Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-237/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı sığorta ödənişinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığortaçı Cavabdeh Sığorta şirkəti ASC ilə sığortalı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış sığorta şəhadətnaməsinə əsasən yaranmış sığorta ödənişi olan 10444,78 manat məbləğin, vəkilin göstərdiyi hüquqi yardım üçün 900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, təsisçi "xxxx" MMC (Moldova Respublikası) olmaqla "xxxx" MMC-nin Azərbycan Respublikasındakı Filialı 27.09.2018-ci il tarixdə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmışdır və hazıradək sahibkarlıq fəaliyyətini həyata keçirir. "xxxx" MMC ilə aralarında bağlanmış icarə sazişi əsasında mağaza “JYSK” adı ilə “Metropark” Ticarət və əyləncə mərkəzində fəaliyyət göstərir. "xxxx" MMC-nin Azərbycan Respublikasındakı Filialı ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında 06.05.2019-cu il tarixdə FİC-1910086 saylı daşınar əmlak sığortası şəhadətnaməsi bağlanmışdır. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət 07.05.2019-cu il tarixdən 06.05.2020-ci il tarixədək olmuşdur. Sığorta predmeti “Metropark” Ticarət və əyləncə mərkəzində yerləşən mağazada olan daşınar əmlak (mebel) olmuş, sığorta məbləği 350000 manat təşkil etmişdir. 27 iyul 2019-cu il tarixdə "xxxx"ndə yanğın hadisəsi baş vermiş, nəticədə mağazada olan sığortalanmış daşınar əmlaka ziyan dəymişdir. Həmin əmlak istifadəyə yararsız hala düşərək tam olaraq sıradan çıxmışdır. Ziyan dəymiş əmlakın maya dəyəri 10444,78 manat təşkil edir. Cavabdehin əməkdaşları yanğın hadisəsi günü çağırışa əsasən mağazaya gəlmiş, ziyan dəymiş əmlaka baxış keçirdikdən sonra video və foto çəkiliş aparmışlar və ziyan dəyən əmlakın siyahısını tərtib etmişdirlər. Lakin, iddiaçıya heç bir sənəd, akt təqdim edilməmişdir. Ziyan dəymiş əmlak haqqında "xxxx" MMC-nin rəhbərliyinə də xəbər verilmişdir və məsul şəxslərə həmin əmlak göstərilmişdir. Ziyan dəymiş əmlak hadisədən hal – hazıradək mağazada olduğu yerdən götürülməmişdir. Yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsində araşdırma aparılaraq müəyyən olunmuşdur ki, yanğına səbəb elektrik qurğularında yaranmış qəza halı olmuşdur və 29.11.2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Dəfələrlə cavabdehə sığorta ödənişinin ödənilməsinə dair müraciət edilsə də süründürməçilik edilmişdir. Buna görə də 17.03.2020-ci il tarixdə pretenziya qaydasında müraciət edilmiş, lakin cavabdeh 04.05.2020-ci il tarixli cavab məktubu ilə sığorta ödənişinin ödənilməsindən imtina edərək səbəb kimi “FHN 29.11.2020 tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarda, "xxxx" MMC-nin direktoru izahatında yalnız tikinti üzrə ziyan dəydiyini və əmtəə üzrə heç bir ziyan dəymədiyini” bildirdiyi gösətərmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh dəyən ziyan haqqında açıq - aşkar bildiyi halda üçüncü şəxsin verdiyi səhv məlumatı bəhanə gətirərək aralarında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, "xxxx" MMC 07 may 2019-cu il tarixində əmlak sığortası və daşınar və ya daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyət sığortası növü üzrə Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalanmışdır. "xxxx" MMC Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edərək, "xxxx" MMC-də 27 iyul 2019-cu il tarixində yanğın hadisəsinin baş verməsi nəticəsində mallara dəymiş zərərə görə sığorta ödənişi verilməsini xahiş etmişdir. “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarının 28.6-cı maddəsinə əsasən, Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini sığortalı daşıyır. Qaydalara əsasən hadisənin baş verməsini sübut etmək vəzifəsi sığortalının üzərinə qoyulsa da, Cavabdeh Sığorta Şirkəti ASC hadisəni araşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinə yazılı müraciət edərək, "xxxx" MMC-də baş verən yanğınla “JYSK” mağazasına dəyən ziyan arasında səbəbli əlaqənin olubolmaması barədə məlumat verməyini xahiş etmişdir. İş materiallarına əsasən 26 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi Cavabdeh Sığorta Şirkəti ASC-nin sorğusuna cavab olaraq, 27 iyul 2019-cu il tarixində "xxxx" MMCdə baş verən yanğın hadisəsi nəticəsində yalnız tikinti üzrə ziyan dəydiyini əmtəə üzrə heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Bundan əlavə, 29 noyabr 2019-cu il tarixli cinayət işinin rədd edilməsi haqqında Qərarda yanğına səbəb şaxtadan keçən elektrik naqillərində qısaqapanmanın yaranması olduğu, yanğın nəticəsində yalnız tikinti üzrə ziyan dəydiyi, əmtəə üzrə ziyanın dəyməməsi və maddi ziyanla əlaqədar heç bir şikayət və tələbin olmadığı bildirilmişdir. “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarının 28.3-cü maddəsinə əsasən, Sığortalı sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları Sığortaçıya təqdim etməlidir. Həmin Qaydaların 42.16-cı maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi faktı səlahiyyətli orqan tərəfindən təsdiq edilmədikdə sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaradır. Belə ki, sığortalı öz vəzifələrini yerinə yetirə bilmədiyindən və iş materiallarından yanğın nəticəsində “JYSK” mağazasına və onun anbarına subasma nəticəsində ziyan dəydiyini təsdiq edən hər hansı rəsmi sənəd mövcud olmadığı üçün Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin verilməsindən imtina etmişdir. Həmçinin, əmlak sığortası şəhadətnaməsinə əsasən 750000 manat dəyərində əmlak sığorta olunmuş, şərti azadolma məbləği isə sığorta məbləğinin 1%-i həddində - 7500 manat müəyyən edilmişdir. Lakin zərərin məbləği 6500 manat təşkil etdiyindən həmin məbləğin sığorta şirkətinə aidiyyatı yoxdur. Sonda S.H.Mikayılov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - 06.05.2019-cu il tarixli FİC-1910086 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən sığortalı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı fililalı 750000 manat dəyərində əmlak sığortası etdirmiş və həmin sığorta üzrə şərti azadolma məbləği zəlzələ istisna olmaqla digər risklər üzrə cəmi sığorta məbləğinin 1%-i həddindən müəyyən edilmişdir. - Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 26.02.2020-ci il tarixli, 37/36-01301 saylı məktubunda "xxxx" MMC-də 27 iyul 2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində tikinti üzrə ziyan dəymiş, əmtəə üzrə heç bir maddi ziyan dəymədiyi və başqa heç bir şəxsə ziyan dəymədiyi göstərilmişdir. - "xxxx"xxxx"xxxx" ASC-yə ünvanladığı məktubda 27.07.2019-cu ildə səhər saatlarında Metropark tcarət və əyləncə məkəzində yanğın baş verdiyi və bu səbəbdən də mağazanı və anbarı su basdığı və bir çox mallar islanaraq satışa yararsız vəziyyətə gəldiyi və buna görə də dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin hallarından görünür ki, 06.05.2019-cu il tarixli FİC-1910086 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən sığortalı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı fililalı 750000 manat dəyərində əmlak sığortası etdirmiş və həmin sığorta üzrə şərti azadolma məbləği zəlzələ istisna olmaqla digər risklər üzrə cəmi sığorta məbləğinin 1%-i həddindən müəyyən edilmişdir. Hal-hazırda iddiaçı "xxxx" MMC-də 27 iyul 2019-cu il tarixində yanğın hadisəsinin baş verməsi nəticəsində mallara dəymiş zərərə görə cavabdeh tərəfdən sığorta ödənişi verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, e-2-2(113)-2634/2020 saylı qərardadına əsasən əmlaklara zərər vurulduğu təqdirdə zərərlə yanğın hadisəsi arasında səbəbli əlaqənin mövcud olub – olmaması və zərərin məbləğinin müəyyən olunması məqsədilə iş üzrə kompleks məhkəmə-tikinti-texniki və məhkəmə – əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 9/454 saylı rəyinə əsasən hər bir əşya üzrə onların ölçüsü, texniki göstəriciləri, miqdarı və istehsal edildiyi ölkə nəzərə alınaraq ekspertiza baxışına təqdim olunmuş əşyaların təmir-bərpasına çəkiləcək xərc təxminən 6500 manat müəyyən edilmişdir. İş üzrə yalnız əmtəəşünaslıq ekspertizasının rəyi təqdim olunnduğuna və məhkəmətikinti-texniki ekspertizası keçirilmədiyinə görə təkrar kompleks məhkəmə-tikinti-texniki və məhkəmə – əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2021-ci il tarixli, 10/3647-9/5051 saylı rəyində qeyd olunmuşdur ki, ekspertə təqdim edilmiş “Metropark” Ticarə və əyləncə mərkəzində yerləşən "xxxx" MMC-yə məxsus mağazada malların yığıldığı yerdə eləcə də zirzəmidə yerləşən anbarda yanğın izləri aşkar edilmədiyindən 2-ci sual üzrə tədqiqat aparılmamışdır. Hər bir əşya üzrə onların ölçüsü, texniki göstəriciləri, miqdarı və istehsal edildiyi ölkə nəzərə alınaraq ekspertiza baxışına təqdim olunmuş əşyaların təmir-bərpasına çəkiləcək xərc təxminən 6500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. - 898.3-cü maddəsinə əsasən şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. - 898.4-cü şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. 06 may 2019-cu il tarixli, FİC-1910086 saylı əmlak sığortası şəhadətnaməsinə əsasən sığortalı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı fililalı 750000 manat dəyərində əmlak sığortası etdirmiş və həmin sığorta üzrə şərti azadolma məbləği zəlzələ istisna olmaqla digər risklər üzrə cəmi sığorta məbləğinin 1%-i həddində, yəni, 7500 manat müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Ekspert rəyləri ilə müəyyən olunur ki, dəymiş zərərin məbləği 6500 manatdır, yəni, şərti azadolma məbləğindən azdır və buna görə də sığorta hadisəsi ilə zərər arasında səbəbli əlaqə mövcud olduğu halda belə sığorta şirkətinin məsuliyyəti yaranmır. Buna görə də məhkəmə iş üzrə digər xüsusatların araşdırılmasına və qiymət verilməsinə zərurət görmür və hesab edir ki, iddia rədd olunmalı, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə yanğın-texniki və əmtəəşunaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə iddiası rədd edilsin. Məhkəmə yanğın-texniki və əmtəəşunaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-237/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-237/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver