Məhkəmə qərarları › İş №e-2-2(113)-236/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-236/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-236/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən əsas borc məbləği- 40.086.85 manat, ƏDV üzrə 7.215.59 manat, gecikdirilmiş borc faizi məbləğı - 2.015,12 manat, ümumi 49.533.15 manat, dövlət rüsumu olaraq 238.6 manat, mediasiya üçün 200 manat, hüquqi yardım üçün 210 manat cəmi manat 50.182 (əlli min səkkiz yüzsəksən iki) manat pulun tutuması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli N 017/2019 saylı alğı-satqı müqaviləsinə və xx.xx.2020-ci il üzləşdirmə aktına əsasən, 2019-cu ilin əvvəlindən xx.xx.2021-ci il tarixə qədər, 2019-cu ildə bir dəfə 38215,50 manat, 2-ci dəfə 55347,90 manat, 2020-ci ildə 143881,45 manat dəyərində əmtəə mübadiləsi aparılmış, yaranmış həmin borcdan ƏDV daxil 2019-cu ildə 1-dəfə 45034,11 manat, 2020-ci ildə 2-ci dəfə 187848,33 manat ödəniş həyata keçirilmişdir. Hal-hazırda ASC-nin xx.xx.2020-ci il tarixinə cəmi ödənilməli debitor borcu baza üzrə 40.086.85 manat, ƏDV üzrə 7.215.59 manat, cəmi 47.302.44 manat təşkil etmişdir. Dəfələrlə müraciət etməsinə, rəsmi pretenziya verməsinə baxmayaraq, alınmış malların dəyəri olaraq nəzərdə tutulmuş ödəniş icra olunmamış, bununlada bağlanmış alqı-satqı müqaviləsinin şərtləri pozulmuşdur. Nəticədə “alıcının” “satıcı” qarşısında müqavilə öhdəliyinin vaxtında icra edilməməyi səbəbindən xx.xx.2021-ci il tarixinə “satıcının” “alıcıya” qarşı pul tələbi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, müqavilədə razılaşdırılmış işlərin görülməsi ilə bağlı qarşı tərəfə elektron qaimələr göndərilmiş, həmin elektron qaimələr də təsdiqlənmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC “alıcı” X3 “satıcı” olmaqla imzalanmış xx.xx.2019-cu il tarixli N 017/2019 saylı alğı-satqı müqaviləsinə əsasən bu müqaviləyə əsasən “satıcı” ona məxsus malları satmağı, “alıcı” isə onların dəyərini ödəməklə almağı öhdələrinə götürürlər. Hər partiya satılan malların adları, çeşidi, miqdarı, qiymət və məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi kimi tərtib edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmiş “X4”na əsasən müəyyən ediləcəkdir. xx.xx.2019-cu il tarixli N 017/2019 saylı alğı-satqı müqaviləsinə əlavə 1 olan 7 may 2019-cu il tarixli “X4”na əsasən ümumilikdə cəmi 38.164,50 manat, ƏDV 6.869,61 manat məbləğində malların qiymətləri tərəflər arasında razılaşdırılmışdır. Uğur-2 layihəsinə alınan malların siyahısı barədə təhvil-təslim aktında cəmi 45.034,11 manat məbləğində mallar qeyd olunmuşdur. Təhvil-təslim aktında Səbuhi İbrahimov adlı şəxsin təhvil verdiyi, Faiq Yusubov adlı şəxsin təhvil alması qeyd olunmuşdur. EBAS seriyalı 495208 nömrəli xx.xx.2020 tarixli elekrton qaiməyə əsasən 20.405,15 manat, EBAS seriyalı 495708 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 27.078,87 manat xx.xx.2019 tarixli 017/2019 saylı müqavilə əsasında X3 tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir. X2 məxsus bank hesabından çıxarışın surətindən məlum olur ki, qeyd olunan hesaba xx.xx.2019 tarixində 5.000 manat, xx.xx.2019 tarixində 8.000 manat, xx.xx.2019 tarixində 25.164,50 manat, xx.xx.2020 tarixində 5.000 manat, xx.xx.2020 tarixində 50.398 manat, xx.xx.2020 tarixində 3795,5 manat, xx.xx.2020 tarixində 100.000 manat məbləğində "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli N 017/2019 saylı müqavilə üzrə mədaxil olmuşdur. X2 məxsus ƏDV depozit hesabından çıxarışdan məlum olur ki, ümumilikdə 35.524,44 manat məbləğində "xxxx" ASC tərəfindən qeyd olunan hesaba köçürülmüşdür. xx.xx.2021 tarixə "xxxx" ASC-nin X2 cəmi 47.302,04 borcu olması qeyd olunmuşdur. Məlumat cədvəli fərdi sahibkar kimi qeyd olunan Mehdiyev T.Ş və baş mühasib Bağırov Ə.M adlı şəxslər tərəfindən imzalanmışdır. 25 noyabr 2020-ci il tarixli qarşılıqlı borcların üzləşmə aktında xx.xx.2019-cu ilxx.xx.2019-cu il və xx.xx.2020-ci il müddətləri ərzində satılmış mallara görə xx.xx.2020-ci il tarixinə cəmi 40.086,85 manat debitor borcları, 7.215,59 manat ƏDV borcları olmaqla ümumilikdə 47.302,44 manat məbləğində borc qeyd olunmuşdur. Üzləşmə aktı satıcı kimi qeyd olunan X5 tərəfindən birtərəfli qayada imzalanmış və təsdiqlənmişdir. Beləliklə, araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında malların alğısatqısına dair müqavilə imzalanmış, iddiaçı tərəflər arasında imzalanmış müqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh isə təhvil verilmiş malların dəyərini tam olaraq ödəməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc məbləği üzrə 40.086.85 manat, ƏDV üzrə 7.215.59 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı üzləşmə aktları birtərəfli qaydada təsdiqlənmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də qeyd etmişdir ki, qarşı tərəf üzləşmə aktını imzalamaqdan yayınmışdır. Bundan əlavə sübut qismində məhkəməyə qarşı tərəfə göndərilmiş elektron qaimələr təqdim edilmişdir. Məhkəmə hesab edir ki, qarşı tərəfə göndərilmiş elektron qaimələr və onların avtomatik qaydada təsdiqlənməsi və qaimələr üzrə ödənişlərin olması iddianın əsaslı olması üçün kifayət edir. İş materiallarından da aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, cavabdeh tərəfindən müxtəlif tarixlərdə iddiaçının bank hesabına hazırda mübahisələndirilən müqavilə üzrə ödəmələr həyata keçirilmişdir. Belə olan halda məhkəmə iş materiallarına məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi borc məbləği hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Digər tərəfdən iddiaçı cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı olaraq, 2.015,12 manat məbləğində ödənişin tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə iddiaçının iddia tələbinin qeyd olunan hissədə əsaslı olduğunu nəzərə alaraq, hesab edir ki, 2.015,12 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən 238,6 manat dövlət rüsumu, 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin 210 manat məbləğində hüquqi yardımla bağlı xərcin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, ödənilmiş məbləğlə bağlı məhkəməyə sənəd təqdim edilməmişdir. Bununla bağlı olaraq, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən əsas borc məbləği- 40.086,85 manat, ƏDV üzrə 7.215,59 manat, gecikdirilmiş borc üzrə faiz məbləğı- 2.015,12 manat, dövlət rüsumu olaraq 238,6 manat, mediasiya xərci olaraq ödənilmiş 200 manat X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar