Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2365/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərin əvəzi olaraq 25247 manat pulun, həmçinin ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, AZ 355/0601 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh iddiaçının sifarişlərinə uyğun olaraq beynəlxalq yükdaşımaları həyat keçirməli idi. Müqavilənin 2.2.6-cı bəndinə əsasən, yük cavabdehə təhvil verildikdən sonra 20-25 gün müddətində təyinat yerinə çatdırılmalı idi. Müqavilənin 4.2.3-cü bəndinə əsasən daşıyıcı hazırki müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 0,5% məbləğində dəbbə pulu ödəyəcəkdir. İddiaçı tərəfindən verilmiş sifarişlərə uyğun olaraq 2024-cü ilin iyul ayında təqdim edilən invoyslarda göstərilən mallar elə həmin tarixdə cavabdeh tərəfindən təhvil alınmışdır. Təəssüflər olsun ki, qeyd olunan mallardan bir hissəsi gec çatdırılmış, qalanı isə ümumiyyətlə çatdırılmamışdır. 1318,95 ABŞ dolları dəyərindəki yük ümumiyyətlə çatdırılmamışdır. xx.xx.2024-cü il tarixdə təhvil alınmış 43 kubluq yük xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Gecikməyə görə hesablanmış dəbbə pulu 1500 manat təşkiledir. xx.xx.2024-cü il tarixdə təhvil alınmış 18 kubluq yük xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Gecikməyə görə hesablanmış dəbbə pulu 2000 manat təşkil edir. Həmçinin, 2024-cü ilin iyul ayının əvvəlində cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş yükün 805 manatlıq hissəsi sınıq (istifadə üçün tam yararsız) olaraq təhvil verilmişdir. Yuxarıda qeyd olunanlardan başqa, cavabdeh iddiaçının mallarını ona vaxtında təhvil vermədiyindən, həmin malı sifariş vermiş müştərinin haqlı narazılığı və müştəri məmnuniyyətini nəzərə alaraq, iddiaçı həmin malların eynisini qısa müddət ərzindən çatdırmaq üçün hava daşıması (təyyarə) vasitəsilə çatdırmış və müştəriyə təhvil vermişdir. Bunun nəticəsində cavabdehin müqavilə şərtlərinə zidd hərəkəti nəticəsində iddiaçı 18700 manat məbləğində əlavə xərc çəkməli olmuşdur.
3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, AZ 355/0601 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə şərtlərini və qanunvericilik normalarını pozmaqla İddiaçı MMC-nə çatdırılmamış malların dəyəri olan 1318,95 ABŞ dollarının, malların gec təhvil verilməsinə görə hesablanmış 3500 manat məbləğində dəbbə pulunun, sınıq təhvil verilmiş malların dəyəri olan 805 manatın, iddiaçı tərəfindən çəkilmiş əlavə xərcin əvəzi olaraq 18700 manat pulun, həmçinin ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun və 300 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının, ümumilikdə 1318,95 ABŞ dollarının və 23471 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2024cü il tarixli, AZ 355/0601 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı cavabdehə bir neçə invoys üzrə malların daşınmasını sifariş vermişdir. Müqavilənin 2.2.6-cı bəndinə əsasən, yük Cavabdehə təhvil verildikdən sonra 20-25 gün müddətində təyinat yerinə çatdırılmalı idi. Müqavilənin 4.2.3-cü bəndinə əsasən, daşıyıcı hazırki müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 0.5 % məbləğində dəbbə pulu ödəyəcəkdir. İddiaçı tərəfindən verilmiş sifarişlərə uyğun olaraq 2024-cü ilin iyul ayında təqdim edilən invoyslarda göstərilən mallar elə həmin tarixdə cavabdeh tərəfindən təhvil alınmış, xx.xx.2024-cü il tarixli, EAZ**********001 nömrəli (528.75 ABŞ dolları) və xx.xx.2024-cü il tarixli, EAZ**********001 nömrəli (790.20 ABŞ dolları) invoyslar üzrə mallar ümumiyyətlə çatdırılmamış, xx.xx.2024-cü il tarixli, EAZ**********001-2 nömrəli (43 kubluq yük, 34,699.26 ABŞ dolları dəyərində) invoys üzrə mallar xx.xx.2024-cü il tarixdə təhvil alınmış, xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Gecikməyə görə hesablanmış dəbbə pulu 1,500.00 manat təşkil edir. xx.xx.2024-cü il tarixli (18 kubluq yük, 14,662.43 ABŞ dolları dəyərində) invoys üzrə mallar xx.xx.2024-cü il tarixdə təhvil alınmış, xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Gecikməyə görə hesablanmış dəbbə pulu 2,000.00 manat təşkil edir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (sifariçi) və cavabdeh (icraçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Yüklərin daşınması xidməti üzrə” müqavilənin 1.1-ci bəndinə görə müqavilə sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyat vasitəsilə beynəlxalq yükdaşınmasının həyata keçirilməsi ilə bağlıdır.
9. Müqavilənin 3.1-ci bəndinə görə sifarişçi bu müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən qiymətlərin razılaşdırılması protokoluna uyğun olaraq daşıyıcıya ödəyir. Müəyyən marşrut üzrə hər bir tarif əlavə razılaşmada/sifariş ərizəsində razılaşdırılır və onun yerinə yetirilmə müddəti ərzində qüvvədə olur. Bütün tariflər ƏDV-sizdir.
10. Müqavilənin 2.1.9-cu bəndinə görə yük tam gömrük rəsmləşdirilməsi başa çatdığı andan sonrakı 30 (otuz) gün ərzində daşıyıcının istifadəsində olan gömrük anbarlarından çıxarılmadığı halda, daşıyıcı həmin yükü satışa çıxartmaq və satışdan əldə olunan vəsait hesabına çəkilmiş xərcləri ödəmək, qalıq qalan məbləği sifarişçiyə qaytarmaq hüquqlarını əldə edir.
11. Müqavilənin 2.2.6-cı bəndinə əsasən, yükün Çin Xalq Respublikasından çıxdığı andan, 20-25 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyidir.
12. Müqavilənin 2.4.9-cu bəndinə görə sifarişçi hazırkı müqavilənin 2.4.1-ci bəndində qeyd olunan sənədlərin əksik sayı və ya müşayiətedici sənədlərdə (invoys, pəkinq list, eksport deklarasiya, və s.) yanlış məlumatların göstərilməsi ilə bağlı daşınma prosesi zamanı yaranan bütün mübahisələri yük göndərən, yükalan və yük tranziti ölkələrinin sərhəd və gömrük orqanları ilə öz gücünə və öz vəsaiti hesabına həll etməyə borcludur. Yükün daşıyıcının istifadəsində olan gömrük anbarlarında, yuxarıda göstərilən səbəbdən 78 saatdan çox müddətə saxlanması normadan artıq saxlanmaya bərabər tutulur və bu müqavilənin 2.4.4-cü bəndinə uyğun ödənişlər daşıyıcıya ödənilir.
13. Müqavilənin 2.4.10-cu bəndinə görə yükün tam gömrük rəsmləşdirilməsi və daşıyıcının istifadəsində olan gömrük anbarlarından çıxarılması üçün 72 saat ödənişsiz gözləmə vaxtı təyin edilir. Yükün daşıyıcının istifadəsində olan gömrük anbarlarında müəyyən edilmiş müddətdən artıq saxlanması Tərəflər tərəfindən günlərlə hesablanır, bu zaman natamam gün tam gün hesab olunur. Sifarişçinin, habelə sifarişçinin öz şəxsi məsuliyyəti kimi cavabdeh olduğu üçüncü şəxslərin (yükgöndərənlər, yük alanlar) hərəkətlərinə görə, o cümlədən müşayiətedici sənədlərdə (invoys, pəkinq-list, eksport deklarasiya, və s. ) yanlış məlumatların göstərilməsi ilə bağlı yükün, daşıyıcının istifadəsində olan gömrük anbarlarında 72 saatdan artıq saxlanmasına görə, sifarişçi, saxlanılan yükün hər kubu ücün 25 (iyirmi beş) manat məbləğində əlavə xidmət haqqı ödəyir. Habelə yükün, daşıyıcının istifadəsində olan gömrük anbarlarında normadan artıq saxlanması ilə əlaqədar daşıyıcının çəkmiş olduğu digər xərclərinin ödənilməsi təmin edir.
14. Müqavilənin 4.2.3-cü bəndinə görə daşıyıcı hazırkı müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artiq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) ücün razılaşdırılmış məbləğin 0,5 % məbləğində dəbbə pulu ödəyəcəkdir.
15. Hyundai Truck & Bus (China) Co, LTD tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 14662,43 ABŞ dolları məbləğində invoys təqdim olunmuşdur.
16. X1 Limited tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 528,75 ABŞ dolları məbləğində, xx.xx.2024-cü il tarixli 34699,26 ABŞ dolları məbləğində və xx.xx.2024-cü il tarixli 43404 ABŞ dolları məbləğində, xx.xx.2024-cü il tarixli 790,20 ABŞ dolları məbləğində invoyslar təqdim olunmuşdur.
17. "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 01 nömrəli 18700 manat məbləğində hesab faktura təqdim olunmuşdur.
18. 29.10.2024-cü il tarixli qiymət razılaşma protokoluna görə iş üzrə cəmi məbləğ 18700 manat təşkil edir.
19. 01.11.2024-cü il tarixli ödəniş tapşırığına görə iddiaçı tərəfindən "xxxx" MMC-yə 18700 manat məbləğində ödəniş edilmişdir.
20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Belə ki, hazırkı iddia bir neçə hissədən ibarətdir: 1. Çatdırılmamış malların dəyəri olan 1318,95 ABŞ dolları zərərin tutulması; 2. 3500 manat dəbbə pulunun tutulması; 3. sınıq təhvil verilmiş mallara görə dəymiş 805 manat zərərin tutulması; 4. 18700 manat zərərin ödənilməsi.
22. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır.
23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli yük daşınması müqaviləsi bağlanmış, iddiaçı ona məxsus olan ümumi dəyəri 1318,95 ABŞ dolları təşkil edən malların Çindən Azərbaycana daşınmasını sifariş vermiş, həmin mallar yük göndərən tərəfindən daşıyıcı olan cavabdehə xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə təhvil verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə həmin malların çatdırılmasını və iddiaçıya təhvil verilməsini təsdiq edə biləcək hər hansı sübut təqdim edilməmişdir. Hazırda iddiaçı malların dəyərini təşkil edən 1318,95 ABŞ dolları vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
26. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.
28. Məhkəmə iddianı 3500 manat dəbbə pulunun tutulması hissəsində də əsaslı hesab edir.
29. Belə ki, materiallardan görünür ki, xx.xx.2024-cü il tarixli yük daşınması müqaviləsi üzrə cavabdeh tərəfindən daşınması həyata keçirilmiş mallar həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən, yükün Çin Xalq Respublikasından çıxdığı andan, 20-25 gün müddətində təyinat yerinə çatdırılmalı olduğu halda, öhdəlik lazımınca icra edilməmiş, yüklər razılaşdırılmış müddət ərzində təhvil verilməli olduğu halda, gecikməyə yol verilməklə iddiaçıya təhvil verilmişdir.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 4.2.3-cü bəndinə əsasən hesablanmış 3500 manat cərimə pulunun cavabdehdən tutulmasını tələb etməklə haqlıdır.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir.
33. İddiaçının üçüncü tələbi sınıq təhvil verilmiş malların dəyəri olan 805 manat pulun cavabdehdən tutulması ilə bağlıdır.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Həmin Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.
37. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
38. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
39. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
40. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
41. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
42. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
45. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
46. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
47. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
48. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
49. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
50. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilsə belə, cavabdehdən tutulması tələb edilən 805 manat zərər 3500 manat dəbbə pulu ilə əhatə edildiyi üçün həmin zərər ayrıca olaraq cavabdehdən tutula bilməz.
51. Mülki Məcəllənin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.
52. Məhkəmə iddia ərizəsini sonuncu, çəkilmiş əlavə xərclərin əvəzi qismində 18700 manat pulun tutulması hissəsində də əsassız hesab edir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.
54. Göründüyü kimi, cavabdehə daşınması üçün təhvil verilmiş malın çatdırılmasının gecikdirilməsi müəyyən edildikdən sonra da sifarişçi olan iddiaçı daşımadan imtina etməmiş, cavabdeh öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmiş, mallar iddiaçı tərəfindən təhvil alınmışdır.
55. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən daşınması həyata keçirilmiş malların yenidən daşınması ilə bağlı iddiaçının çəkdiyi 18700 manat xərc cavabdehdən tələb edilə bilməz.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi müəyyən edir.
57. Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün:
58. 1. zərərin özünün mövcudluğu;
59. 2. zərər vuranın təqsirli və hüquqa zidd əməli;
60. 3. əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
61. İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır.
62. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1318,95 ABŞ dolları məbləğində pul və 3500 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
64. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı çəkilmiş 300 manat xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
65. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosuna 300 manat məbləğində ödəniş edilmişdir.
66. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
67. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 66 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1318,95 ABŞ dolları zərər, 3500 manat dəbbə pulu, 300 manat hüquqi yardıma görə xərc, 100 manat dövlət rüsumu, ümumilikdə 1318,95 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 3900 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova