Məhkəmə qərarları › İş №e-2-2(113)-2364/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2364/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2364/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 0403-24A saylı, 04 mart 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 97377,73 manat (doxsan yeddi min üç yüz yetmiş yeddi manat yetmiş üç qəpik) əsas borc, 9737,73 manat (doqquz min otuz yeddi manat yetmiş üç qəpik) cərimə, 06/2024 saylı, 09 aprel 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 8260 (səkkiz min iki yüz altmış) manat əsas borc, 826 (səkkiz yüz iyirmi altı) manat cərimə və 407 (dörd yüz yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 0403-24A saylı, 04 mart 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. 0403-24A saylı, 04 mart 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən Şuşa şəhərində yerləşən binalarda havalandırma isitmə-soyutma sistemlərinin quraşdırılması işlərinə dair 2024-cü ilin may ayında imzalanmış forma 2-yə əsasən təhvil verilmiş işlərin dəyəri 97377,73 manat (doxsan yeddi min üç yüz yetmiş yeddi manat yetmiş üç qəpik) təşkil edir. Cavabdeh müqavilə üzrə öhdəliklərini bu günə qədər yerinə yetirməmiş və bununla bağlı pretenziya məktubu da göndərilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişin vaxtında ödənilməməsinə görə sifarişçi gecikdirilmiş hər gün üçün ödəniləcək məbləğin 0,1% məbləğində cərimə ödəməyi üzərinə götürmüşdür. Eyni zamanda cərimə məbləğinin görüləcək işlərin 10%-dən artıq olmamasına dair razılıq əldə edilmişdir. Bu səbəbdən müqavilə üzrə Cavabdeh MMC tərəfindən gecikdirilmiş məbləğ müqavilə üzrə ümumi dəyərin 10%-dən artıq olduğu üçün 0403-24A saylı, 04 mart 2024-cü il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən 9737,73 (doqquz min otuz yeddi manat yetmiş üç qəpik) manat cərimə ödənilməlidir. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 06/2024 saylı, 09 aprel 2024-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır. 06/2024 saylı, 09 aprel 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən “İsa Bulağı”da isitmə, su təchizatı, qazanxana və yanğın sistemlərinin ümumi test edilməsi işləri üzrə 12 iyun 2024cü il tarixli təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri 8260 (səkkiz min iki yüz altmış) manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişin vaxtında ödənilməməsinə görə sifarişçi gecikdirilmiş hər gün üçün ödəniləcək məbləğin 0,1% məbləğində cərimə ödəməyi üzərinə götürmüşdür. Eyni zamanda cərimə məbləğinin görüləcək işlərin 10%-dən artıq olmamasına dair razılıq əldə edilmişdir. Bu səbəbdən müqavilə üzrə Cavabdeh MMC tərəfindən gecikdirilmiş məbləğ müqavilə üzrə ümumi dəyərin 10%-dən artıq olduğu üçün 06/2024 saylı, 09 aprel 2024-cü il tarixli xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən 826 (səkkiz yüz iyirmi altı) manat cərimə ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "Ricon” MMC tərəfindən "X1” MMC-yə görülən işlərlə bağlı ödənişlərin 90%-dən çoxu həyata keçirilmişdir. "X1” MMC tərəfindən "Ricon” MMC-yə göndərilmiş pretenziya məktubunda ödənişlə bağlı müddət müəyyən edilməmişdir. Hazırkı iddia ərizəsi üzrə iddiaçı "X1” MMC-yə xx.xx.2024-cü il tarixində tarixində 10000 manat və iş məhkəmənin icraatında olduğu dövrdə xx.xx.2025-ci il tarixində 20000 manat ödəniş həyata keçirilmişdir və iddiaçının iddia ərizəsində istinad etdiyi məbləğ əsassızdır. 0403- 24A saylı, 04 mart 2024-cü il tarixli xidmət müqaviləsinə əlavə olaraq hazırlanmış 1 saylı qiymət razılaşdırılma protokolunda görüləcək işlərin dəyəri 492560,79 manat, 2 saylı qiymət razılaşdırılma protokolunda isə 592934,30 manat olmaqla, ümumilikdə müqavilə dəyəri 1085495,09 (bır milyon səksən beş min dörd yüz doxsan beş manat doqquz qəpik) manat təşkil edir. "Ricon” MMC tərəfindən İddiaçı MMC-yə görülən işlərlə bağlı ödənişlərin 90%-i həyata keçirilmişdir. Belə ki, iddiaçı tərəf Cavabdeh MMC-yə 28 yanvar 2025-ci ildə pretenziya məktubu göndərmişdir. Məktubda ödənişlə bağlı dəqiq müddət müəyyən etməyərək, yaxın zamanda ödənilməsini qeyd etmişdir. xx.xx.2025-ci il tarixində isə iddia ərizəsi və müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələbinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Qeyd edilmişdir ki, digər əməkdaş şirkətlərə qarşı da öhdəliklər olduğuna görə borc məbləğinin 5 gün ərzində ödənilməsi mümkünsüz olmuşdur. Mülki Məcəllənin tələblərinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməlidir. “X1'’ MMC əsas borcun gecikdirilməsinə görə illik 10% hesablamaqla, ümumilikdə 10563,73 (on min beş yüz altmış üç manat yetmiş üç qəpik) manat gecikdirmə faizi tələb etmişdir. Mübahisələndirilən forma-2 sənədləri üzrə ödənişlərin çox hissəsi həyata keçirilmişdir. Hazırkı vəziyyətdə iddiaçı tərəfin göstərilən vəsaiti 5 gün müddət ərzində ödənilməsini tələb etməsi, eyni zamanda borc məbləği ilə bağlı 10563,73 manat faiz tələb etməsi şübhəsiz ağlabatan hal kimi qiymətləndirilməməlidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğ əsassızdır. İddia ərizəsində göstərilən məbləğin necə müəyyənləşdirildiyi məlum deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məkəmədən xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış məlumatda (mülahizə) bildirilmişdir ki, tərəflər arasında başqa layihə üzrə 15 aprel 2024-cü il tarixli müqavilə olmuş və həmin müqavilə üzrə ödənişlər edilmişdir. Hal-hazırda mübahisələndirilən müqavilələr üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 0403-24/A nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı Şuşa şəhərinin mərkəzi küçə ərazisində yerləşən binalarında havalandırma, soyutma və isitmə sistemlərinin quraşdırılmasına dair layihəsində müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə görülmüş işin müqabilində müqavilə dəyərini podratçının bank hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin işlərin icrası bitdikdən və rəsmiləşdirildikdən sonra müvafiq qaydada razılaşdırılmış müqavilə dəyərini podratçının hesabına ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işlərin dəyəri barədə mühüm şərtlər müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolda qeyd olunur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən hazırkı müqavilənin predmeti olan işlərin dəyəri sifarişçi və podratçının nümayəndəsi ilə birgə yerində aparılan ölçmə işlərinə əsasən aylıq görülən işlərin qəbu aktlarına (Forma 2) müvafiq olaraq həmin Forma 2 qarşılıqlı olaraq imzalandığı və təsdiqləndiyi gündən etibarən 15 bank günü ərzində bank köçürməsi yolu ilə ödəniləcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən görülmüş işlərin dəyərinin vaxtında ödənilməməsi üçün sifarişçi gecikdirilmiş hər gün üşün ödəniləcək məbləğin 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Cərimə məbləği işlərin ümumi dəyərinin 10%-dən çox ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 06/2024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icraçı Şuşa şəhəri, İsa bulağı layihəsinə dair müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda göstərilən test işlərini yerinə yetirməyi, sifarişçi isə görülmüş işin müqabilində müqavilə dəyərini podratçının bank hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin işlərin icrası bitdikdən və rəsmiləşdirildikdən sonra müvafiq qaydada razılaşdırılmış müqavilə dəyərini icraçının hesabına ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işlərin dəyəri barədə mühüm şərtlər müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolda qeyd olunur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən hazırkı müqavilənin predmeti olan işlərin dəyəri sifarişçi və icraçının nümayəndələri tərəfindən təsdiqlənmiş test nəticələri aktlarına əsasən təsdiqləndiyi gündən etibarən 15 bank günü ərzində bank köçürməsi yolu ilə ödəniləcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən görülmüş işlərin dəyərinin vaxtında ödənilməməsi üçün sifarişçi gecikdirilmiş hər gün üşün ödəniləcək məbləğin 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Cərimə məbləği işlərin ümumi dəyərinin 10%-dən çox ola bilməz. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü tarixli, 0403-24/A nömrəli xidmət müqaviləsinə əlavə olan 1 nömrəli qiymət razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər ümumi məbləği 492560,79 manat olan və protokolda adıçəkilən xidmətlər barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin möhürü və imzası ilə təsdiqlənmişdir.

10. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü tarixli, 0403-24/A nömrəli xidmət müqaviləsinə əlavə olan 2 nömrəli qiymət razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər ümumi məbləği 592934,3 manat olan və protokolda adıçəkilən xidmətlər barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin möhürü və imzası ilə təsdiqlənmişdir.

11. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü tarixli, 06/2024 nömrəli xidmət müqaviləsinə əlavə olan 1 nömrəli qiymət razılaşdırılma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər ümumi məbləği 8260 manat olan və protokolda adıçəkilən xidmətlər barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin möhürü və imzası ilə təsdiqlənmişdir.

12. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli “İsa Bulağı”-da isitmə, su təchizatı, qazanxana və yanğın sistemlərinin ümumi test edilməsi üzrə təhvil-təslim haqqında aktın məzmunundan müəyyən olunur ki, ümumi dəyəri 8260 manat olan və aktda adıçəkilən xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Aktın əsası kimi xx.xx.2024-cü il tarixli, 06/2024 nömrəli ximət müqaviləsinə 1 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolu qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 2024-cü ilin may ayı üzrə Şuşa şəhərində yerləşən qeyri-yaşayış binasında havalandırma və isitmə-soyutma sistemlərinin quraşdırılması işlərinə dair qəbul aktının məzmunundan müəyyən olunur ki, “X3” MMC tərəfindən aktda adıçəkilən və ümumi dəyəri 97377,73 manat olan xidmətlər Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10713664 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8260 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 06/2024 nömrəli xidmət müqaviləsinə 1 nömrəli qiymətlərin razılaşdırılması protokolu və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı qeyd edilmişdir.

15. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10714271 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 97377,73 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 0403-24/A nömrəli xidmət müqaviləsi və 2024-cü ilin may ayı üzrə forma 2 qeyd edilmişdir.

16. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 07/2025 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024cü il tarixli, 0403-24/A saylı xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixli, 06/2024 saylı xidmət müqaviləsi üzrə ümumilikdə 105637,73 manat borcu vardır.

17. Cavabdeh tərəfindən məhkəməyə ödəniş tapşırıqları təqdim olunmuş və ödəniş tapşırıqlarından ödənişin xx.xx.2024-cü il tarixli, 07/2024 saylı müqavilə üzrə edildiyi müəyyən edilir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə həmin ödənişlərin tərəflər arasında bağlanmış hazırkı mübahisə ilə bağlı olmayan başqa bir, xx.xx.2024-cü il tarixli, 07/2024 nömrəli xidmət müqaviləsi üzrə edildiyinin təsdiqi qismində həmin xx.xx.2024-cü il tarixli müqavilə təqdim edilmişdir.

18. İddiaçı MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilələr üzrə hesablanmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında podrat müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 0403-24/A nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən podratçı Şuşa şəhərinin mərkəzi küçə ərazisində yerləşən binalarında havalandırma, soyutma və isitmə sistemlərinin quraşdırılmasına dair layihəsində müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə görülmüş işin müqabilində müqavilə dəyərini podratçının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında xx.xx.2024-cü il tarixli, 06/2024 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı Şuşa şəhəri, İsa bulağı layihəsinə dair müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolunda göstərilən test işlərini yerinə yetirməyi, sifarişçi isə görülmüş işin müqabilində müqavilə dəyərini podratçının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələr üzrə icraçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, sifariçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.

22. İddia tələbinin bir hissəsini 0403-24A saylı, 04 mart 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 97377,73 manat, 06/2024 saylı, 09 aprel 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 8260 manat borcun cavabdehdən tutulması təşkil edir.

23. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini, təqdim olunmuş sübutları, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 0403-24A saylı xidmət müqaviləsi üzrə 97377,73 manat (doxsan yeddi min üç yüz yetmiş yeddi manat yetmiş üç qəpik) borc, xx.xx.2024-cü il tarixli, 06/2024 saylı xidmət müqaviləsi üzrə 8260 (səkkiz min iki yüz altmış) manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında 2 təhviltəslim aktı imzalanmışdır. Həmin təhvil-təslim aktlarının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, 06/2024 nömrəli ximət müqaviləsi üzrə ümumi dəyəri 8260 manat olan və xx.xx.2024-cü il tarixli, 0403-24/A nömrəli xidmət müqaviləsi üzrə ümumi dəyəri 97377,73 manat olan xidmət təhvil verilmişdir. Aktlar Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. Bundan əlavə, qeyd edilməlidir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində mübahisə predmeti olan borcun böyük bir qisminin ödənildiyi qeyd edilmiş, bununla bağlı ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. Qeyd olunur ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarının “ödənişin təyinatı və əsası” hissəsinə diqqət yetirdikdə, müəyyən olunur ki, qeyd edilən müqavilə (xx.xx.2024cü il tarixli, 07/2024 saylı müqavilə qeyd edilmişdir) mübahisə predmeti olan müqavilələrlə üst-üstə düşmür. Eyni zamanda, cavabdeh tərəfindən iddia ərizəsində və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən müqavilələr üzrə ödənişlərin həyata keçirildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir.

25. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-dən 0403-24A saylı, 04 mart 2024cü il tarixli xidmət müqaviləsi üzrə 9737,73 manat, 06/2024 saylı, 09 aprel 2024-cü il tarixli xidmət müqaviləsi 826 (səkkiz yüz iyirmi altı) manat cərimə borcunun tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış xidmət müqavilələrinin 3.3-cü bəndinə əsasən görülmüş işlərin dəyərinin vaxtında ödənilməməsi üçün sifarişçi gecikdirilmiş hər gün üçün ödəniləcək məbləğin 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürür.

27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cərimə məbləği azaldılaraq, xx.xx.2024-cü il tarixli, 0403-24A saylı xidmət müqaviləsi üzrə 5000 (beş min) manat, xx.xx.2024-cü il tarixli, 06/2024 saylı xidmət müqaviləsi üzrə 450 (dörd yüz əlli) manat müəyyən edilməli, qalan hissədə təmin edilməməlidir.

28. Eləcə də, iddiaçı ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 388,3 manat (üç yüz səksən səkkiz manat otuz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, 0403-24A saylı xidmət müqaviləsi üzrə 97377,73 manat (doxsan yeddi min üç yüz yetmiş yeddi manat yetmiş üç qəpik) borc, 5000 (beş min) manat cərimə, xx.xx.2024-cü il tarixli, 06/2024 saylı xidmət müqaviləsi üzrə 8260 (səkkiz min iki yüz altmış) manat borc, 450 (dörd yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumununa görə 388,3 manat (üç yüz səksən səkkiz manat otuz qəpik) olmaqla, ümumilikdə 111476,03 manat (yüz on bir min dörd yüz yetmiş altı manat üç qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar