Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2369/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3434 manat borc pul məbləğini, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 3464 manat həcmində məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 30.03.2017-ci ildən müqavilə əsasında malların alqı-satqısı həyata keçirilir. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən və üzləşdirmə aktından aydın olur ki, 16626,32 manat (ƏDV daxil) məbləğində mal Satıcı tərəfindən Alıcıya satılmışdır. Alıcı Satıcıya 13100,84 manat (ƏDV daxil) məbləği, həqiqətən də, ödəmişdir. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 16626,32 manat məbləğindən Cavabdeh MMC tərəfindən 13100,84 manat məbləğində ödəniş edilmişdir, əvvəlki illərdən qalma 91,48 manat qalıq məbləğini də borc məbləğindən çıxsaq, cəmi 3434 manat (ƏDV daxil) məbləğində qalıq borc məbləği bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. 02 aprel 2021-ci il tarixində, 157 saylı məktubla müqavilə üzrə 3434 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair Cavabdeh MMC-ə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəkdir. Məktub 1 aya yaxındır ki, cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh qanunla müəyyən edilmiş müddətdə yəni, bildirişi rəsmi qaydada aldığı (cavabdeh bildirişi 08.05.2021-ci il tarixində almışdır) gündən 10 iş günü müddətində (27.05.2021-ci il tarixədək) deyil, iddiaya qarşı əsaslandırılmış etirazını 04.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir (e-məhkəmə sistemi vasitəsilə daxil olmuşdur). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC tərəfindən elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 16626,32 (ƏDV daxil) manat məbləğində mallar satılmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 16626,32 (ƏDV daxil) manat məbləğində mallar satılmış və bu haqda elektron qaimələr tərtib edilmiş və cavabdehin buna etiraz olmamış, hətta borcun çox hissəsi ödənilsə də, ƏDV daxil 3434 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 3434 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3464 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3434 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3464 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2369/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2369/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver