Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2366/2021 18.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən borc 16.617,76 AZN (on altı min altı yüz on yeddi manat yetmiş altı qəpik) pul mə bləğini, ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 16.647,76 AZN (on altı min altı yüz qırx yeddi manat yetmiş altı qəpik) həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01.01.2018-ci ildən müqavilə əsasında malların alqı-satqısı həyata keçirilir. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən və üzləşdirmə aktından aydın olur ki, 114.919,73 AZN (ƏDV daxil) (yüz on dörd min doqquz yüz on doqquz manat yetmiş üç qəpik) məbləğində mal Satıcı tərəfindən Alıcıya satılmışdır. Alıcı Satıcıya 98.301,97 AZN (ƏDV daxil) (doxsan səkkiz min üç yüz bir manat doxsan yeddi qəpik) məbləği, həqiqətən də, ödəmişdir. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 114.919,73 AZN (yüz on dörd min doqquz yüz on doqquz manat yetmiş üç qəpik) məbləğindən Cavabdeh MMC tərəfindən 98.301,97 AZN (doxsan səkkiz min üç yüz bir manat doxsan yeddi qəpik) məbləğində ödəniş edilmişdir, 16.617,76 AZN (ƏDV daxil) (on altı min altı yüz on yeddi manat yetmiş altı qəpik) məbləğində qalıq məbləğ isə bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. 02 aprel 2021-ci il tarixində, 158 saylı məktubla müqavilə üzrə 16.617,76 AZN (on altı min altı yüz on yeddi manat yetmiş altı qəpik) məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair Cavabdeh MMC-ə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə bizim tərəfimizdən məhkəməyə müraciət ediləcəkdir. Məktub 1 aya yaxındır ki, cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında bağlanmış 02.04.2018-ci il tarixli 810/18M saylı alqı-satqı müqaviləsinə əsasən "Satıcı" "Alıcı"ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X1"nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında "Mal" adlandırılacaq) satır, "Alıcı" isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini "Satıciya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X1"nda öz əksini tapmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X2" ilə müəyyən edilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Malın "X2"nda göstərilən qiymətinin dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və bu müqavilənin 2.3-cü bəndinə uyğun surətdə yol verilir. Belə razılaşma tərəflər arasında bu barədə yazılı əlavə razılaşmanın imzalanması ilə etibarlıdır. Həmin Müqavilənin 3.4.3-cü bəndinə əsasən Alıcı malı almamışdan və qəbul etməmişdən əvvəl onun keyfiyyət, kəmiyyət və digər göstəriciləri ilə tanış olmalı, alacağı malı yoxlamalıdır. Malın yoxlanılması zamanı aşkar olunan keyfiyyət, miqdar, çeşid, əksiklik və çatışmamazlıqları və digər qüsurları aktlaşdıraraq bu barədə dərhal Satıcıya xəbər verməlidir. Belə bir akt olmazsa mal Alıcı tərəfindən bəyənilmiş, keyfiyyətə uyğun hesab edilmiş sayılır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Mal Alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığl ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri Əlavə N° 1-də göstərilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. İş materiallarına əlavə edilmiş 02.04.2018-ci il tarixdən 13.12.2018-ci il tarixədək olan satış fakturalarından görünür ki, iddiaçı tərəfindən cavabdehdə ümumi dəyəri ƏDV daxil 164819.36 manat dəyərində mallar satılmışdır. İş materiallarına əlavə edilmiş Borclar Üzrə hesabatdan görünür ki, Cavabdeh MMCnin iddiaçıya 16617.76 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 01.04.2021-ci il tarixli 158 nömrəli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən alınmış malların dəyərinin 10 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli 9/5365 saylı ekspert rəyində qeyd olunur ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan üzləşdirmə aktlarında göstərilənlər nəzərə alındığı təqdirdə təqdim edilmiş iş materiallarına əsasən Cavabdeh MMC-nin borcu 16617.76 manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 02.04.2018-ci il tarixində 810/18M saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüququi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş çeşiddə malları təhvil-qəbul aktları əsasında cavabdehə təhvil vermişdir. Lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş nəticədə iddiaçıya 16617.76 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya sözügedən müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən, tərəflər arasında yaranmış qarşılıqlı öhdəliklər 02.04.2018-ci il tarixli 810/18M saylı alqı-satqı müqaviləsi ilə razşılaşdırılmışdır. Qeyd olunan müqavilə üzrə tərəflərin öhdəlikləri tam olaraq müəyyən edilmişdir. Bu halda iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi qanunauyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə satılmış malların dəyəri ilə tənzimlənir. Qeyd olunan malların təqdim edilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktı ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda Cavabdeh MMC-nin iddiaçıya 16617.76 manat borcunun olması ekspert rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh MMC tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdeh Cavabdeh MMC-dən 16617.76 (on altı min altı yüz on yeddi manat yetmiş altı qəpik) manat borc məbləği ödənilmiş dövlət rüsumu 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 16.617,76 (on altı min altı yüz on yeddi manat yetmiş altı qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2366/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2366/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver