Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2368/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Azru Mahir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «yükdaşıma üzrə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “yükdaşıma üzrə yaranmış borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə göstərdiyi yükdaşıma xidmətlərinə görə yaranmış 10.244 (on min iki yüz qırx dörd) manat məbləğində əsas borcun, əsas borcu gecikdirdiyinə görə hesablanmış 12.839 manat dəbbə (penya) pulunun, məhkəmə üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilkdə 23.113 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında yükdaşıma xidmətlərinin göstərilməsinə dair 16.04.2020-cü il tarixli, AT-YD 25/20 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehin verdiyi sifarişlər iddiaçı tərəfindən tam icra olunaraq ona kompleks yükdaşıma və evakuasiya xidmətləri göstərilmişdir. Həmçinin, göstərilmiş xidmətlər cavabdeh tərəfindən tam qəbul edilmiş və vaxtaşırı olaraq yeni sifarişlər vermişdir. Bununla bağlı, icra olunmuş xidmətlərin tam qəbul edilməsi barədə cavabdehlə arada üzləşmə aktları tərtib edilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin, bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq göstərdiyi xidmətlərin haqqı cavabdeh tərəfindən müxtəlif bəhanələrlə yubadılaraq vaxtında odənilməmiş və buna görə də cavabdehin hal-hazırda bizə 10.244 (on min iki yüz qırx dörd) manat dəyərində əsas borcu yaranmışdır. Bununla bağlı, dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, eləcə də qəbul etdiyi xitmətlərin haqqını vaxtında və könüllü ödəməmişdir. Bundan əlavə, bütün tələb və xəbərdarlıqlardan müxtəlif bəhanələrlə yayınan cavadeh həmin borc məbləğini ödəməkdən yayındığına görə müqavilənin şərtlərinə uyğun olaraq gecikdirilmiş əsas borc məbləğinin üzərinə hər gün üçün 1% olmaqla, 12.839 manat dəbbə pulu (penya) hesablanmışdır. Qeyd edirik ki, hazırki məsələnin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün yaranmış borcun könüllü şəkildə tam ödənilməsi barədə cavabdehə müxtəlif tarixli Pretenziya məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin, məsələnin məhkəmədən kənar nizama salınması üçün görülmüş addımlar da, nəticəsiz qalmış və yaranmış borc məblği cavabdeh tərəfindən könüllü şəkildə ödənilməmişdir. Bununla da, cavabdeh maliyə durumunu pisləşdirməklə bərabər, Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmyaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında yükdaşıma xidmətlərinin göstərilməsinə dair 16.04.2020-cü il tarixli, AT-YD 25/20 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı tərəf yükdaşıma və evakuasiya xidmətləri göstərmişdir. Düzdür iddiaçı geyd etdiyi kimi əlavə işlər də tərəfimizdən sifarış olunmuşdur, lakin həmin işlər sona qədər tam surətdə yerinə yetirilmədiyindən, nöqsanlı olduğuna görə Bakı Taksi Xidməti tərəfindən cavabdehə ödənilməli pul vəsaitləri gecikdirilmişdir və sona çatdırılmamışdır. Bu səbəblərdən və debutorlardan borc vəsaitlərini yığılması mümkün olmadığından iddiaçı tərəfin pulları gecikdirilmişdir. İddiaçı tərəfindən qeyd edilən vəsaitin müəssisədən tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, müəssisə tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilməsi üçün səy göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən işlərin gecikdirilməsi cavabdehin öhdəlikləri olduğu şirkətlərlə ödəniş problemlərinin yaranmasına səbəb olmuşdur, bu formada çətinliklər yaranmışdır ki, müəssisəyə borclu olduqları pul vəsaitləri bu günə qədər digər şirkətlər tərəfindən ödənilməmişdir. Bundan əlavə, müvafiq icra hakimiyyətinin qərarı ilə qeyd edilən dövrdə ölkədə karantin rejimi elan edilmiş, bu da zəruri işlərin həyata keçirilməsi üçün bir çox dövlət orqanlarının və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətində durğunluğa səbəb olmuş, subpodrat müqaviləsi bağlayaraq həmin işlərin həyata keçirilməsini çətinləşdirmiş və müəssisənin fəaliyyətinə ciddi təsir edərək iş və xidmətlərin müəssisənin təqsiri olmadan yerinə yetilməsinə mane olmuşdur. Qeyd edilənlərə əsasən də, müqavilədən irəli gələn öhdəliklərin vaxtında icra edilməməsi həm icraçının subyektiv səbəblərə görə əməkdaşların sahəyə buraxılmaması, həm də bu işlərin həyata keçirilməsi ölkədə elan edilmiş karantin dövründə baş verdiyindən müəssisənin hər hansı təqsiri olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcraçı İddiaçı MMC ilə Sifarişçi Cavabdeh MMC arasında imzalanmış 16.04.2020-cü il tarixli, AT-YD 25/20 saylı tərəflər arasında yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, bir tərəfdən gələcəkdə "Sifarişçi" adlandırılacaq "xxxx" MMC-nin X1 şəxsində, digər tərəfdən gələcəkdə "İcraçı" adlanacaq, "X4 Management Services" MMC-ni təmsil edən Rəşad Mustafayev, arasında aşağıda göstərilən şərtlərlə Bakı şəhərində Müqavilə imzalamışlar. Həmin Müqavilənin 1-ci bəndinə əsasən icraçı Sifarişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq). Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on (10) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı hu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü Sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur. Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu Müqavilə bağlanarkən təsdiq olunur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən icraçı sifarişi qəbul etdikdən sonra daşıma obyekti Bakı və Sumqayıt şəhərləri ərazisində olduqda 6 saat ərzində, respublikanın digər bölgələrində olduqda isə 24 saat ərzində daşımanı həyata keçirməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən göstərilmiş xidmətlər (görülmüş işlər) Tərəflərin imza və möhürləri ilə təsdiq edilən Təhvil və Üzləşmə Aktları ilə təsdiq edilir. Təhvil və Üzləşmə Aktları ilə təsdiq edilmiş xidmət haqqını 10 (on) bank günü ərzində Sifarişçi tərəfindən İcraçıya nəğd ödəmə və ya köçürmə yolu ilə ödənilir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi Təhvil və Üzləşmə Aktını aldığı tarixdən etibarən 3 (üç) iş günü müddətinə onun imza və möhürlə təsdiq edilməsini və ya göstərilmiş iş və xidmətləri qəbul etmədikdə, əsaslandırılmış imtina cavabı (məktubu) ilə İcraçının faktiki ün\anına sifarişli məktubla çatdırılmasını təmin etməlidir. Həmin Müqavilənin 4.5-ci bənidnə əsasən Sifarişçi Təhvil və Üzləşmə Aktını aldığı tarixdən etibarən 3 (üç) iş günü müddətində təsdiq etmədikdə və ya əsaslı imtina cavabı təqdim etmədikdə. Göstərilmiş iş və xidmətlər Sifarişçi tərəfindən təhvil alınmış. Təhvil və Üzləşmə Aktı isə qəbul edilmiş hesab olunur. İş materiallarına əlavə edilmiş 02.11.2020-ci il tarixli 0653/10/1 nömrəli “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” aktdan görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 3210 manat dəyərində xidmətlərin göstərilməsi qeyd olunaraq “Təhvil Aldım qrafası Cavabdeh MMC tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 01.12.2020-ci il tarixli 0653/11/1 nömrəli “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” aktdan görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 1951 manat dəyərində xidmətlərin göstərilməsi qeyd olunaraq “Təhvil Aldım qrafası Cavabdeh MMC tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 01.02.2021-ci il tarixli 0653/01/1 nömrəli “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” aktdan görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 1922 manat dəyərində xidmətlərin göstərilməsi qeyd olunaraq “Təhvil Aldım qrafası Cavabdeh MMC tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 05.01.2021-ci il tarixli 0653/12/1 nömrəli “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” aktdan görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 2271 manat dəyərində xidmətlərin göstərilməsi qeyd olunsa da “Təhvil Aldım qrafası Cavabdeh MMC tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş 23.02.2021-ci il tarixli 0653/02/1 nömrəli “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” aktdan görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 1233 manat dəyərində xidmətlərin göstərilməsi qeyd olunsa da “Təhvil Aldım qrafası Cavabdeh MMC tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli 12-04/21AzLms nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə əsasında göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi dair Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliklərin 3 gün müddətində yetirilməsini təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 16.04.2020-cü il tarixli, AT-YD 25/20 saylı xidməti müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən icraçı Sifarişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi (bundan sonra «xidmət» adlandırılacaq), Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini iddia edərək cavabdehdən 10244 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə İcraçı əşyanı Sifarişçinın mülkiyyətinə verməyi, Sifarişçi isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xidməti müqavilə qüvvədə olan qanunvericlik normalarının tələblərinə uyğun olaraq bağlanmışdır. Belə olan halda qeyd olunan müqavilə ilə müəyyən olunmuş tərəflərin hərbinin öhdəliklərinin icrası dair yaranmış mübahisələrin həlli üzrə razılaşdırılmış müddəların tətbiqi qanunauyğundur. Göründüyü kimi hazırda tərəflər arasında mübahisə icraçı tərəfindən göstərilmiş xidmətlərin dəyərinin şifarişçi tərəfindən vaxtında ödənilməməsi səbəbindən yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq təqdim edilmiş “Göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” 02.11.2020-ci il tarixli 0653/10/1 nömrəli, 01.12.2020ci il tarixli 0653/11/1 nömrəli, 01.02.2021-ci il tarixli 0653/01/1 nömrəli aktlara münasibətdə qeyd edir ki, qeyd olunan aktlar hər iki tərəfin nümayəndəsi tərəfindən təsdiq edildiyindən iddiaçı həmin aktlar üzrə göstərilmiş xidmətlərin dəyərini tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 02.11.2020-ci il tarixli 0653/10/1 nömrəli akt üzrə 3210 manat, 01.12.2020-ci il tarixli 0653/11/1 nömrəli akt üzrə 1951 manat və 01.02.2021ci il tarixli 0653/01/1 nömrəli akt üzrə 1922 manat olmaqla cəmi 7083 manat göstərilmiş xidmət dəyəri, cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü Sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur. Sifarişçinin və İcraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu Müqavilə bağlanarkən təsdiq olunur. Odur ki, iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlar, cavabdeh tərəfindən təsdiq edildikdən sonra aktlar üzrə göstərilmiş xidmətlər göstərilmiş hesab olunur. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Göstərilmiş Xidmətlərin təhvil verilməsi haqqında” 05.01.2021-ci il tarixli 0653/12/1 nömrəli və 23.02.2021-ci il tarixli 0653/02/1 nömrəli sifarişçi tərəfindən təsdiq edilməmiş aktlara münasibət məhkəmə qeyd edir ki, həmin aktlar iddia tələbinin əsası təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi Təhvil və Üzləşmə Aktını aldığı tarixdən etibarən 3 (üç) iş günü müddətinə onun imza və möhürlə təsdiq edilməsini və ya göstərilmiş iş və xidmətləri qəbul etmədikdə, əsaslandırılmış imtina cavabı (məktubu) ilə İcraçının faktiki ünvanına sifarişli məktubla çatdırılmasını təmin etməlidir. Həmin müqavilənin bənidnə əsasən Sifarişçi Təhvil və Üzləşmə Aktını aldığı tarixdən etibarən 3 (üç) iş günü müddətində təsdiq etmədikdə və ya əsaslı imtina cavabı təqdim etmədikdə. Göstərilmiş iş və xidmətlər Sifarişçi tərəfindən təhvil alınmış. Təhvil və Üzləşmə Aktı isə qəbul edilmiş hesab olunur. Müqavilənin yuxarıda qeyd olunan bəndlərinə uyğun olaraq tərəflərin hərəkət ardıcıllığı icracı tərəfindən sifarişçinin verdiyi sifarişlər üzrə xidmətləri göstərdikdən sonra müqavilə ilə nəzərdə tutulmuş aktı tərtib edərək sifarişçiyə göndərmək və bundan sonra sifarişçi tərəfindən həmin akların müvafiq formada təsdiqini 3 iş günü müddətini gözləməklə, təsdiq edilmiş akt üzrə müvafiq ödənişləri qəbul etməkdən ibarətdir. Digər tərəfdən qeyd olunan müddət ərzində sifarişçiyə göndərilmiş sözügedən aktların təsdiq olunmaması və ya təsdiq edilməsində imtina etdikdə icraçıya müvafiq əsaslar göstərməklə cavab verilməsi nəzərdə tutulmuşdur. Sözügedən hərəkətlər müqavilənin 4.5-ci bəndində göstərilmiş sifarişçi təqdim edilmiş aktları aldığı tarixdən 3 iş günü müddətində təmin edilmədiyində həmin aktlar üzrə ödənişlər sifarişçi tərəfindən icraçıya ödənilməlidir. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir:- subyekt tərkibindən;- məzmundan;- formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Belə olan halda müqavilənin 4.5-ci bəndi üzrə razılaşdırılmış tələbin tətbiq edilməsi üçün ilk növbədə icraçı tərəfindən həmin aktların sifarişçiyə çatdırılması barədə sübutlar təqdim edilməsi zəruridir. Qeyd olunan halları təsdiq edən sübutlar həm məhkəmə araşdırması zamanı, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə ki, tərəflər arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə hər iki tərəfin hüquq və vəzifələrinin müəyyən edən təminatçı sazişdir. Yəni icraçı tərəfin tələb etmə hüququ sifarişçi tərəfin öhdəliyini yerinə yetirməməsindən sonra başlayır. Hazırki iş üzrə məhkəmə tərəflər arasında yaranan münasibətləri tənzim edən müqavilənin bəndlərinə icraçı tərəfindən əməl edildiyi təqdirdə bu sübutların təbii formada yaranması halını nəzərə alaraq həmin sübutların olmamasını konkret müvafiq öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməməsi kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin 12.839 manat dəbbə borcunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 12.839 manat dəbbə borcunun 1283,9 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan Cavabdeh MMC-dən 7083 manat məbləğində əsas borc, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1283,9 manat dəbbə (penya) pulu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 8396,9 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalı iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 7083 (yeddi min səksən üç) manat məbləğində əsas borc, əsas borcu gecikdirdiyinə görə hesablanmış 1283,9 (min iki yüz səksən üç manat doxsan qəpik) manat dəbbə (penya) pulu, məhkəmə üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilkdə 8396,9 (səkkiz min üç yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində pul iddiaçı «X4 Management» MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2368/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2368/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver