə iddiaçıya ödənməsini qeyd etməsinə baxmyaraq nağd ödənişlərin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maadəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə göstərilmiş 186.619 ABŞ dolları cərimə məbləği 5000 ABŞ dolları məbləğində azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” MMCdən 691.185 ABŞ dolları əsas, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 696185 ABŞ dolları tutularaq X2 Sanayi ve Ticaret LTD STİ-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh“xxxx” MMC-dən 691185 (altı yüz doxsan bir min yüz səksən beş) ABŞ dolları əsas, 5000 (beş min) ABŞ dolları cərimə olmaqla, cəmi 696185 (altı yüz doxsan altı min yüz səksən beş) ABŞ dolları borcun tutularaq iddiaçı“X3 X7 Ltd Sti”-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar